Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2492/2022 23.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Miralam oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxslər Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğvi, torpaq sahəsinin qeyri-qanuni sahiblikdən götürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxslər Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, 05 iyul 201*-ci il tarixli 4Ə-24* sayla qeydiyyata alınmış İddiaçı ilə (X2 etibarnamə əsasında) Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsi, 13 iyul 201*-cı il tarixdə Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız sayılaraq ləğv edilməsi və torpaq sahəsinin qeyri-qanuni sahibliyindən götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyinin Şüvəlan ərazisindəki 97* saylı bağ sahəsi 30 iyun 201*-ci il tarixli seriya RX № ******* saylı çıxarışa əsasən onun mülkiyyətinə verilmişdir. Sonradan onun xəbəri olmadan, cavabdehlərə etibarnamə vermədən, dələduzluq yolu ilə saxtakarlıq edərək ona məxsus torpaq sahəsini Cavabdeh1 adına bağışlama müqaviləsi bağlanmış və bunun əsasında da sonuncuya çıxarış verilmişdir. Bağışlama müqaviləsini qeydə almış 38 saylı notariat kontoruna müraciət edildikdə məlum oldu ki, 05 iyul 201*-ci il tarixdə bağlanmış bağışlama müqaviəsində göstərilən Cavabdeh2 adına guya onun tərəfindən verilmiş etibarnamə saxtadır və belə bir etibarnamə notariat ofisində qeydiyatdan keçməmiş və bu şəxsin adına verilməmişdir. Bağışlma müqaviləsinin mövcudluğu ilə əlaqədar 22 saylı notariat kontoruna müraciət etdikdə ona verilən cavabda 05 iyul 201*-ci ildə bu müqavilənin qeydiyyatı aparılmadığı müəyyən edilmişdir. Beləlkilə məlum oldu ki, cavabdehlər saxta sənədlər əsasında ona məxsus torpaq sahəsini öz adlarına rəsmiləşdirmişlər. Etibarnamələr saxta olduğu üçün onların etibarsızlığı ilə əlaqədar mübahisə qaldırmır. Bu səbəbdən də məhkəməyə bu bağışlama müqaviləsinin və Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız sayılaraq ləğv edilməsi və torpaq sahəsinin qeyri-qanuni sahibliyindən götürülərək ona qaytarılmasına dair qətnamə çıxarılması tələbi ilə müraciət etməli olmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhər 05.07.201*-cı il tarixli 4Ə-24* sayla qeydiyyata alınmış İddiaçı ilə (X5) Cavabdeh1 arasında bağlanılmış bağışlama müqaviləsi, 13 iyul 201*-cı il tarixdə Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız sayılaraq ləğv edilməsi və torpaq sahəsinin yenidən İddiaçı adına qaytarılması və qanunsuz sənədləşmə aparmış şəxslərin müəyyən edilməsi barədə xüsusi qərar çıxarılması və prokurorluğa göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Miralam oğlu iddia tələbini qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, Şüvəlan ərazisindəki 97* saylı bağ sahəsi Cavabdeh1 mülkiyyətindədir. Əmlak onun adına bağışlama müqaviləsi əsasında keçmişdir. İddiaçının tələbi əsassızdır. İş üzrə maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru ərizə ilə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, digər maraqlı şəxs gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 111*0415*4 qeydiyyat nömrəli 30.0*.201*-cı il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 97* nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatda olmuşdur. İş materiallarında olan 05.07.201*-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 97* nömrəli bağ sahəsini Cavabdeh1 Mirzə oğluna bağışlamışdır. Müqaviləni İddiaçı adından 28.0*.200*, Bakı 38 n/k, 7e-11797 etibarnamə ilə Cavabdeh2 imzalamışdır. Həmin müqavilənin Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 4Ə-24* nömrə ilə reyestrdə qeyd edildiyi göstərilir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 111*047444 qeydiyyat nömrəli 13.07.201*-cı il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 97* nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı nümayəndəsi X1 vasitəsilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 97* nömrəli bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. İdarənin arxiv məlumatlarına əsasən təqdim edilən 41* saylı müqavilə əsasında 97* saylı bağ sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və özgəninkiləşdirilmişdir. İş materiallarında olan Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 22 saylı notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 201*-cı ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərinin qeydə alındığı 4Ə indeksli reyestrlərə baxış keçirilərkən 05.07.201*-cı il tarixdə notariat hərəkətinin rəsmiləşdirilməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilir. Bakı şəhəri 22 saylı notariat ofisində 201*-cı ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi reyestrində 29.12.201*-cı il tarixdə rəsmiləşdirilmiş sonuncu müqaviləyə 128 nömrəsi verilmişdir. İş materiallarında olan Bakı şəhəri 38 saylı Xüsusi Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 38 saylı dövlət notariat ofisində 28.0*.200*-cı il tarixdə 7E-11797 reyestrdə rəsmiləşmiş etibarnamə mövcud deyil. 200*-cı ildə 7E reyestr kitabı 8381 reyestr ilə bitmişdir. İşin həqiqi halları, iddiaçının, onun nümayəndəsinin izahatları, işin digər sənədləri ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 97* nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. Qeyd olunan bağ sahəsinin bağışlanması barədə mübahisəli müqaviləni mülkiyyətçinin adından 28.0*.200*-cı ildə Bakı 38 nömrəli Notariat Kontorunda rəsmiləşdirilmiş 7e-11797 reyestr nömrəli etibarnamə ilə Cavabdeh2 imzalamış, lakin tədqiq olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı, onu üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə etibarnamə verməmiş, Cavabdeh2 tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 97* saylı bağ sahəsi Cavabdeh1 bağışlanarkən, Cavabdeh2 İddiaçı təmsil etmək və onun adından bağışlanmaya razılıq barədə ərizə vermək səlahiyyəti olmamışdır. Həmçinin, məhkəmə sorğusu ilə əldə olunmuş məlumata əsasən müəyyən olunur ki, Bakı şəhəri 22 saylı Notariat Kontorunda 4Ə indeksli reyestrlərdə 05.07.201*-cı il tarixdə rəsmiləşdirilmiş notariat hərəkəti müəyyən edilməmişdir. Mülki Məcəllənin 331.1-ci maddəsinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin məcəllənin 337-ci maddəsinə görə isə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından aslı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 3*2.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 3*2.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 3*2.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Mülki qanunvericiliyə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çox tərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilmişdir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5 maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). İş materiallarından göründüyü kimi, Cavabdeh2 İddiaçı təmsil etmək və onun adından bağışlanmaya razılıq barədə ərizə vermək səlahiyyəti olmamış, İddiaçı tərəfindən Bakı şəhəri 38 saylı dövlət notariat ofisində 28.0*.200*-cı il tarixdə 7E-11797 reyestrdə rəsmiləşmiş etibarnamə mövcud deyildir. Məhkəməyə təqdim olunmuş mübahisəli əqd onu bağlamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bununla belə, 05.07.201*-cı il tarixli bağışlama müqaviləsinin qeydiyyatı ümumiyyətlə müvafiq notariusun reyestrində mövcud deyildir. Odur ki, məhkəmə iddia tələbinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, əqdlərin etibarlı olması üçün əqdin subyekt tərkibinə aid edilən şərtlər, əqdin məzmununa aid edilə şərtlər, əqddə iradə və iradənin ifadə edilməsinə aid edilən şərtlər və əqdin formasına aid edilən şərtlər mövcud olmalıdır. Əqdin etibarlı olması üçün qeyd edilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarlı olmasını istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsasdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **8.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Yuxarıda qeyd edilən qanunvericiliyin müvafiq müddəalarının tələblərindən də göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Hazırki halda iddiaçı tərəfindən mübahisələndirilən daşınmaz əmlakın bağışlanmasına dair müqavilədə əqdin formasında aid tələbə riayət edilməmişdir (notariat qaydasında təsdiqlənməmiş). Belə olan halda həmin müqavilə heç bir hüquqi nəticəyə səbəb olmur. Buna görə də, hazırki əqd əhəmiyyətsiz olmaqla etibarlı əqdin doğura biləcəyi hüquqi nəticəyə səbəb olmadığından məhkəmə qaydasında mübahisə predmetinə çevrilə bilməz və özlüyündə etibarsızdır. Göründüyü kimi, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 97* nömrəli bağ sahəsi başqa şəxsin (Cavabdeh1) adına özgəninkiləşdirilərək daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış, lakin məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, həmin qeydiyyata zəmin yaratmış bağışlama müqaviləsi və etibarnamənin qeydiyyatı müvafiq notariusların reyestrində mövcud deyildir. Beləliklə, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış və müəyyən olundu ki, onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 97* nömrəli bağ sahəsi əsassız olaraq başqa şəxsin adına özgəninkiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən, mübahisəli torpaq sahəsinin bağışlanmasına dair müqavilənin etibarsız olduğu müəyyən edildiyindən həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 97* saylı bağ sahəsinə dair Cavabdeh1 adına qeydə alınmış 13.07.201*-cı il tarixli 111*047444 qeydiyyat nömrəli RX seriyalı 087459* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış» da ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə, iddia tələbinin torpaq sahəsinin yenidən İddiaçı adına qaytarılması hissəsini araşdıraraq qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, iddiaçının adından Cavabdeh1 ilə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçı əmlak üzərində hüquqlarının yenidən dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq orqana müraciət edə bilər. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması məsələsinin tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə daxildir. İndiki mərhələdə iddiaçının əmlak üzərində hüquqlarının qeydə alınması prosesində hüquqlarının pozulması ilə bağlı hər hansı faktın mövcud olması mümkün deyildir. İddianın həmin hissədə təmin olunması müvafiq icra hakimiyyəti orqanının üzərinə öhdəlik qoyulması demək olacaqdır. Bu isə hazırda mübahisə predmeti deyildir. İddia tələbində qanunsuz sənədləşmə aparmış şəxslərin müəyyən edilməsi məqsədilə xüsusi qərardadın çıxarılması da göstərilsə də, məhkəmə hesab edir ki, bu hissə iddia tələbi kimi baxılmaqla qiymətləndirilə bilməz. Belə ki, Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Yəni bu hal məhkəmənin səlahiyyətinə aid olmaqla qeyd edilən halların aşkara çıxması halında xüsusi qərardad çıxarılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 21*-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 adına verilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13.07.201*-cı il tarixli 111*047444 qeydiyyat nömrəli RX seriyalı 087459* saylı çıxarış ləğv olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2492/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2492/2022
23.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver