Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2493/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhləmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona məxsus **********80000 saylı abonent koduna hesablanmış 3530,60 (üç min beş yüz otuz manat altımış qəpik) məbləğində borcun silinməsi və ödənilən 1000 (bir min) manat ödənişin **********80000 saylı abonent koduna geri qaytarılamsı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Müqaviləyə əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi elektrik enerjisi ilə təmin olunmuşdur. O, elektrik enerjisindən istifadə edərək dəyərini vaxtında ödəmişdir. Hesabdan çıxarışda bütün ödənişləri qeyd olunmuşdur. 2023cü ilin iyun ayında ona cavabdehin əməkdaşları bildiriş təqdim etmiş, həmin bildirişdə onun 4530 manat borcunun olduğunu bildirmişlər. Əvvəlki aylarda da sayğacından istifadə etmiş və ona bu qədər borcun olması ilə bağlı bildiriş gəlməmişdir. Daha sonra cavabdehin əməkdaşları elektrik emerjisini dərhal kəsmişlər, daha sonra ona israrla bildirmişlər ki, 1000 manat ödəniş etdikdən sonra elektrik enerjisi bərpa olunacaqdır. İşıqsız qalmamaqdan ötəri təkidlərdən sonra o, məcburən 1000 manat ödəniş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək "xxxx" ASC tərəfindən iddiaçıya məxsus **********80000 saylı abonent koduna hesablanmış 4530,60 (dörd min beş yüz otuz manat altmış qəpil) məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirmişdir ki, iddiaçının ünvanına quraşdırılmış sayğaca "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və həmin baxış zamanı sayğaca müdaxilə olduğu məlum olmuşdur. Bu barədə müvafiq video çəkilş də aparılmışdır. Ona görə də hesab edir ki, iddia tələbini əsassızdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı "xxxx" ASC ilə istehlakçı İddiaçı arasında bağlanmış “enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı” barədə xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını elektrik enerjisi təmin etməsi, istehlakçı isə aldığı elektrik enerjisi dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə **********80000 kodla qeydiyyata alınmış ünvana yoxlama keçirilən zamanı məlum olmuşdur ki, sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt sayğacı qidalandıran giriş yuva xəttindən xüsusi sıxac vasitəsi ilə götürülmüşdür. İş materiallarında olan iddiaçının adına olan **********80000 saylı kod üzrə abunə haqqında hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli NDM 031948 saylı akt üzrə 3985,8 manat (EİQ pozulması) manat iddiaçının abonent hesabına borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin akt komissiyasının tərəfindən tərtib olunmuş aktdan görünür ki, xx.xx.2023-cü il tarixli NDM 031948 saylı akt əsas götürülməklə İddiaçı məxsus (**********80000 nömrəli kod üzrə) fərdi yaşayış sahəsinə itirilmiş enerjinin bərpası məqsədilə 30660 kvt.s (3985,8 manat) məbləğində borc hesblanmışdır. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş DVD diskdə əks olunmuş videogörüntü məhkəmə iclasında tədqiq edilmiş və həmin video görüntülərdən görünür ki, ddiaçının ünvanına quraşdırılmış sayğaca bir nəfər şəxs tərəfindən bir ədəd kiçik ölçülü aparat vasitəsilə baxış keçirilir və “Babək” marketə və yan hissəsində yerləşən “Qarabağ” ət mağazasına və marketin sağ hissəsində yerləşən 997 avtoyuyucu məntəqəsinə və iddiaçıya məxsus fərdi yaşayış evinə sayğacdan kənar xətt daxil olması və kənar xəttin sift dayağından bir başa qoşularaq. mənzilə bir başa ötürülməsini bildirir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.7-cı bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 7.10-cu bəndinə əsasən 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş aktın olmasını və həmin akt əsasında iddiaçının abunə hesabına borcun yazılmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı (istehlakçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərindən görünür ki, elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalı, sayğaca müdaxilə, elektrik şəbəkəsinə qanunsuz qoşulma halları aşkar edildikdə enerji təchizatı müəssisəsinin nümayəndəsi istehlakçının iştirakı ilə akt tərtib edilməli və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalı, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılmalı və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunmalıdır. Həmçinin hesablaşma elektrik sayğacının zədələnməsi laboratoriya şəraitində araşdırılmalı, bu zaman enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılmalı və ikitərəfli aktla sənədləşdirilməlisie. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. İşin araşdırılmış hallarından görünür ki, iddiaçının abonent hesabına borc yazılması əsas olmuş nömrəli aktlar tərtib edilən zaman istehlakçının iştirakı təmin olunmadan onun ünvanına quraşdırılmış sayğaca baxış keçirilmiş və onun iştirakı olmadan (istehlakçıya öz mülahizəsini bildirməyə imkan yaradılmadan) akt tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sayğaca müdaxilə halının aşkar olunması ilə bağlı qeydə alınmış videoçəkilişlərdən də görünür ki, həmin zaman cavabdehin əməkdaşları tərəfindən abonentin (iddiaçının) iştirakının təmin edilməsi üçün hər hansı bir cəhd edilmir. Eyni zamanda aşkar edilmiş hallarla bağlı sayğac müvafiq qaydada laboratoriya şəraitində yoxlanılmadan ona müdaxilə edilməsi qərarına gəlinmişdir. Odur ki, aktın tərtib edilməsinə əsas olmuş hallar sübut olunmamaqla həmin halların mövcudluğu da məhkəmə tərəfindən də işin araşdırılması zamanı müəyyən edilmir. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Aktların tərtib edilməsinə əsas olmuş hallar müəyyən edilmədiyindən və həmin akt, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilmədiyindən məhkəmə hesab edir ki, həmin akt əsasında iddiaçının abonent hesabına hesablanmış 3985,8 manat məbləğində borc silinməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin materiallarından da göründüyü kimi sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində 4530,6 manat borcun silinməsini xahiş etsə də, işin araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus abonent kodu üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli NDM 031948 saylı akt əsasında 3985,8 manat borcun hesablanması əsassız olmuş, lakin iddiaçı qalan 544,8 manat borcun əsassız hesablanmasına dair öz tələbini əsaslandırmamış, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 59,86 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı (abonent kodu: **********80000 olan) hesablanmış 3985,8 manat məbləğində borc silinməli, "xxxx" ASCdən 59,86 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 3985,8 manat məbləğində cərimə İddiaçı abunə hesabından (abunə kodu: **********80000 olan) silinsin. "xxxx" ASC-dən 59,86 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-2493/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2493/2023
28.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver