Məhkəmə qərarları › İş №2(003)-2498/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2498/2020

17.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2498/2020 17.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, İddiaçı1 və İddiaçı2 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticəsin olan dövlət reyestrindən çıxarışın etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaərizəsini İddiaçı1 və İddiaçı2 adından “İlham İbadov” imzalamış, lakin iddia ərizəsinə həmin şəxsə iddiaçılar tərəfindən iddia ərizəsinin imzalanmasına dair səlahiyyətin verilməsi barədə etibarnamə əlavə edilsə də, yaxın qohumluq münasibətlərində olması barədə sənəd və ya vəkil orderi iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. HəminMəcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalanmadıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, iddiaərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından, iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin və hüquqi nəticələrinin etibarsızlığı barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar