Məhkəmə qərarları › İş №2(003)-2506/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2506/2022

25.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2506/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı“ əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona (abonent kodu: **********00043) əsassız hesablanmış 5921 manat borcdan 350 manat hissəsinin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmdən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Təzə sahə ərazisi ünvanında yerləşən evə məxsus qaz sayğacına əsassız olaraq yüksək borc hesablanmışdır. Sözügedən aktlardan heç bir xəbəri olmamış və akt onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqda sonradan ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında saycağda nasazlıq aşkar edilmiş və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itkisi kimi qiymətləndirilmişdir. Sözügedən akt əsasında onun üçün 5921 manat məbləğində qaz borcu hesablanmışdır. Etiraf edir ki, akt tərtib olunmuş mənzildə təbii qazdan sayğac olmadan 13 ay müddətində istifadə olunmuşdır. Həmin evdə kombi sistemi yoxdur, evin istilik sistemi elektrik avadanlıqları vasitəsilə aparılmışdır. Bu müddət ərzində hər ay təxminən 25 manat qaz sərfıyyatı apardığı nəzərə alınsa, bu da cəmi təxminən 300- 350 manat məbləğ edir. Lakin bütün bunlara baxmayaraq əsasssız olaraq yüksək məbləğdə borc hesablanmış və ümumilikdə 5921 manat borc yazılmışdır. Onun həmin qaz sayğacına bu məbləğdə müdaxilə etmək imkanı, heç vaxt belə bir niyyəti olmamışdır. Buna baxmayaraq Cavabdeh borc hesablamışdır. Bildirir ki, cavabdeh təşkilat qaz xəttinə bu məbləğdə müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək cavabdeh tərəfindən hesablanmış 350 manat borcun silinməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o, bir neçə dəfə sayğacdan kənar təbii qazdan istifadə etmişdir. Cavabdeh əməkdaşları tərəfindən qanunsuz qoşulma halı aşkar edilmiş və qanunsuz xətti qazpaylayıcıdan ayrılmışdır. Qaz borusunun üzərində müdaxilələr onun tərəfindən edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyinə görə Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Həmin aktlar üzrə iddiaçının borcu 5921 manat təşkil edir. Həmçinin bildirmişdir ki, iddiaçı özü də etiraf edir ki, qaz sayğacına onun tərəfindən müdaxilə edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddanın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli və ******* saylı xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda yeni qaz sayğac quraşdırılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentə aktlar əsasında 5921 manat borc hesablanmışdır. Məhkəmə tərəfindən iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Təzə sahə ərazisi ünvanında yerləşən evdə sübutların yerində müayinəsi zamanı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Təzə sahə ərazisi ünvanında yerləşən evin kubik daşından tikilmiş divarına bitişik qaz xətti borusunun keçdiyi və həmin borunun üzərində müdaxilələrin olduğu və Cavabdeh tərəfindən iş materiallarına əlavə olunmuş fotoşəkilin bu ünvana aid olduğu müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, həmin aktlar əsasında cavabdehə 5921 manat borc hesablanmışdır. Hazırda iddiaçı tərəf həmin aktlara görə hesablanmış 5921 manat borcdan 350 manat hissəsinin silinməsini tələb edir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı ona hesablanmış 5921 manat borcun 350 manat məbləğində hissəsinin silinməsini xahiş etmiş, tələbini həmin borcun qanunsuz olaraq hesablanması ilə əsaslandırmışdır. Lakin iddiaçı tələbinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə iddiaçının müvafiq sübut təqdim etmədiyini nəzərə alaraq onun evində hesablanmış məbləğdə qaz istehlak edildiyini işin hallarına uyğun sayır. Bununla yanaşı, işin hallarından görünür ki, cavabdehin iddiaçıya məxsus mənzildə dəfələrlə sayğacdankənar təbii qaz istehlak olunmuş, bununla əlaqədar aktlar tərtib olunmuşdur. Məhkəmə bununla bağlı onu qeyd etməyi zəruri sayır ki, cavabdeh iddiaçının qazın qanunsuz istifadəsinin qarşısını vaxtında almayaraq və müvafiq iddia ilə məhkəməyə müraciət etməməklə qazdan qanunsuz istifadə ilə bağlı vurulmuş zərərin artırılmasına kömək etmişdir. Odur ki, məhkəmə iddiaçının vurulmuş zərərdə öhdəliyinin azaldılması olaraq iddianın təmin edilməsini, 350 manat borcun onun hesabından silinməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin məcəllənin 458.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya hesablanmış 5921 manat borcdan 350 manat hissəsi onun abunə hesabından silinməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 5921 manat borcdan 350 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1. maddəsinin tələbinə əsasən iddia qiyməti iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinəəsasən, istehlakçıların hüquqlarının pozulması iləəlaqədar verilmiş iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinəəsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla nəzərdə tutulmuş qaydada azad edildiyindən, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır, buna görə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Təzə sahə adlanan ünvan üzrə (abonent kodu: **********00043) “Azəriqaz“ İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar üzrə sayğaca qaz sərfinə görə hesablanmış 350 (üç yüz əlli) manat məbləğində borc silinsin. Ödənilməli olan 30,0 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar