Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2520/2021 23.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhləmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, «xxxx» ASC tərəfindən Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, ünvanında olan (abonent kodu: **********00009 ) hesabına qanunsuz və əsassız olaraq ona 732,49 manat məbləğində borc hesablanmışdır. Həmin ünvanda elektrik enerjisindən qanuna uyğun istifadə olunmuş. Mənzildən kənarda quraşdırılmış sayğacın qüsurlarına görə msuliyyət enerji techizatı müəssisəsinin üzərindədir.Sayğacda pozuntu halının məhz cavabdeh tərəfindən yarandığına dair hər hansı mötəbər sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən «xxxx» ASC tərəfindən ona məxsus olan **********09 saylı abonent hesabına hesablanmış 723,49 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh «xxxx» ASC-nin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «xxxx» ASC-nin 23 dekabr 2020-ci il tarixli, 205762 saylı aktından görünür ki, «xxxx» ASC-nin əməkdaşlarının iştirakları ilə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yoxlama keçirilən zamanı məlum olmuşdur ki, mənzilin elektrik sayğacı axan yükü düz qeyd etmir. İş materiallarında olan «xxxx» ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, akta əsasən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Südçülük sovxozu, ev 0070, mənzil 0009 ünvanda yerləşən İddiaçı məxsus mənzilin elektrik sayğacına (abonent kodu **********00009) “EİQ” pozulması ilə bağlı 732,49 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan mənzilə dair cavabdeh təşkilatın əməkdaşları tərəfindən qeyd olunan mənzilin elektrik sayğacının axan yükü düz qeyd etməməsi səbəbindən 732,49 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə hesab edir ki, tərtib olunan akt 23 dekabr 2020-ci il tarixli, 205762 saylı akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər-hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış cərimə silinməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin materiallarından da göründüyü kimi sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı (abonent kodu: **********00009 olan) hesablanmış 732,49 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxx» ASC tərəfindən hesablanmış 732,49 manat (yeddi yüz otuz iki manat, qırx doqquz qəpik) məbləğində cərimə İddiaçı abunə hesabından (abunə kodu: **********00009 olan) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2520/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2520/2021
23.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver