Məhkəmə qərarları › İş №2(003)-2521/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2521/2021

10.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2521/2021 10.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş aktın hesab edilməsi və həmin akta əsasən ona əsassız hesablanmış 817.3 manat borcun silinməsi və tərəfindən ödənilmiş 160 manat pulun onun hesabına geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci il tarixdən Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, X3 yaşayır. Ona məxsus Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, X4 yerləşən yaşayış sahəsi təbii qazla təchiz edilmişdir. 2020-ci ilin iyul ayında yaşadığı ünvana köhnə sayğac dəyişdirilərək yeni mexaniki sayğac qoyulmuşdur. 2020-ci ilin dekabr ayında ödəniş edərkən tutulmanın olduğunu görmüşdür. Daha sonra 28 dekabr 2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək sayğaca heç bir müdaxilə etmədiyi halda borcunun yarandığını, bu məsələnin araşdırılmasını xahiş etmişdir. 18 yanvar 2021 ci il tarixli məktubunda bildirilmişdir ki, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib olunaraq 817.30 borc hesablanmışdır. Bundan sonra o, 29 mart 2019-cu il tarixli ******* saylı, 28 fevral 2019-cu il tarixli ******* saylı aktları və ödəniş saldosunu əldə etmişdir. Digər aktlar sistemdə görünmədiyi üçün əldə edə bilməmişdir. Ödəniş saldosundan görünür ki, o, sayğac göstəricisinə əsasən, istehlak olunmuş qazın dəyərini vaxtlı-vaxtında ödəmişdir. Fərdi yaşayış evimə verilən təbii qaz kəsildiyinə görə məcburən 160 manat pul ödəmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvanda **********00290 saylı abunə koduna hesablanmış 826.2 manat məbləğində pulun silinməsi və 160 manat məbləğində pulun onun abonent hesabına geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Eyni zamanda izahatında bildirdi ki, mövcud borc təbii qazdan qeyri-qanuni istifadə edilmə səbəbindən tərtib edilmiş aktlara əsasən hesablanmışdır. Odur ki, borc iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və şahid ifadəsini dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 25.12.2018-ci il tarixli ******* saylı, 31.0.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı və 29.03.2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, sayğacdan kənar xətt aşkarlanmış və həmin akta əsasən zərər və həmin zərərin əvəzi kimi borc məbləği hesablanmışdır. Bundan başqa işdə olan abonent saldosundan görünür ki, iddiaçıya 826.2 manat borc (zərər) hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Araşdırma zamanı iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçının ünvanına Cavabdeh tərəfindən ümumilikdə 826.2 manat borc hesablanmışdır. Zərərin hesablanmasına əsas olmuş akt isə tərtib edilən zamanı iddiaçı və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməmiş və aktın bir surəti digər tərəfə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə tərtib edilmiş aktlar əsasında dəymiş zərərlərin hesablanması və iddiaçıdan tələb olunması mövcüd olduğundan, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz abonent (iş üzrə iddiaçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Eyni zamanda iddiaçı məhkəmə iclasında həmin ünvanda 3 ailənin yaşadığını və onun tərəfindən qanunsuz qoşulma halına yol verilmədiyini qeyd etmişdir ki, cavabdeh tərəf bu halı təkzib edəcək hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Ümumilikdə, məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərərlərin cavabdeh tərəfindən sübuta yetirilmədiyindən aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, həmin aktların doğruluğu cavabdeh tərəfindən zərər vurulması sübuta yetirilmədiyindən, onun tərəfindən ödənilmiş puldan həmin aktlara görə hesablanmış zərərdən cavabdeh tərəfindən çıxılmış 160 manat pul iddiaçının abonent hesabına geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, Cavabdeh tərəfindən iddiaçı İddiaçı abonent koduna (abonent kodu **********00290) hesablanmış 826.2 manat məbləğində borc silinməli, cavabdeh tərəfindən borca çıxılmış 160 manat pul iddiaçının abonent hesabına geri qaytarılmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iş üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunmaqla, iddianın qiyməti də 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı İddiaçı abonent hesabına (abonent kodu **********00290) hesablanmış 826.2 manat məbləğində borc silinsin. Cavabdeh tərəfindən borca çıxılmış 160 manat pul İddiaçı abonent hesabına (abonent kodu **********00290) geri qaytarılsın. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar