Məhkəmə qərarları › İş №2(003)-253/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-253/2022

21.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-253/2022 21.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyətə açılmış pəncərələrin cavabdehin hesabına sökülməsi və yerinin bağlanılması tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı həyətə açılmış pəncərələrin cavabdehin hesabına sökülməsi və yerinin bağlanılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə açılmış və həyətə baxan pəncərələr cavabdehin hesabına sökülməsi və onun yeri cavabdehin hesabına bağlanılaraq ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin baxılması zamanı Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evi və torpaq sahəsi xx.xx.1989-cu il tarixli Əzizbəyov rayon X9 sərəncamı əsasında onun mülkiyyətində və istifadəsindədir. Həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair müvafiq orqanlardan alınmış cizgi və plan, evin texniki pasportu vardır. Həmin texniki pasportda evin sxemi vardır. ünvan 3 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində uzun illərdir yaşayır. Qonşusu Cavabdeh1 tərəfindən öz evindən onun həyətinə və evinin içərisinə baxan qanunsuz pəncərələr açılmışdır. Qonşuluqda tikili olmadan öncə evini inşa etdirmiş və onun evindən qonşusu Cavabdeh1 evinə baxan pəncərələr olmuşdur. Bu onu narahat etdiyindən öz evinin xarici görkəmini və havalandırmasını pozaraq evindən qarşı tərəfin evinə doğru baxan pəncərələri hördürmüşdür. Lakin qonşusu inşa etdirdiyi evdən onun mətbəxinə, həyətinə və evinə baxan pəncərələr tikdirmiş və bu da onu narahat edir. Bu narahatçılığı ilə bağlı dəflərlə iradını bildirərək, heç olmasa pəncərələri görünməyən şüşələrlə əvəz edilməsini və ya havalandırma üçün fortuçka qoyulmasını təklis etməsinə baxmayaraq onun həyətinə və evinə baxan pəncərələri inşa etdirmişdir. Onun inşa etdirdiyi pəncərələr onun mətbəxindən istifadə etməsinə, evində rahat hərəkət etməsinə maneələr yaradır. Öz əmlakından istifadəsinə çətinlik törədir. Onun yaşadığı ünvanın xx.xx.1992-ci il tarixli texniki pasportundan görünür ki, həyətyanı tikililər və qurğuları texniki pasportda öz əksini tapmışdır. Lakin ünvan 1 ünvanında yaşayan qonşusu Cavabdeh1 tərəfindən fərdi yaşayış evindən onun evinin içərisinə baxan pəncərə açılmışdır. Bu barədə polisə və icra hakimiyyətinə şikayətlər etsə də heç bir nəticəsi olmamış, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Cavabdeh tərəfindən quraşdırılan həmin pəncərələr onun yaşadığı həyət və evin içərisinə baxdığı üçün ona maneçilik yaradır. Onunla qonşu arasında olan hissədə onun həyətyanı sahəsi var, ancaq qonşunun hasarı ilə fərdi yaşayış evinin ara məsafəsi çox cüzidir. Həmin pəncərələr cavabdeh tərəfindən qanunsuz olaraq quraşdırılmışdır. Cavabdeh tərəfindən hasardan həyətinə bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa oxşar izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. İzahatında əlavə olaraq bildirdi ki, o, iddiaçının arvadıdır. Sökülməsi tələb olunan cavabdehlərə məxsus evin pəncərəsi onlara məxsus evin mətbəxinin pəncərəsinin qarşı hissəsində yerləşir və həmin pəncərədə baxanda onların mətbəxi görsənir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, onların yaşadıqların evin torpaq sahəsi arvadı Cavabdeh2 məxsusdur. Evlərinin arxa hissəsində olan pəncərə uşaq otağın pəncərəsidir və həmin otağa başqa yerdən pəncərənin qoyulması mümkün deyil. Həmin pəncərədən iddiaçıya məxsus evin içərisi görsənmir və iddiaçıya heç bir maneəçilik törətmirlər. İddiaçıya həmin pəncərələrin şüşəsinin görünməyən şüşə ilə əvəz etməyi barədə təklif etsə də, iddiaçı bununla da razılaşmamışdır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, pəncərəsi sökülməsi olan yer bir otaqdan ibarətdir. Həmin otaqda nəfəslik üçün pəncərənin qoyulması mümkün deyil. Belə ki, həmin otaq, yan otaqların ortasında yerləşir. Məhkəmə iclasında Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X6 bildirmişdir ki, tərəfindən verilmiş 10/7337 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyində cavabdehlərə məxsus evin hər hansı bir layihə və ya izacə sənədi olmadığından açılmış pəncərənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 N-li qərarının bəndlərinə zidd olaraq açılması nəticəsinə gəlmişdir. Həmçinin bildirmişdir ki, sökülməsi tələb olunan pəncərə, tikinti normalara və lahiyə sənədlərinə əsasında evin həmin hissəsindən açılması mümkündür. Evin tikintisi ilə bağlı icra hakimiyyətindən icazə alınsa, həmin pəncərənin evin həmin hissəsində yerləşməsi tikinti qaydalarına zidd olmayacaqdır. Eyni zamanda həmin vaxt cavabdeh tərəfin mənzilində olmadığından başqa yerdən açılmasının mümükünlüyü barədə rəy verməsi mümkün olmamışdır. Hazırki iş üzrə verilən izahatlardan isə aydın olurki həmin otaq ortada yerləşdiyindən digər yerdən pəncərənin açılması mümükünsüzdür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İcraiyyə Komitəsinin Əzizbəyov rayon X10 xx.xx.1989-cu il tarixli qərarının surətindən görünür ki, X5 Binə qəsəbəsində fərdi yaşayış evinin tikiintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan İcraiyyə Komitəsinin Əzizbəyov rayon X10 xx.xx.1989-cu il tarixli qərarının surətindən görünür ki, X4 Binə qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, X7, İcraiyyə Komitəsinin Əzizbəyov rayon X10 xx.xx.1989-cu il tarixli qərarı əsasında ona ayrılmış 600 kv.m torpaq sahəsinin 200 kv.m hissəsinə dair zəruri sənədlərin toplanması, özəlləşdirilməsi, tikinti işlərinin aparılması, Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsindən kadastr planının alınması və sayrə hərəkətlərin aparılması barədə Cavabdeh2 etibar etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 2/223 nömrəli sahədə yerləşən Cavabdeh2 məxsus fərdi yaşayışın evinin tikinti layihəsi hazırlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7337 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 2/233 sahədə yerləşən evin ikinci mərtəbəsinin arxa divarında olan iddiaçılara tərəf açılmış pəncərəyə dair hər hansı bir layihə və ya icazə sənədi aşkar edilmədiyindən həmin pəncərənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 N-li qərarının bəndlərinə zidd olaraq açılması müəyyən edilmişdir. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 2/233 sahədə yerləşən evin texniki pasport və ya lahiyə sənədi mülki iş materiallarında aşkar edilmədiyindən həmin pəncərənin evin texniki pasport və ya lahiyyə sənədlərinə uyğunluq sualına cavab verilməsi mümkün olmamışdır. Mübahisə predmeti olan pəncərənin bağlanması texniki cəhətdən mümkündür. Lakin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.3-cü bəndinə əsasən, cavabdehin mübahisəli pəncərəsi olan otağın digər tərəfindən pəncərənin açılması zəruridir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2-ci maddəsinə əsasən tikinti obyekti yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalı, sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməli, istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalı, səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməli, istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalı, enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalı, əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən bu Məcəllənin 57.2.5-57.2.6-cı maddələrində nəzərdə tutulmuş tələblərlə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti layihəsi, sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər Qeyd olunan qanunvericiliyin təbəblərindən görünür ki, icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazə verməlidir. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir və ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti layihəsi, şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmalıdır. Tikinti obyekti yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalı, sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməli, istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalı, səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməli, istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalı, enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır. İşin araşdırılmış hallarından görünür ki, cavabdehlər tərəfindən inşa edilmiş tikilinin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən sənəd, tikinti layihəsi mövcüddur. Lakin həmin tikilinin inşa edilməsi üçün müvafiq ərizə ilə icra hakimiyyətinə müraciət olunmamaqla tikilinin inşası barədə icazə alınmamışdır. Mübahisə predmeti olan pəncərənin məhz həmin icazə sənədinin olmaması səbəbindən müvafiq qaydalara zidd olması müəyyən edilir. Bu hal iş üzrə keçirilmiş ekspert rəyi ilə də təsdiq olunur. Bununla da müəyyən olunur ki, cavabdehlər tərəfindən inşa edilmiş evin müvafiq icazə sənədləri olduğu təqdirdə mübahisə predmeti olan pəncərə tikinti obyektinə olan tələblərə uyğundur. Belə ki, həmin pəncərə tikilidə sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına, havalandırma, təbii və süni işıqlandırma tələblərinə riayət edilməsi üçün zəruridir. Həmçinin məhkəmə qeyd edir ki, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsin əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz Odur ki, məhkəmə hesab edir ki, iddiaçının həmin pəncərədən cavabdehlər tərəfindən onlara məxsus evin mətbəxinin görünməsi səbəbindən ləğv edilməsi tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, əvvəla həmin pəncərələr qarşılıqlı olmaqla hər iki tərəfin fərdi yaşayış evlərinə doğru qarşı-qarşıya pəncələri mövcud olması halı da nəzərə alınmalıdır. Bu halı nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı onun istifadəsində olan evdə yerləşən pəncərənin qarşı hissəsində cavabdehlərin istifadəsində olan evdə yerləşən pəncərənin sökülməsinin tələb edilməsi üçün sübyektiv hüquqa da malik deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin tutulması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən aparılmış tədqiqatın dəyəri olan 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyətə açılmış pəncərələrin cavabdehin hesabına sökülməsi və yerinin bağlanılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar