Məhkəmə qərarları › İş №2(003)-2585/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2585/2024

22.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2585/2024 22.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçı, Cavabdeh İstehsalat X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana dair hesablanmış (**********00000 saylı abonent) 9124.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "Azəriqaz” İB tərəfindən həmin ünvanında qaz itkisinin yarandığı müəyyən edilmiş və 9124,60 manat məbləğində borc hesablanmışdır. Belə ki, ödənişlər edərkən məlum olmuşdur ki, etdiyi ödəmələrdən tutmalar aparılır. "Azəriqaz” İB-yə müraciət etmiş və ona bildirilmişdir ki, 9124,60 manat məbləğində borc hesablanmışdır. "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən xəbəri olmadan qaz sayğacına 9124,60 manat cərimə yazılmışdır. "Azəriqaz” İB-yə tərəfindən tərtib edilmiş aktdan heç vaxt xəbəri olmayıb, heç vaxt məlumat verməyiblər ki, borcu yaranıb, çünki hər ay vaxtında ödənişlər etmişdir.. Yaşadığı ünvanda “4 gözlü qaz plitəsindən” “İran sobasından” və “Aristondan” istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərini vaxtaşırı ödənişlər etsə də, ödəmələrdən tutmalar olmuşdur. Həmçinin bildirir ki, təbii qazdan sayğacdan kənar cəmi bir həftə 2023-cü ilin qış ayında istifadə etmiş, bununla belə hazırda akta əsasən hesablanmış borc reallığı əks etdirmir. Göstərilənlərə əsasən iddiaçı tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddia ərizəsinə etiraz etməklə izahatında əlavə olaraq bildirdi ki, İddiaçı uzun müddət təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsi ilə istifadə etməklə Cavabdehnə 9124,60 manat həcmində borcu yaranmışdır. Təqdim edilmiş mütəxəssis rəyi isə düzgün olmamışdır. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçıya məxsus ünvanında yerləşən qaz sayğacına baxış keçirilmiş və Cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 oktyabr 2016-cı il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Aktın tərtib edilməsinə əsas kimi qeyd edilmişdir ki, mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacsız istifadə etməsi aşkar edilmişdir. Həmçinin itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış cəmi 1881 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Bundan başqa iş materiallarından görünür ki, qeyd olunan ünvana dair 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” daha bir akt tərtib edilmişdir. Aktın tərtib edilməsinə əsas kimi qeyd edilmişdir ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. Həmçinin itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış cəmi 73440 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Həmçinin abonent saldosundan görünür ki, 2012-ci il üzrə ayın sonuna olan borc 28.80 manat, birinci akt tərtib edilən 2016-cı ilin oktyabr ayı üzrə 188.10 manat borc olmaqla həmin il üçün ümumilikdə 188.10 manat borc, 2023-cü ilin birinci ayı üzrə 8812.80 manat borc, 2024-cü ilin aprel ayı üzrə isə ayın sonuna olan 9124.60 manat olması qeyd edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus ünvanında yerləşən qaz sayğacına baxış keçirilmiş və “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müxtəlif vaxtlarda iki akt tərtib edilmişdir. Abonentin saldosunda isə həmin aktlara münasibətdə 188.10 manat və 8812.8 manat borc hesablanmışdır. Lakin 2024-cü ilin aprel ayı üzrə ayın sonuna 9124.60 manat borc olması müəyyən edilmişdir. Halbuki tərtib edilmiş aktlara uyğun olaraq hesablanmış borc cəmi (188.1+8812.8) 9000.9 manat təşkil etmişdir. Bununla yanaşı məhkəmə iclasında iddiaçı tərəf təbii qazdan qısa müddət ərzində sayğacdan kənar əlavə xətt vasitəsi ilə istifadə etməsini qəbul etmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı tərəf təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsi ilə istifadə etmişdir, lakin abonentin saldosunda qeyd edilən borcun məbləği tərtib edilmiş aktlara münasibətdə reallığı əks etdirmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bu baxımdan idiaçının sayğacdan kənar qazdan istifadə etməsini etiraf etdiyindən analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq iddiaçının yaşayış evində olan qaz işlədicilərinin sayı, istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması üçün məhkəmənin 04 iyul 2024-cü il tarixli qərardadı ilə mütəxəssis (ekspert) rəyi alınması qərara alınmışdır. Təqdim edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin Bakı filialı tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki: Cavabdeh İB tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu **********00000) 2016-ci ilin oktyabr və 2023-cü ilin yanvar aylarında sayğacdan kənar qazdan istifadəyə görə 9000,9 manat əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir. 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydaları"na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu **********00000) ilə bağlı hesablanan 9000,9 manat əlavə borc məbləğinin, yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinin düzgün hesablandığını müəyyən etmək mümkün deyil; "Qazdan istifadə Qaydaları'nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu baxımdan iddiaçının sayğacdan kənar qazdan istifadə etməsini nəzərə alaraq. analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-3-cü bəndlərinə əsaslanaraq, iddiaçının fərdi yaşayış evində istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m³, 1 ədəd İran sobasının maksimal qaz sərfinin 1,5 m³, 1 ədəd qənaətli su qızdırıcısının maksimal qaz sərfiyyatının 2,2 m² olduğunu və istifadə dövrünü nəzərə almaqla qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 m3 x 12 saat x 30 gün = 432 m3; 1 ədəd İran sobası üçün 1 x 1,5 m³ x 12 saat x 30 gün= 540 m3; 1 ədəd qənaətli su qızdırıcı üçün - 1 x 2,2 m³ x 12 saat x 30 gün= 792 m³; cəmi 432 + 540 + 792 = 1764m3 təşkil edə bilər. Yay ayları üzrə aylıq qaz sərfiyyatı: yay aylarında İran sobasından istifadə edilmədiyini nəzərə alınsa, aylıq qaz sərfiyyatı 432m3 + 792m3 = 1224m3 təşkil edə bilər. Bu qayda ilə hər bir akt üzrə qazın miqdarı aşağıdakı kimi ola bilər: 2016-ci il üzrə 3ay x 1224m3 = 3672m3 və 2023-cü il üzrə - 7ay x 1224m3 + 5 ay x 1764m3 = 17388m3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" göstərilən illər üzrə müvafiq Qərarını nəzərə alınaraq qaz xəttinə qeyri- qanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 2016-ci il üzrə hər 1 m³-i 0,10 manat qiymət nəzərə alınmaqla 3672m 3 x 0,10 manat = 367,2 manat; 2023-cü il üzrə 1200 m³ - 0,12 manat, 1200 m²-dən 2500 m³-dək hissəsi üçün hər 1 m³-i 0,20 manat, 2500 m³-dən çox olan hissəsi üçün hər 1 m³-i isə 0,25 manat qiymət nəzərə alınaraq, 1200 m³ x 0,12 manat + 1300 m³ x 0,20 manat + 14888 m³ x 0,25 manat = 4126 manat, cəmi 367,2 manat + 4126 manat = 4493,2 manat təşkil edə bilər. Qeyd edilən ünvanda qazdan istifadəyə görə abonent tərəfindən ödənilən məbləğdən 522,8 manat borca görə tutulma olduğunu nəzərə alınsa, sayğacdan kənar qoşulma halında ondan 4493,2 manat - 522,8 manat = 3970,4 manat borc tələb edilə bilər. Məhkəmə iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2-ci bəndinə əsasən, qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 13-cü maddəsinə əsasən (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə ilk olaraq Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 oktyabr 2016-cı il tarixli, ******* nömrəli akta münasibətdə qeyd edir ki, həmin akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış cəmi 1881 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır və abonent saldosunda həmin dövrə münasibətdə 188.1 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, həmin borcun silinməsi hissəsində iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, iddiaçı tərəfindən qazdan istifadə ilə bağlı 2016-cı il oktyabr ayı üzrə 1 manat, noyabr ayı üzrə 2 manat və dekabr ayı üzrə 4 manat ödənişlər edilmişdir. Halbuki təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 m3 x 12 saat x 30 gün = 432 m3; 1 ədəd İran sobası üçün 1 x 1,5 m³ x 12 saat x 30 gün= 540 m3; 1 ədəd qənaətli su qızdırıcı üçün - 1 x 2,2 m³ x 12 saat x 30 gün= 792 m³; cəmi 432 + 540 + 792 = 1764m3 təşkil edə bilər. Göründüyü kimi iddiaçı tərəfindən istifadə edilən qaz sərfiyyatı ilə aparılmış ödənişlər arasında kəskin fərqlər mövcud olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz xəttinə qeyri qanuni qoşulma halı olduğundan Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 oktyabr 2016-cı il tarixli, ******* nömrəli akt əsaslı olmuşdur və iddia tələbi - həmin akta əsasən hesablanmış 188.1 manat borcun silinməsi hissəsində əsassız olmaqla təmin edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, 2024-cü ilin aprel ayı üzrə ayın sonuna 9124.6 manat borc olması müəyyən edilmiş, tərtib edilmiş aktlara uyğun olaraq isə hesablanmış borc cəmi 9000.9 manat təşkil etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, abonentin saldosuna əsasən müəyyən edilmiş 9124.6 manat borcdan aktlara əsasən hesablanmış cəmi 9000.9 manat borc çıxılmaqla qalan 123.7 manat borc məhz iddiaçının faktiki istehlak etmiş olduğu qaz sərfiyyatına görə hesablanmaqla debitor borc olduğundan həmin borcun silinməsi hissəsində də iddia tələbi əsassız olmuşdur. Bununla yanaşı məhkəmə - 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə birbaşa qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş zərəri tələb etməsi qanuna uyğun deyil. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsində qazdan istifadə qaydalarının pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etlməklə (məhkəmənin qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və qazdan istifadə qaydalarını pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi sui-istifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir), bir nüsxəsini isə qazdan istifadə qaydalarını pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub, olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməmişdir ki, 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən abonentin hesabına hesablanmış borc əsaslı hesab edilə bilməz. Bununla belə məhkəmə iddiaçının 2023-cü ilin qış ayında 7 gün müddətinə təbii qazdan qeyri-qanuni istifadə etməsi barədə etirafını nəzərə alaraq hesab edir ki, 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış borc tam olaraq silinməməlidir. Belə ki, təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 m3 x 12 saat x 30 gün = 432 m3; 1 ədəd İran sobası üçün 1 x 1,5 m³ x 12 saat x 30 gün= 540 m3; 1 ədəd qənaətli su qızdırıcı üçün - 1 x 2,2 m³ x 12 saat x 30 gün= 792 m³; cəmi 432 + 540 + 792 = 1764m3 təşkil edə bilər. Həmçinin 2023-cü il üzrə 1200 m³ - 0,12 manat, 1200 m²-dən 2500 m³-dək hissəsi üçün hər 1 m³-i 0,20 manat, 2500 m³-dən çox olan hissəsi üçün hər 1 m³-i isə 0,25 manat qiymət nəzərə alınaraq, 1200 m³ x 0,12 manat + 1300 m³ x 0,20 manat + 14888 m³ x 0,25 manat = 4126 manat, cəmi 367,2 manat + 4126 manat = 4493,2 manat təşkil edə bilər. Göründüyü kimi 2023-cü ilin yanvarı ayına münasibətdə - əvvəlki 12 ay üzrə müəyyən ödənişlər kartla ödənildiyindən sərfiyyat olub və akta əsasən 12 ay üzrə hesablama qanunsuz olmuşdur. Yalnız iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsini etiraf etdiyi 7 gün 1 aya yuvarlaqlaşdırılıb borc hesablanmalıdır. Belə olan halda iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsini etiraf etdiyi günlərə münasibətdə 256.8 manat borc onun tərəfindən ödənilməlidir. (1764 m3 – 1200 m3 x 0.12= 144 manat; 1764m3-1200m3 = 564m3 x 0.20 = 112.8 manat. 144 manat + 112.8 manat = 256.8 manat). Beləliklə məhkəmə heasb edir ki, Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 oktyabr 2016-cı il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 188.1 manat, 2023-cü ilin yanvar ayı üçün 256.8 manat eləcə də debitor borc 123.7 manat ümumilikdə 568.6 manat saldoya əsasən müəyyən edilmiş 9124.6 manat borcdan çıxılmaqla (9124.6-568.6 = 8556) iddiaçıya hesablanmış 8556 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evə hesablanmış evi (abonent kodu **********00000) 8556 manat borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinəəsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, eləcə də iddia tələbi qismən təmin edildiyindən, 105 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvana dair (fərdi yaşayış evi) İddiaçı hesablanmış (**********00000 saylı abonent) 8556 (səkkiz min beş yüz əlli altı) manat borc silinsin. Cavabdehndən 105 (yüz beş) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar