Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-261/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən yaşadığı ünvana yazılmış əsassız olan 1361,46 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvan rəhmətlik qaynanası X1 adına ”Azərişiq”ASC ilə müqavilə imzalanaraq yaşadığı ünvana elektrik sayğacı quraşdırılmışdır. 2014-cü ildə qaynanası ölmüşdür. Onlar sayğacı rəhmətlik qaynanasının adından çıxarmaq istədikdə bəlli olmuşdur ki, sayğacın 1800.82 manat yazılmış borcu vardır. "xxxx" ASC-nin Xəzər rayonu şöbəsinə yaxınlaşaraq məlumat almışdır ki, bunu yalnız məhkəmə qaydasında qeyd olunan borc silindikdən sonra adına rəsmiləşdirə bilər. Qeyd edilən borcdan hal-hazırda 1361.46 manat qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, yaşadığı ünvanda istifadə etdiyi enerjiyə görə vaxtı-vaxtında ödəniş edərək elektrik enerjisindən istifadə etmişdir. Halbuki bu borcun nəyə görə ona yazılmasını izah edə bilmir. Bildirilmişdir ki, 2001-ci ildə olan borcdandır. Bir daha bildirir ki, sayğac küçədə yerləşir, onun nazaslığının ona bir abonet kimi aidiyyətı yoxdur. Hər dəfə istifadə etdiyi enerjinin pulu nə qədər qeyd edilmiş, həmin məbləği də ödəmişdir. Bu vaxta qədər gələn bildirişdə də borc haqqında heç bir məlumat qeyd edilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, gəlin gəldiyi gündən həmin ünvanda yaşayır, bu vaxta kimi heç bir problem olmamışdır. Belə olan halda hesab edir ki, heç bir razılaşmaya gələ bilmədikləri üçün bu işə məhkəmə qaydasında aydınlıq gətirilə bilər. Məhkəmə iclasında İddiaçı iddia tələbi müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, istifadə etmiş elektrik enerjisinə görə vaxtı-vaxtında ödənişlər etmişdir. Ona görə də hesab edir ki, onun ünvanına yazılmış borc əsassızdır. İzahatında həmçinin bildirdi ki, əvvəllər istifadə etdiyi elektrik enerjisinə görə pulu "xxxx" ASC-nin ərazi üzrə əməkdaşına hər ay vermişlər. Ona görə də hesab edir ki, ola bilsin ki, həmin şəxs ödənişlər etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavadbehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.A.Əliyev küçəsi, dalan 2, ev 5 X2 mülkiyyətindədir. -nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X7 arasında xx.xx.1984-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “ Xəlilova” soyadı verilmişdir. -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuş X2 atası Xəlilov Saatmirzə oğlu, anası isə X4r. -ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölmüş, X5 isə xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş X3 adına olan **********2005A saylı kod üzrə abunə haqqında hesabdan çıxarışdan görünür ki, iddiaçının yaşadığı ünvanına aid elektrik enerjidən istifadə edilməsinə görə 1361,46 manat və 70 manat borc mövcuddur. Həmin abunə haqqında çıxarışdan görünür ki, abonent tərəfindən xx.xx.2001-ci il tarixdən ümumilikdə 6 966,76 manat məbləğində elektrik enerjisindən istifadə edilmiş və 5535,42 manat ödəniş olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X8, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Qaydaların 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Qeyd olunan qanunvericiliklərinin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, işin halları ilə iddianının əsaslı olması müəyyən edilməmişdir. Belə ki, iddia tələbi borcun əsassız olaraq cavabdeh tərəfindən tələb olunması ilə əsaslandırılsa da, işin hallarından (abunə haqqında çıxarışdan) müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanının elektrik enerjisindən istifadə edilməsinə və dəyərinin uzun müddət ərzində ödənilməməsinə görə 1361,46 manat qalıq borc mövcuddur. Belə ki, həmin abonent hesabından görünür ki, qeyd olunan borc ünvana quraşdırılmış sayğaca edilmiş müdaxiləyə, elektrik enerjisindən qeyri-qanuni yol ilə istifadə edilməsinə görə aşkar edilmiş hallarla bağlı tərtib edilmiş aktlar əsasında deyil, məhz elektrik enerjisindən istifadə edilməsinə və dəyərinin uzun müddət ərzində ödənilməməsinə görə yaranmış borcdan ibarətdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olan 1361,46 manat borcun silinməsi tələbinə dair iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-261/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-261/2024
25.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver