Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2643/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehn nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona (abonent kodu **********00228) Cavabdeh tərəfindən əsassız hesablanmış 6739,2 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında ona məxsus fərdi yaşayış evi mövcüddur. Lakin bildirir ki, həmin evdə yaşayış olmamışdır. Belə ki, həmin evi bağ evi kimi istifadə etmiş, ancaq yay aylarında 1- 2 ay qalmışdır. Ailəsi ilə birlikdə isə qeydiyyatda olduğu ünvanda yaşayır. 2020-ci ilin son aylarında qonşular bildirdilər ki, bağ evinin yerləşdiyi küçəyə qaz xətti çəkilmiş və evlərə sayğac yerləşdirilir. Bu məqsədlə həmin dövrdə o da bağ evinə qaz xətti çəkdirmişdir. Qaz xəttini çəkən cavabdeh Birliyin əməkdaşları ondan sayğacın yerləşdirilməsi üçün həmin günü 340 manat alıb bilmişlər ki, o biri günü gəlib sayğacı quraşdıracaqlar. Cavabdehin əməkdaşları gedəndən sonra o, müəyyən etmişdir ki, sayğac ünvanlara pulsuz quraşdırılmalı və ondan əsassız olaraq pul almışlar. Səhəri günü həmin əməkdaşlar gəlib sayğacı quraşdıranda o, onlara verdiyi pulu geri tələb eləmişdir. Bundan sonra verdiyi pul ona geri qaytarıldıqdan sonra sayğacın yerləşdirilməsindən imtina etmişlər. O isə həmin evdə yaşayış olmadığına görə sayğacın quraşdırılmasında təkid etməmişdir. Qeyd edir ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən bağ evinə xx.xx.2022-ci il tarixdə sayğac quraşdırılmışdır. Bundan sonra son 3-4 aydır ki, yay mövsümü ilə əlaqədar həmin bağ evindən istifadə edir. Yaşadığı müddətdə də istifadə etdiyi qazın dəyərini ödəmişdir. Lakin etdiyi ödənişlərdən tutulmaların aparılmasını müəyyən etmişdr. Bu məsələni aydınlaşdıranda müəyyən etmişdir ki, guya tərəfindən dəfələrlə, yəni 2021 -ci ilin yanvar ayında, iyun-dekabr aylarında, 2022-ci ilin yanvar-aprel aylarında qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etmiş və buna görə aktlar tərtib edilmiş, həmin aktlar əsasında onun abonent hesabına ümumilikdə 6739.2 manat məbləğində borc hesablanmışdır. Həmin aktlar əsasında hər ay yazılmış məbləğlərə nəzər yetirdikdə görünür ki, o, tək öz bağ evini deyil, həmin bağ evinin yerləşdiyi küçədə olan digər evlərin də qazını təmin eləmişdir. Belə ki, həmin məbləğlərə nəzər yetirdikdə 2021-ci ilin yanvar ayında 885,60 manat, iyun ayında 583,20 manat, iyul-avqust aylarında 194,40 manat, sentyabr ayında 295,20 manat, oktyabr ayında 504 manat, noyabr-dekabr aylarında 648 manat, 2022-ci ilin yanvar ayında 648 manat, fevral ayında 669,6 manat, martaprel aylarında 734,40 manat təşkil etmişdir. Qeyd edir ki, bağ evində 2022-ci ilin aprel ayının 29-dək qazdan istifadə edilməmiş, ümumiyyətlə həmin evdə yaşayış olmamışdır. Tərtib edilmiş aktlar barəsində heç vaxt məlumatı olmamış və bağ evinə cavabdeh Birliyinin əməkdaşları tərəfindən baxış keçirilməmişdir. Nə onun, nə də digər şəxslərin iştirakı ilə akt tərtib edilməmişdir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək məhkəmədən iddanın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, abonent İddiaçı (**********00228 sayla qeydiyyata alınmış abonent koduna) hazırda 6739,2 manat borcu vardır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı aktların surətlərindən görünür ki, abonent İddiaçı qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, kənar xəttin kəsilməsi dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilmiş, iddiaçıya ümumilikdə aktlar əsasında 6739,2 manat məbləğində borc hesablanmışdır. Bundan sonra cavabdeh təşkilatın əməkdaşları mütəmadi olaraq cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə aktlar tərtib etmişdir. Hazırda iddiaçı iddia tələbinin təmin olunmaqla hesablanmış borcun silinməsini tələb edir. Belə ki, «Qazdan istifadə Qaydaları»na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən 6739,2 manat ziyanın hesablanmasına əsas olmuş aktlar isə iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş və qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktların bir nüsxəsi abonentə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq akt istehlakçıya təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00228 olan) hesablanmış 6739,2 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000,0 manatdək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 87,39 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus ünvana aid qaz sağacına (abonent kodu: **********00228 olan) hesablanmış 6739,2 (altı min yeddi yüz otuz doqquz manat, iyirmi) manat məbləğində borc silinsin. Ödənilməli olan 87,39 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2643/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2643/2022
28.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver