Məhkəmə qərarları › İş №2(003)-2664/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2664/2021

17.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2664/2021 17.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış borcun ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış borcun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2-ci yeni sahə, 0003 saylı evin, 0178 saylı mənzilinə quraşdırılmış 302400A nömrəli elektrik sayğacına qanunsuz yolla hesablanmış 6359.65 manat borcun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı tərəf və işdə iştirak edən cavabdeh tərəf ərizələrlə məhkəməyə müraciət edərək, aralarında barışıq sazişi bağlandığını bildirmiş və barışıq sazişinin təsdiq olunmaqla, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri 06.08.2021-ci il tarixli Razılaşma protokoluna əsasən iddia tələbi ilə bağlı mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin iddiaçı və cavabdeh ərizələrlə məhkəməyə müraciət edərək bağladıqları barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək barışıq sazişi bağladıqlarından, mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla hazırki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC arasında 06.08.2021-ci il tarixdə aşağıdakı şərtlərlə bağlanılmış Razılaşma protokolu təsdiq edilsin: 1) İstehlakçıya 24.05.2021-ci il tarixli NDM-022876 saylı akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesablanmış 6359.76 manat müəyyən edilmişdir. Tərəflər razılığa gələrək cərimə məbləğini 1534 manat müəyyən etmişlər. 2) Tərəflər müəyyən edilmiş məbləğlə bağlı gələcəkdə heç bir iddia tələbi irəli sürməyəcəklərini öz öhdələrinə götürürlər. 3) Razılaşma protokolu imzalandığı müddətdən qüvvəyə minir. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış borcun ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar