Məhkəmə qərarları › İş №2(003)-2705/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2705/2020

20.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2705/2020 20.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtixyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Fuad Qasımzadənin iştirakı ilə İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 mənzil 11 ünvanı üzrə **********60011 saylı abonent hesabına yazılmış aktların etibarsız hesab edilməsi və «xxxxxxxx» ASC tərəfindən hesablanmış 1928.76 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxx” ASC tərəfindən ünvan 1 mənzil 11 ünvanı üzrə **********60011 saylı abonent hesabına qanunsuz və əsassız olaraq 1928.76 manat məbləğində borc hesablanmışdır. Sayğacda pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut yoxdur. Ona görə də göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Mənzildən kənarda quraşdırılmış sayğacın qüsurlarına görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərindədir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, «xxxxxxxx» ASC tərəfindən onun yaşadığı ünvan 1 mənzil 11 ünvanına(abonent kodu **********60011) hesablanmış 1928.76 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Fuad Qasımzadə iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və zahatında qeyd etdi ki, sistemdən verilmiş çıxarışda iddia tələbində qeyd edilən məbləğdə borcunun olması göstərilmişdir. Həmin borc məbləği hazırda da mövcuddur və iddiaçı tərəfindən həmin borc ödənilməlidir. Əlavə olaraq bildirmişdir ki, 1928.76 manat borc məbləğinin 1471.68 manat məbləğində hissəsi xx.xx.2009-cu il tarixdə akt əsasında iddiaçının abonent hesabına əlavə sərfiyyata görə hesablanmış pul məbləğidir, qalan borcun 86,76 manat məbləğində hissəsi sayğacın qurlaşdırılması üçün hesablanmış puldan, qalan hissələri isə hesablanmış dəbbə və digər sərfiyyata görə hesablanmış pul məbləğlərindən ibarətdir. Həmçinin bildirmişdir ki, xx.xx.2009-cu il tarixli və digər aktlar hazırda yoxdur və məhkəmə təqdim edilməsi mümkün deyil. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan ünvan 1 mənzil 11 ünvana cavabdeh təşkilatı tərəfindən verilmiş **********60011 saylı kod üzrə abunə haqqında hesabdan çıxarışın bağlanan aktlar bölməsindən görünür ki, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək aktlar əsasında sayğac quraşdırma üçün 86.76 manat, əlavə sərfiyyata görə 1471.68 manat, sayğacsız, dəbbə və digər səbəblərə görə ümumilikdə 1928.76 manat məbləğində borc iddiaçının abonent hesabına hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.7-cı bəndinə əsaəsn bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında araşdırılmış hallardan və iş üzrə tərəflərin izahatlarından müəyyən edilmişdir ki, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək iddiaçının abonent hesabına enerjitəchizatı müəssisəsi tərəfindən aktlar əsasında sayğac quraşdırılmasına görə, əlavə sərfiyyata görə, sayğacsız, dəbbə və digər səbəblər görə ümumilikdə 1928.76 manat məbləğində borc hesablanmışdır. Həmin aktlar hazırda olmadığından cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməsi mümkün olmamış, iddiaçının cavabdeh qarşısından elektrik enerjisinin istehlakçısı kimi yaranmış 1928.76 manat məbləğində borcunun əsasını – yalnız iddiaçının abunə hesabına aktlar əsasında aparılmış hesablamalar (borc məbləğləri) təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 77.2-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə, mülki mübahisəyə qiymət verərək qeyd edir ki, iddiaçı tərəfindən silinməsi tələb olunan 1927.76 manat məbləğində borcun əsasını - enerjitəchizatı müəssisəsi (cavabdeh) tərəfindən aktlar əsasında abonentin (iddiaçının) abunə hesabına müxtəlif vaxtlarda (fərqli səbəblərlə) hesablanmış pul məbləğləri olduğundan, yaranmış borcun əsaslı olması halı barədə sübut etmə yükü cavabdehin üzərinə düşür. Hansı səbəblərə görə sayğacın quraşdırılmasına, akta görə əlavə sərfiyyat (cavabdehin nümayəndəsinin izahatına əsasən həmin akt hazırda olmadığından məhkəməyə təqdim edilməmiş), sayğacsız, dəbbə və digər hallara görə ümumilikdə 1927.76 manat məbləğində iddiaçının öhdəliyinin yaranmasının mötəbərliyini əks etdirən sübutlar məhkəməyə təqdim olunmadığından və həmin borcun yaranmasının əsaslı olması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, «xxxxxxxx» ASC tərəfindən ünvan 1 mənzil 11 ünvanına (abonent kodu **********60011) əsassız hesablanmış1928.76 manatməlbləğində borc silinməli, «xxxxxxxx» ASC-dən 30 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. «xxxxxxxx» ASC tərəfindənünvan 1 mənzil 11 ünvanına (abonent kodu **********60011) əsassız hesablanmış1928.76 manat borc silinsin. «xxxxxxxx» ASC-dən 30 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində BakışəhəriXəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar