Məhkəmə qərarları › İş №2(003)-271/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-271/2025

27.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-271/2025 27.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 nümayəndəsi və vəkili Vəkil iştirtakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33 və “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) “Əmlakın miras kütləsinə daxil edilməsi, mirasın qəbulu faktının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi

1. İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33 və “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) “Əmlakın miras kütləsinə daxil edilməsi, mirasın qəbulu faktının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 (bağ sahəsi) üzərində mərhum X3 mövcud olmuş istifadə və sahiblik hüququnun ondan qalan mirasın kütləsinə daxil edilməsi, həmin hüququn (mirasın) onun tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi və bağ sahəsi üzərində istifadə və sahiblik hüququna dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 7 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Telman Quliyev və anası Tamilla Xudazarova 1985-ci ildə faktiki nikaha girmiş və ünvan 1 ünvanda yaşamışlar. Daha sonra iddiaçının valideynləri 1986-cı ildə Rusiya Federasiyasına getmiş və İddiaçı özü də həmin ölkədə anadan olmuşdur. Bu faktlar iş materialları ilə müəyyən edilir. 1989cu ildə idiiaçı ilə valideynləri yenidən Bakı şəhərinə qayıtmış və ünvan 1 ünvanda yaşamağa başlamışlar. xx.xx.1991 -ci ildə isə nikahlarını rəmiləşdirmişlər. İddiaçının atası ilə anasının nikahı 20 fevral 2003-cü il tarixdə pozulmuşdur. Nikahları pozulandan sonra İddiaçı anasının yanında həmin ünvanda bu günə kimi yaşamaqda davam etmişdir. Quliyev X32 (iddiaçının babası) xx.xx.2011 -ci ildə, X13 (iddiaçının atası) isə xx.xx.2023-cü il tarixdə vəfat etmişlər. Hazırda həmin ünvanda İddiaçı (anası ilə birlikdə), Fərman Quliyev və ailə üzvləri və vəfat etmiş Zöhrab Quliyevin ailə üzvləri yaşayır. Həyət faktiki olaraq 3 ailə təsərrüfatı arasında bölünmüşdür. İddiaçının yaşadığı ünvan babasından miras qalmaqla yalnız ona məxsusdur, digərlərinə aidiyyəti yoxdur. X13 torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqlarını qeydə aldırmadan vəfat etdiyindən onun torpaq sahəsi üzərindəki sahiblik və istifadə hüquqları vərəsəlik yolu ilə iddiaçıya keçmişdir. Miras qalmış bağ sahəsinə DƏDRX-nə təqdim etmək məqsədilə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 7 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, vərəsəlik işinin açılmasını və ona vərəsəlik barədə şəhadətnamə verilməsini xahiş etmişdir. Notariat kontoru tərəfindən iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Notariat ofisi tərəfindən verilən cavab məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmiş və göstərilmiş qəbulu ilə bağlı 6 aylıq müddəti buraxması və miras obyektinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəbdən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyri-mümkündür. Notariat orqanının belə bir imtinasının heç bir hüquqi əsası yoxdur. Nəticədə isə İddiaçı konstitusion hüquqları pozulur, gözlənilən mülkiyyət hüququnun yaranmasına əsassız maneə yaranır. Çünki, mübahisəli ünvana dair mərhum Quliyev X26 məxsus olan bir ilkin torpaq ayrıma və ev sənədi vardır. Həmin sənədi X33 götürməklə iddiaçıya təqdim etmir. Məhkəmə araşdrıması zamanı X16 tələb edilməklə və ya sorğu verilməklə həmin ünvana dair sənəd əldə edilə bilər. İddiaçının Ulu babası, daha sonra babası və sonra atası bağ sahəsini özəlləşdirə bilmədən vəfat etdiklərindən onların həmin bağ üzərində mülkiyyət hüququ yaranmamışdır. Amma, bu demək deyildir ki, onların bağ sahəsi üzərində heç bir hüququ yoxdur. Onun bağ sahəsində mövcud olmuş sahiblik və istifadə hüquqları da vərəsəlik münasibətlərinin predmetidir və bütün hüquq və vəzifələr kimi sahiblik və istifadə hüququ da vərəsəlik qaydasında vərəsələrə keçir. Mübahisəli torpaq sahəsi mülkiyyət kimi dövlət qeydiyyatına alınması barədə iddiaçıda məlumat olmasa da onunla bağlı yalnız mərhumların sahib olduqları sahiblik və istifadə hüquqları ona keçmişdir. Çünki, hər bir halda ki, nədə ifadə olunmasından və harada yerləşməsindən asılı olmayaraq mərhumdan qalan və miras kütləsinə daxil olan bütün əmlakları, tələbləri, hüquqları və vəzifələri vərəsəlik yolu ilə ona keçir. İddiaçı tərəfindən hesab olunur ki, cavabdehin bu hərəkəti qanunsuz, əsassız hesab edilməli, sözügedən torpaq sahəsi və evlə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

3. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında sözügedən ünvandakı torpaq sahəsinin əvvəlcə onun ulu babasına məxsus olduğunu, daha sonra iş materiallarında olan müqavilələr əsasında torpaq sahəsinin babasına keçdiyini, həmin ünvanda babasının və üç oğlunun birgə yaşadığını, babasının sağlığında torpaq sahəsini əmiləri arasında bölüşdürdüyünü, atasının həmin torpaq sahəsinin qardaşları arasında bölüşdürülməsinə etiraz etmədiyini, ata və anasının 2003-cü ildə boşandığını, anasının və özünün həmin ünvanda yerləşən evdə yaşamaq və istifadə hüququnun qətnamə ilə təsbit olunduğunu, əvvəki müqavilələrdə qeyd olunan 18 və 18a saylı torpaq sahəsinin hazırkı iddia ərizəsində qeyd olunan 21 saylı torpaq sahəsi olduğunu, hazırda əmisi X23 onun yaşadığı torpaq sahəsi və evi satmaq istədiyini, lakin özünün uşaqlıqdan həmin ünvanda yaşadığını, onun yaşadığı evin və həyətin heç kimə məxsus olmadığın, əslində əmisinə məxsus əraziyə hər hansı iddiasının olmadığını, əsas istəyinin öz yaşadığı atasından qalmış evə və torpaq sahəsinə hüquqi sənəd almaq olduğunu, atasından qalan istifadə və sahiblik hüququnun ona vərəsəlik qaydasında keçməsi ilə bağlı notariusa müraciət etdiyini, lakin ona müvafiq evə və torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədləri olmadığına görə notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edildiyini qeyd etmişdir.

4. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X23 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiklərini bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, həmçinin izahatında xx.xx.2003-cü il tarixdə iddiaçının babası Quliyev X21 iddia ərizəsində qeyd olunan torpaq sahəsini oğlanları X14 və X15 arasında bölüşdürüldüyünü, həmin torpaq sahəsinin ümumilikdə 23 sotdan ibarət olduğunu, həmin torpaq sahəsinin 14 sotluq hissəsinin X9 və yerdə qalan 9 sotluq hissənin isə X10 verildiyini, qeyd olunanlarla bağlı iddiaçının atası – X3 da razılıq ərizəsinin olduğunu və iş materiallarına əlavə edildiyini, yəni iddiaçının atasının ümumiyyətlə iddia ərizəsində qeyd olunan torpaq sahəsinə hər hansı hüququnun olmadığını, iddiaçının hazırda yaşadığı evin və torpaq sahəsinin müqavilə ilə X9 verilmiş torpaq sahəsində yerləşdiyini, nə iddiaçının atasının, nə də iddiaçının özünün həmin torpaq sahəsinə və evə heç bir hüququnun olmadığını, bu səbəbdən iddianın əsassız olduğunu bildirmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhəri 7 saylı Notariat Kontoruna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfindən nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və iştirak etməməmənin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

7. AЗ seriyalı 194823 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, X13 12 fevral 1962-cı il tarixdə anadan olmuş, atası Quliyev X32, anası X24r.

8. İX-АИ seriyalı 270950 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1986-cı il tarixdə anadan olmuş, atası X13, anası X17r.

9. AZ-İİ seriyalı 438230 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Quliyev X32 xx.xx.2011-ci il tarixdə ölmüşdür.

10. AZ-İİ seriyalı 438481 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X31 xx.xx.2022-ci il tarixdə ölmüşdür.

11. AZ-İİ seriyalı 438215 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2023-cü il tarixdə ölmüşdür.

12. Quliyev X32 tərəfindən Bakı şəhəri X27 ünvanlanmış xx.xx.2002-ci il tarixli ərizədən görünür ki, Şüvəlan sahəsində yerləşən 18 saylı bağ ilə bağlı 39 saylı müqaviləsinin vaxtının qurtardığı üçün, həmin müqavilənin müddətinin artırılmasını xahiş etmişdir.

13. Bağın icrayə verilməsi haqqında xx.xx.2002-ci il tarixli 39 nömrəli müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində 0.23 hektarlıq bağ sahəsi və 42.8 kv.metr sahəsi olan 3 otaqdan ibarət olan ev Quliyev X26 X11 və İstismarı Birliyi tərəfindən icarəyə verilmişdir.

14. X6 tərəfindən Bakı şəhəri X27 ünvanlanmış xx.xx.2003-cü il tarixli ərizədən görünür ki, o, özünə məxsus Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 39 nömrəli müqavilə üzrə 18 saylı bağın oğlanları X18 və X19 arasında bölüşdürülməsini xahiş etmişdir.

15. X31 tərəfindən Bakı şəhəri X27 ünvanlanmış xx.xx.2003-cü il tarixli ərizədən görünür ki, o, həyat yoldaşı Quliyev X26 məxsus olan Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 39 nömrəli müqavilə üzrə 18 saylı bağın övladları X18 və X19 arasında bölüşdürülməsinə etiraz etmədiyini qeyd etmişdir.

16. X18 tərəfindən Bakı şəhəri X27 ünvanlanmış xx.xx.2003-cü il tarixli ərizədən görünür ki, Quliyev X26 məxsus olan Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Sabir küçəsində yerləşən 39 nömrəli müqavilə üzrə 18 saylı bağın qardaşı X14 və özünün arasında bölüşdürülməsini xahiş etmişdir.

17. X33 tərəfindən Bakı şəhəri X27 ünvanlanmış xx.xx.2003-cü il tarixli ərizədən görünür ki, Quliyev X26 məxsus olan Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Sabir küçəsində yerləşən 18 saylı evin iki otağının öz adına və bir otağının qardaşı X7 adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir.

18. X13 tərəfindən Bakı şəhəri X27 ünvanlanmış xx.xx.2003-cü il tarixli ərizədən görünür ki, o, atası Quliyev X26 məxsus olan Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 39 nömrəli müqavilə üzrə 18 saylı bağın qardaşları X15 və X14 arasında bölüşdürülməsinə etiraz etmədiyini qeyd etmişdir.

19. xx.xx.2003-cü il tarixli 32026 saylı Şüvəlan ərazisindəki 18a nömrəli bağın istifadəyə verilməsi haqında müqavilədən görünür ki, Əzizbəyov rayonun Şüvəlan ərazisində 0.12 hektar torpaq sahəsi olan 18a nömrəli X8 istifadəsinə verilmişdir. Müqavilə şərtləri yerinə yetirildikdə müqavilə müddətinin artırılması nəzərdə tutulmuşdur.

20. 12.10.2004-cü il tarixli 32026 saylı Şüvəlan ərazisindəki 18a nömrəli bağın istifadəyə verilməsi haqında müqavilədən görünür ki, Əzizbəyov rayonun Şüvəlan ərazisində 0.11 hektar torpaq sahəsi olan 18a nömrəli X8 istifadəsinə verilmişdir. Müqavilə şərtləri yerinə yetirildikdə müqavilə müddətinin artırılması nəzərdə tutulmuşdur.

21. xx.xx.2003-ci il tarixli 39 saylı Şüvəlan ərazisindəki 18 nömrəli bağın istifadəyə verilməsi haqında müqavilədən görünür ki, Əzizbəyov rayonun Şüvəlan ərazisində 0.09 hektar torpaq sahəsi olan 18 nömrəli X7 istifadəsinə verilmişdir. Müqavilə şərtləri yerinə yetirildikdə müqavilə müddətinin artırılması nəzərdə tutulmuşdur.

22. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin BM seriyalı 002089 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Şüvəlan qəsəbəsi, 18 saylı bağ X7 xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdann keçmişdir.

23. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 18a ünvanında yerləşən 0.087741 ha torpaq sahəsi və ümumi sahəsi 398.2 kv.metr olan daşınmaz əmlak tam pay olmaqla X7 adına dövlət qeydiyyatına alınmışdır.

24. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 18a ünvanında yerləşən 0.0173 ha torpaq sahəsi və ümumi sahəsi 144.65 kv.metr olan daşınmaz əmlak tam pay olmaqla X23 adına dövlət qeydiyyatına alınmışdır.

25. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarxli, 3-21-3-30/2-3370/2025 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, 18a saylı bağ evi X12 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

26. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarxli, 3-21-3-30/2-13459/2025 nömrəli cavab məktubunda qeyd olunur ki, sözügedən bağ sahəsinin arxiv qovluğunda mövcud olan sənədlər 1940- 45-ci illərdən başlayır. Beləki 1825-ci il tarixindən həmin müddətədək hər hansı sənəd, həmçinin 21 saylı bağ sahəsinə dair Quliyev Nəcəfqulinin adına müqavila arxiv qovluğunda aşkar edilməmişdir. Arxiv qovluğunda Bakı şahari, Xəzər rayonu, Şüvalan bağ massivində yerlaşən 0.35 ha torpaq sahəsi olan 38 (köhnə nömrə) saylı bağ sahəsinə dair X22 (senəddə olduğu kimi) ilə ilkin bağlanılmış xx.xx.1947-ci il tarixli, 39 nömrali müqavila mövcuddur. xx.xx.1957-ci il, xx.xx.1960-cı il, xx.xx.1963-cü illərdə müqavilə müddəti yenilənmişdir. xx.xx.1968-ci il tarixli aktda bağın nömrəsi 215/18, sahəsi isə 0.23 hektar qeyd edilmişdir. Daha sonra xx.xx.1976-cı il tarixdə 18 saylı 0.23 hektar bağ sahasinə dair onunla 39 saylı müqavilə bağlanılmışdər, xx.xx.1979-cu ildə müqavilənin müddəti yenilənmişdir. İcarədarın vafatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında Şüvəlan qəsəbəsi, 18 saylı 0.23 ha bağ sahəsi və üzərində olan tikili ilə birlikdə X1 adına keçirilmişdir, onunla xx.xx.1989-cu il tarixli 39 saylı müqavilə bağlanılmışdır, xx.xx.2002-ci il tarixdə müqavilə müddəti yenilənmişdir. X2 və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razıliq ərizəsi əsasında 0.23 ha torpaq sahəsinin 0.12 ha hissəsi 18 saylı bağ sahəsi kimi X25 adına keçirilmişdir va onun adına xx.xx.2003cũ il tarixli 39 saylı müqavilə ilə rəsmiləşdirilmişdir və xx.xx.2004-cü ildə müqavila yenilənmişdir. Həmin müqavilə asasında xx.xx.2005-ci il tarixdə isə onun adına bağ evi kimi ilkin qeydiyyata alınmışdır. Sözügeden bağın 0.11 ha hissəsi isə 18a saylı bağ sahasi kimi xx.xx.2003-cü il tarixli 32026 nömrali müqavilə ile X8 adına rəsmiləşdirilmişdir. xx.xx.2005-ci il tarixdə tərtib edilmiş akta əsasan 18 saylı bağın yerləşdiyi torpaq sahəsi 0.09 ha, 18a saylı bağın yerləşdiyi torpaq sahasi isə 0.14 ha olduğu müəyyən edilmişdir.

27. Bakı şəhəri 7 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 183 nömrəli cavab məktubunfdan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin buraxılması və mirasın qəbulu faktını təsdiq edən sənəd, miras əmlakın miras qoyan Quliyev X26 məxsus olması haqqında hüquqmüəyyənedici sənədin təqdim olunması səbəbilə vərəsəlik hüququ haqqında şəhadətnamənin İddiaçı verilməsi qeyri-mümkün hesab edilmişdir.

28. İş materiallarından göründüyü kimi, iddiaçının babası – Quliyev X32 ilə X11 və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2002-ci il tarixli 39 nömrəli müqaviləyə əsasən Şüvəlan qəsəbəsində 0.23 hektarlıq bağ sahəsi və 42.8 kv.metr sahəsi olan 3 otaqdan ibarət olan ev onun istifadəsinə verilmiş, daha sonra Quliyev X32 ərizə ilə X11 və İstismarı Birliyinə ərizə ilə müraciət edərək, qeyd olunan torpaq sahəsinin iki oğlu – X15 və X14 arasında bölüşdürülməsini xahiş etmiş, onun bütün ailə üzvləri, o cümlədən digər oğlu (iddiaçının atası) X13 razılıq ərizəsi təqdim edərək xx.xx.2002-ci il tarixli 39 nömrəli müqavilə əsasında atasına məxsus olan 18 saylı bağın qardaşlarının adına keçməsinə etiraz etmədiyini təsdiq etmişdir. Qeyd olunanlar əsasında X11 və İstismarı Birliyi tərəfindən xx.xx.2003-cũ il tarixli yeni müqavilələr bağlanaraq Şüvəlan qəsəbəsi, 18 saylı 0.23 ha bağ sahəsi və onun üzərində olan tikili iddiaçının əmiləri arasında bölüşdürülmüşdür. Belə ki, 0.23 ha torpaq sahəsinin 0.12 ha hissəsi 18 saylı bağ sahəsi kimi X25 adına, bağın 0.11 ha hissəsi isə 18a saylı bağ sahəsi kimi X8 adına keçirilmiş, daha sonra da müvafiq olaraq həmin şəxslərin adına dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarış verilmişdir.

29. İddiaçı ünvan 4 (bağ sahəsi) üzərində mərhum X3 mövcud olmuş istifadə və sahiblik hüququnun ondan qalan mirasın kütləsinə daxil olduğunu, həmin hüququn (mirasın) onun tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməli olduğunu və ona sözügedən bağ sahəsi üzərində istifadə və sahiblik hüququna dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasını tələb edir.

30. Azərbaycan Respublikası Konstitusiyasına əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Dövlət vərəsəlik hüququna təminat verir. (maddə 13, 29)

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra “MM”) əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1) Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (maddə 139.1) Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (maddə 146)

32. Habelə Mülki Məcəlləyə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. (maddə 1133.1) Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (1151.1) Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. (maddə 1153) Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. (maddə 1200)

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci il tarixli Qərarına əsasən, vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki Məcəllənin 1200-cü maddəsində əks olunan bu hüquq məcburi pay institutunun əsas məqsədi olan məcburi vərəsələrin əmlak hüquqlarının vəsiyyət edənin subyektiv iradəsindən qorunmasına və nəticədə onlara çatacaq məcburi payın pozulmasının qarşısının alınmasına xidmət edir. Bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər və belə məhdudlaşdırma digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir. Vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

34. Mülki qanunvericiliyə əsasən miras əmlak miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusundan ibarətdir. Habelə həmin miras əmlakın vərəsəlik qaydasında ötürülə bilməsi üçün həmin hüquq və vəzifələr şəxsin ölümü ilə xitam edilən hüquq və vəzifələr olmamalıdır. Hazırkı mülki iş üzrə iddiaçı ünvan 4 üzərində mərhum atasının mövcud olmuş istifadə və sahiblik hüququnun miras əmlak kütləsinə daxil edilməsini tələb etmişdir. Lakin iddiaçı tərəfindən sözügedən daşınmaz əmlakın dövlət qeydiyyatına alındığını, həmin əmlak üzərində atasının mülkiyyət hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Eləcə də, məhkəmə araşdırması nəticəsində mərhum X3 ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka hüquqlarının mövcud olmasını təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Əvvəla, iddiaçı miras əmlak kütləsinə atasının istifadə və sahiblik hüquqlarının daxil edilməsini tələb etdiyindən qeyd olunmalıdır ki, mülkiyyət hüququ və daşınmaz əmlaka istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Halbuki iddiaçı atasının həmin daşınmaz əmlak üzərində dövlət qeydiyyatına alınmış hüquqlarının olduğunu sübuta yetirə bilməmişdir. Hətta iddiaçının daşınmaz əmlak üzərində atasının sahiblik və istifadə hüququnun olduğunu əsaslandırmaq üçün təqdim etdiyi Əzizbəyov Rayon Məhkəməsinin 2-603/2004 saylı, 13 dekabr 2004-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçının atası X20 özü izahatında bildirmişdir ki, “mübahisəli ev (Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, 21 saylı ev) bağ evidir, həmin bağ evi əvvəllər babasına, sonra isə atasının adına olmuş, atası Quliyev Cəfərqulu bağ sahəsini 2 oğlu arasında bölmüş, bir hissəsini Quliyev Fərmana, digər hissəsini Quliyev Zöhrabın icarəsinə vermişdir. O, həmin ünvana ailə qurduqdan sonra köçmüşdür.” Həmin qətnamədə məhkəmə qeyd etmişdir ki, “həmçinin qarşılıqlı iddia üzrə ünvan 5 ünvanda sahələri 24.50 və 29,76 kv.m. olan 2 yaşayış otağa bitişik olan sahəsi 24.50 kv.mş olan otağın qarşısında 10,15 kv.m. olan yarımçıq tikilinin, sahəsi 29,76 kv.m. olan otağın qarşısında sahələri 13.2 kv.m. və 60 kv.m. olan yarımçıq tikililərin və qarşısında torpaq sahəsi ayrılmaqla təcrid olunmaqla Tamilla Xudazarovaın (red. iddiaçının anasının) istifadəsinə verilməsi haqqında tələbi, həmin tikililər buna lazımi icazələr alınmadan inşa edildiyindən özbaşına tikinti sayılaraq təmin edilməməlidir.” Göründüyü kimi, iddia tələbində qeyd olunanların əksinə olaraq, işin faktiki halları həmçinin iddiaçının özünün izahatı əsasında müəyyən edilmişdir ki, mübahisələndirilən daşınmaz əmlak 2003-cü ilədək iddiaçının babasının istifadəsində olmuş, 2003-cü ildə isə həmin torpaq sahəsi və onun üzərindəki tikili iddiaçının atasının da razılığ ilə iddiaçının əmiləri arasında bölüşdürülmüşdür. Başqa sözlə, iddiaçının vərəsəlik hüququnun tanınmasını iddia etdiyi daşınmaz əmlak hələ 2003-cü ildən başqa şəxslərin - X4 və X5 mülkiyyətindədir. İddiaçının atası X13 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Ona görə də, nə iddiaçının atasının, nə də iddiaçının özünün mübahisə olunan daşınmaz əmlak üzərində vərəsəlik hüququ yaranmamışdır.

35. Məhkəmə iddia tələbinin miras əmlakın faktiki olaraq qəbul edilməsinə münasibətdə qeyd edir ki, miras əmlakın faktiki qəbul edilməsi üçün əvvəla miras qoyanın sağlığında həmin əmlaka hüquqularının olması və bu hüquqların mirasın açıldığı anda mvövcud olması zəruridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən mirasın faktiki olaraq qəbul edilməsi vərəsənin miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirməsi və ona sahib durması ilə əlaqədardır. Lakin hazırkı mülki iş üzrə iddiaçının atasının (X3) ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka vərəslik yolu ilə keçə biləcək mülkiyyət və digər əmlak hüquqları müəyyən edilmir. Belə olan halda, iddiaçı tərəfindən miras əmlaka faktiki sahiblik edilməsi və mirasın faktiki olaraq qəbul edilməsi mümkün deyil. Mübahisə olunan daşınmaz əmlak üzərində iddiaçının vərəsəlik hüququ yaranmadığından da, notarius tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edilməsi də qanunidir.

36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

37. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33 və “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” X44 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) “Əmlakın miras kütləsinə daxil edilməsi, mirasın qəbulu faktının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

38. Məhkəmə qeyd edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyi üçün iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar