Məhkəmə qərarları › İş №2(003)-2740/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2740/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2740/2021 02.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nəriman Axundovun iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********84247 olan iPhone 11 Pro Max markalı telefon üçün 2551 manat ödənilməmiş hissə, 765 manat dəbbə pulu, 03.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********85683 olan iPhone 11 Pro markalı telefon üçün 2640 manat ödənilməmiş hissə, 794 manat dəbbə pulu ümumilikdə 6750 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5548.6 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 14.01.2020-ci il tarixli müqaviləsinə əsasən o, alqı-satqı qiyməti 3673.2 manat olan İMEİ Kodu **********84247 olan iPhone 11 Pro Max markalı telefon almışdır. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 3316 manat borcu qalmışdır. Hazırda mövcud olan 3316 manat borcdan, 2551 manat ödənilməmiş hissə, 765 manat dəbbə pulu. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 03.12.2019-cu il tarixli müqaviləsinə əsasən o, alqı-satqı qiyməti 3528 manat İMEİ Kodu **********85683 olan iPhone 11 Pro markalı telefon almışdır. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 3434 manat borcu qalmışdır. Hazırda mövcud olan 3434 manat borcdan, 2640 manat ödənilməmiş hissə, 794 manat dəbbə pulu hesablanmışdır. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmyaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 14.01.2020-ci il tarixdə 20037097 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 3673.2 manat olan mobil telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 255.1 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 03.12.2019-cu il tarixdə 01096732 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 3528 manat olan mobil telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 294 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 14.01.2020-ci il tarixli 20037097 saylı müqaviləyə əsasən, 2551 manat ödənilməmiş hissə, 765 manat dəbbə pulu, 03.12.2019-cu il tarixli 01096732 saylı müqaviləsinə əsasən 2640 manat ödənilməmiş hissə, 794 manat dəbbə pulu borcu mövcuddur. İş materiallarında olan cavabdehə ünvanlanmış pretenziyadan görünür ki, borcun ödənilmədiyi təqdirdə borcun ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən cavabdeh tərəfindən iddiaçıdan müxtəlif əşyalar alınmış və alğı-satqı müqavilələri üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin müqavilələr üzrə cavabdeh tərəfindən ödənilməmiş əsas borclar cavabdehdən tutulmaqla həmin hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 14.01.2020-ci il tarixli 20037097 saylı müqaviləyə əsasən 2551 manat əsas borca münasibətdə 765 manat dəbbə, 03.12.2019-cu il tarixli 01096732 saylı müqaviləyə əsasən 2640 manat əsas borca münasibətdə 794 manat dəbbə pulunun cavabdehdən tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 14.01.2020-ci il tarixli 20037097 saylı müqaviləyə əsasən 50 manat, 03.12.2019-cu il tarixli 01096732 saylı müqaviləyə əsasən 50 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş rüsum cavabdən alnaraq iddiaçının xeyrinə tutilmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.01.2020-ci il tarixli 20037097 saylı müqavilə üzrə 2551 manat ödənilməmiş hissə, 50 manat dəbbə, 03.12.2019-cu il tarixli 01096732 saylı müqavilə üzrə 2640 manat ödənilməmiş hissə, 50 manat dəbbə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 2333, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14.01.2020-ci il tarixli 20037097 saylı müqavilə üzrə 2551 manat ödənilməmiş hissə, 50 manat dəbbə, 03.12.2019-cu il tarixli 01096732 saylı müqavilə üzrə 2640 manat ödənilməmiş hissə, 50 manat dəbbə və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 5291 (beş min iki yüz doxsan bir) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar