Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2741/2025 04.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “iddiaçı ilə müqavilə bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdeh1nə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “iddiaçı ilə müqavilə bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə yəni, Cavabdeh1 və "xxxx" ASC-nə Bakı şəhəri, Xəzər rayonu, Mayak bağ massivində yerləşən bağ sahəsinə dair X1 adına verilmiş abonent kodlarının və müqavilələrin ləğv edilərək Bakı şəhəri, Xəzər rayonu, Mayak bağ massivində yerləşən ona məxsus bağ sahəsinin təbii qaz və elektrik enerjisinə dair məişət abonenti kimi onunla müqavilə bağlanmasının həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.7-ci maddəsinə əsasən də, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, iddia tələbləri iki fərqli cavabdehə (quruma) – Cavabdeh1nə və "xxxx" ASC-yə qarşı yönəlmiş, cavabdehlərlə başqa bir şəxs (X2) arasında bağlanılmış müqavilələrin və onlar tərəfindən həmin şəxsə verilmiş əvvəlki abonent kodlarının ləğv edilməsi, həmçinin iddiaçı ilə yeni müqavilələr bağlanması öhdəliyinin müəyyən edilməsi ilə əlaqədardır. Məhkəmə qeyd edir ki, cavabdehlərə qarşı yönəmiş iddia tələbləri məzmunca eyni olsa da, həmin cavabdehlər və iddia tələbləri arasında qarşılqlı əlaqə mövcud deyildir. Yəni cavabdehlərdən hər biri fərqli qurum olmaqla, onlardan birinə qarşı yönələn iddia tələbinin təmin olunub-olunmaması, digər cavabdehə qarşı yönələn iddia tələbinin təmin olunub-olunmamasına hər hansı təsir göstərmir. Belə olan halda, bir-biri ilə əlaqəsi olmayan iki ayrı cavabdehə qarşı bir-biri ilə əlaqəsi olmayan tələblərin bir iddia ərizəsində birləşdirilməsi yolverilməzdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6252/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilərək, iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü məsələsinə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan görünür ki, məhkəmə cavabdehlərin müxtəlif ünvanlarda qeydiyyatda olmasına münasibət bildirilərək, iddiaçının öz yaşadığı yerə görə iddia tələbini məhkəməyə verə biləcəyi qeyd olunmuşdur. Qeyd olunmalıdır ki, hazırda iddia ərizəsinin geri qaytarılma səbəbi, cavabdehlərin qeydiyyat ünvanlarının fərqli olması ilə deyil, cavabdehlərin və iddia tələblərinin bir-biri ilə qarşılıqlı əlaqəsinin olmaması ilə əlaqədardır. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər yuxarıda sadalanan əsaslarla geri qaytarılmalıdır Habelə məhkəmə qeyd edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Cavabdeh1nə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “iddiaçı ilə müqavilə bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onların ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-2741/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2741/2025
04.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver