Məhkəmə qərarları › İş №2(003)-2774/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2774/2021

23.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2774/2021 23.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 110824 borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Mərdəkan qəsəbəsi Kolxoz küçəsi döngə 1 ev 12A ünvanda yaşayır. Həyat yoldaşı X4 10.04.2021-ci il tarixdə vəfat etmişdir. İstifadə etdikləri qaza görə həmişə ödənişlər etmişlər. Əri vəfat edəndən sonra ona məlum olmuşdur ki, qaza görə onlara borc hesablanmışdır. Cavabdeh İB-yə müraciət etdikdə ona bildirmişlər ki, sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə əməkdaşlar tərəfindən akt tərtib edilmiş və həmin akt əsasında ona cərimə hesablanmışdır. Halbuki o, kənar xəttdən istifadə etməmişdir. Ona təqdim olunan abonentin saldolarından görünür ki, 2015-ci ildə 749.30 manat, 2016-cı ildə 940.50 manat, 2017-ci ildə 1228 manat, 2018-ci ildə 2845.60 manat, 2019-cu ildə 1200.60 manat, 2020ci ildə 2937.60 manat, 2021 -ci ildə 1180.8 manat borc hesablanmış, aktlar tərtib edilmişdir. Həmin aktlardan mənim xəbərim olmamışdır. Aktlar tərtib edilərkən nə onun, nə də ailə üzvlərinin xəbəri olmamışdır, bu barədə onlara məlumat da verilməmişdir. Göründüyü kimi həmin akt formal olaraq tərtib olunmuş və əsassız yerə ona borc yazılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 1180 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçının Cavabdeh İB-nə qarşı həmin iddia ərizəsində qeyd olunmuş tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur və belə hal yolverilməzdir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazm alqısatqısı barədə Müqavilə” X5 ilə Cavabdeh İB arasında bağlanmışdır. İddiaçı isə qeyd olunan müqavilədən irəli gələn tələbləri etməyə hər hansı hüququ yoxdur. Cavabdehin nümayəndəsi eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etməklə iddia tələbinin müddətin ötürülməsi səbəbindən rədd olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı onunla cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etmişdir. İddiaçıya aid olan **********20000 abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir. Həmin hərəkətlər «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 2015-ci il tarixli, 2016-cı il tarixli, 2017-ci il tarixli, 2018-ci il tarixli, 2019-cu il tarixli və digər Aktlarla rəsmiləşdirilmişdir. Göründüyü kimi iddiaçı 2016-ci il üzrə, 2017-cı il üzrə və 2018-ci ilin yanvar-iyun ayları üzrə yazılmış Aktlar əsasında qeydə alınmayan itirilmiş qazın dəyəri kimi hesablanmış və onun abonent hesabına yazılmış borcu da mübahisələndirmişdir. Bu halı onun iddia ərizəsinə nəzər yetirdikdə də görmək olar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən “Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir”. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən “Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir”. Məhkəmə işdə iştirak edən şəxslərinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, **********20000 saylı abonent hesabına 1180 manat borc hesablanmışdır. İş materiallarında olan 26.02.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent qeyri-qanuni təbii qazdan istifadə edir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Araşdırma zamanı iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçının ünvanına Cavabdeh tərəfindən müxtəlif vaxtlarda aktlar əsasında dəymiş zərərlərə görə ümumilikdə 1180 manat borc hesablanmışdır. Zərərin hesablanmasına əsas olmuş aktlar isə tərtib edilən zamanı iddiaçı və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməmiş və hər bir aktın bir surəti digər tərəfə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə tərtib edilmiş aktlar əsasında dəymiş zərərlərin hesablanması və iddiaçıdan tələb olunması mövcüd olduğundan, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz abonent (iş üzrə iddiaçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərərlərin cavabdeh tərəfindən sübuta yetirilmədiyindən aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. Məhkəmə iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfin ərizəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 384.0.1-ci maddəsinə əsasən şəxsi qeyriəmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İstehlakçı hüquqlarının pozulması da şəxsi qeyri-əmlak hüquqlarına aid edildiyindən iddia müddətinin tətbiq barədə ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iş üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunmaqla, iddianın qiyməti də 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********20000 saylı abonent koduna hesablanmış 1180 (bir min bir yüz səksən) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar