Məhkəmə qərarları › İş №2(003)-278/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-278/2024

06.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-278/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvana Cavabdeh tərəfindən əsassız hesablanmış 6397,70 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Sözü gedən fərdi yaşayış evini təbii qazla təchiz edilmişdir. xx.xx.2023-cü il tarixdə “qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Daha sonra ona bildirmişlər ki, ünvandakı qaza təbii qazdan istifadə qaydalarının pozulması haqqqında” aktlar tərtib olunmuşdur. 10 avqust 2023-cü il tarixdə cavabdeh ərizə ilə müraciət edərək aktların, saldonun və digər sənədləri istədikdən sonra əldə etmişdir. Sənədləri əldə etdikdən sonra məlum olmuşdur ki, 6397,70 manat borcu vardır. Saldoya baxış keçirərkən məlum olmuşdur ki, akt üzrə yalnız 2012-ci il tarixdə 604 manat borc yazılmışdır. 2022-ci ilin avqust ayın bir anda ona 6345,50 manat ödəniş yazılmışdır. O, heç vaxt sayğaca müdaxilə etməmiş, qazdan qeyri-qanuni istifadə etməmişdir. Məhkəmə tərəfindən yerli baxış keçirilərsə qazdan qeyri-qanuni istifadə etməməyi məlum olar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.Əlavə olaraq bildirdi ki, onun ünvanına məxsus qaz sayğacı onun evindən çox aralıda quraşdırılmışdır. Həmin sayğacda ondan aslı olmayan səbəblərdən qaz sızıntısı olmuşdur. O, qaz sayğacınınb olduğu ünvanda yaşamır. Həmin ünvana arabir gedib gəlir. Əvvələr orada yaşayıb. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X3 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 6345,0 manat borc iddiaçının ünvanında olan qaz sayğacının mexaniki və elektron göstəricilərinin arasında olan fərqə görə yazılmışdır. Belə ki, iddiaçının ünvanda yerləşən ayğac dəyişdirilərkən köhnə sayğac labaratoriyadan keçirilmiş, bu zanman həmin sayğacın elektron və mexaniki göstəriciləri arasında fərq olması müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Biriliyinin Bakı X6 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı”barədə xx.xx.2023-cü il tarixli AKX-05680xx/xx-2023 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2022-ci ilin dekabr ayının sonuna iddiaçının ünvanına aid olan qaz sayğacına 6345,98 manat borc hesablanmışdır. İş materiallarında olan bildiriş-xəbərdarlıqdan görünür ki, abonent kodu **********00000 olan İddiaçı əvəz edilmiş 1205AQ**********2 nömrəli sayğacın 6397,70 manat borcunun olmasına dair məlumat verilmişdir. İş materiallarında olan abonent kodu **********30000 olan İddiaçı aid olan elektrik sayğacına aid abunə haqqında məlumatdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 64,0 manat, xx.xx.2022-ci il tarixdə 47,49 manat, xx.xx.2022-ci il tarixdə 42,29 manat, xx.xx.2022-ci il tarixdə 58,93 manat, xx.xx.2022-ci il tarixdə 11,6 manat, xx.xx.2022-ci il tarixdə 10,72 manat, xx.xx.2022-ci il tarixdə 39,69 manat, xx.xx.2022-ci il tarixdə 108,33 manat, xx.xx.2022-ci il tarixdə 132,12 manat, xx.xx.2022-ci il tarixdə 50,35 manat, xx.xx.2022-ci il tarixdə 20,77 manat və xx.xx.2022-ci il tarixdə 20,59 manat "xxxx" ASC-yə pul ödəmişdir. İş materiallarında olan Cavabdeh “qaz sayğacının yoxlanılması” barədə MSK- 29/1710-02978-1 saylı aktın surətindən görünür ki, sayğac zavod nömrəsi 1205AQ**********2 olan, mexaniki göstəricisi 61759 kub.metr, elektron göstəricisi 31131 kub.metr, toplam krediti 31179 kub.metr, qalan krediti 49 kub.metr olan sayğaca ümumi baxış keçirildi. Göstəriciləri arasında fərq mövcuddur. Sayğacın yaddaş arxivi oxunmur. Sayğacda istismar müddətində “ALARM-1” rejimi aşkar olunmayıb. Xətalar normaya uyğundur. Sayğac istismara yararsızdır. İş materiallarında olan abonent kodu **********00000 olan, hesab nömrəsi L**********8824 olan İddiaçı aid olan qaz sayğacına aid “GASREP”-dən çıxarışın surətindən görünür ki, İddiaçı 2011-2022-ci illər ərzində ümumilikdə 3377 manat ödəniş etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Biriliyinin Bakı X6 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqı” barədə xx.xx.2023-cü il tarixli AKX-05680xx/xx- 2023 saylı müqavilə bağlanmışdır. Lakin xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta tərtib olunmuş, akt əsasında 31179 m3 fərqin olması müəyyən edilmiş, İstehlakçının istifadəsində olan 1205AQ**********2 olan, mexaniki göstəricisi 61759 kub.metr, elektron göstəricisi 31131,2 kub.metr, toplam krediti 31179 kub.metr, qalan krediti 49 kub.metr olan sayğac xx.xx.2022-ci il tarixdə dövlət yoxlanılmasına göndərilmişdir. Yoxlama zamanı sayğacın göstəriciləri arasında fərq mövcud olması, sayğacın yaddaş arxivinin oxunmaması, sayğacın istismar müddətində “ALARM-1” rejimi aşkar olunmaması, xətalar normaya uyğun olması və sayğacın istismara yararsız olması aşkar edilmişdir. İşin faktiki hallarında müəyyən edilmişdir ki, akt əsasında elektron mexaniki göstərici arasında olan 30627,8 kub metr fərqə əsasən hər kub metr üçn 0,20 manat hesablanmaqla 6345,0 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, abonent təbii qazdan faktiki istifadə etdiyindən və həmin hal işin faktiki halları ilə müəyyən edildiyindən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin qərarın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qərarın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi mübahisəli sayğacın yerləşdiyi ünvana mütəmadi yaşamadıqlarını, bu səbəbdən də cavabdehin hesabladığı zərərlə razı deyildir və həmin zərərin onun hesabından silinməsini xahiş etmişdir. İş materiallarında olan ünvan 2 ünvana aid abuna haqqında saldodan görünür ki, mənzildə 2022-2024-cü illərdə istifadə olunmuş elektrik enerjisinə görə ona borc hesablanmış və abonet tərəfindən istifadə olunmuş elektrik enerjisinə görə mütəmadi ödənişlər edilmişdir. Göründüyü kimi iddiaçının nümayəndəsi qeyd olunan ünvanda 2017-cı ildən yaşamadığını bildirsə də, iş materiallarında olan "xxxx" ASC-nin İddiaçı adına olan abonent saldosunda istifadə olunmuş elektrik enerjisinin həcmi və həmin istifadəyə görə aparılmış ödənişlər qeyd olunan evdə yaşayışın olmamasını istisna edir. Bundan başqa qaz sayğacına dair gasrep çıxarışından görünür ki istehlakçının (abonentin) 2011-ci ildən 2016-cı ilədək olan dövrdə istifadə etdiyi təbi qaz görə 2787 manat ödəniş etsədə, 2017-ci ildən borcun hesblandığı 2022-ci ilin avqust ayınadək cəmi 59 manat ödəniş etmişdir. Belə olan halda məhkəmə iddiçaının nümayəndəsinin qeyd olunan ünvanda 2017-ci ildən yaşamaması barədə dediklərini inandırıcı saymamaqla, istifadə etdiyi təbii qaza görə 2011-ci ildən 2017-ci ilin iyun ayınadək 2787 manat, 2017-ci ilin iyul ayından 2022-ci ilin abqust ayınadək 59 manat ödəməsini, həmin sayğacda mexaniki göstərici ilə elektron göstərici arasında fərqin olmasını əsaslı heab edir. Lakin məhkəmə cavabdeh təşkilatın yaranmış fərqə görə zərər hesablanmasını əsaslı hesab etsə də, həmin fərqə görə hər kub metr üçün 0,20 manat hesablanmanı əsaslı hesab etmir. Belə ki, sayğacda elektron və mexaniki göstəricilər arasında yaranmış fərqin hansı aylarda və hansı illərdə ayrı-ayrılıqda nə qədər olması müəyyən olunmadığından məhkəmə yaranmış fərqə görə hər kub metr üçün 0,10 manat zərər hesablanmasını ağlabatan və ədalətli hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, araşdırılan akt üzrə 30627,8 kub metr fərqin olması, hər kub metr üçün 0.10 manat hesablanmaqla, ümumilikdə 3062,78 manat məbləğində borcun iddiaçıya hesablanması ədalətli və ağlabatandır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddia tələbində 6397,0 manat borcun silinməsini qeyd etsə də cavabdeh təşkilat tərəfindən iddiaçının ünvanına məxsus qaz sayğacına 6345,5 manat zərər hesablanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00000 olan) hesablanmış 6345,98 manat borcun 3282,72 (6345,5 - 3062,78) manat məbləğində olan hissəsi silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinəəsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 50,58 manat məbləğində cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2).Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent kodu **********00000 olan sayğaca hesablanmış 3282,72 manat məbləğində borc silinsin. 50,58 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar