Məhkəmə qərarları › İş №2(003)-2786/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2786/2021

09.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2786/2021 09.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Musayev Nazim Cəlal oğlunun, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və 7 saylı Dövlət Notariat Kontoruna qarşı vərəsəlik hərəkətlərinin qanunsuz və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, qeydiyyatın ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və 7 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, X2nun 07 iyun 2010-cu ildə vəfatı ilə əlaqədar Cavabdeh2 10 sentyabr 2020-ci il tarixli ərizəsi əsasında Bakı şəhəri,7 saylı Notariat ofisində aparılmış notariat hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri,7 saylı notariat ofisi tərəfindən həmin qanunsuz hərəkətlər nəticəsində Cavabdeh2 adına verilmiş 26 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək, mübahisəli torpaq sahəsinin vərəsəlik haqqında şəhadətnamə əsasında 02.06.2021-ci il tarixində Cavabdeh2 adına aparılmış qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatını bununla əsaslandırmışdır ki, o, 1989-cu ildə X9 ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. 1990cu ilin sentyabrında isə nikahlarını rəsmiləşdirmişlər. Ailə qurduqdan sonra yaşayış yerləri olmadığından torpaq sahəsi alıb fərdi yaşayış sahəsi inşa etmək istəmişlər. Lakin torpaq sahəsi almağında problemlər yaranıb. Belə ki, qeyri-rəsmi ailə qursa da, həmin vaxtlar o da atasının yaşadığı Mərdəkan qəsəbəsi, Pioner küçəsi 30 ünvanında qeydiyyatda idi. Atasının yaşadığı ünvanda qeydiyyatda olmağı ayrıca təsərrüfat aparmağı anlamına gəlmirdi. O səbəbdən çoxuşaqlı ailə kimi atası onlara kömək etmiş və bütün xərcləri onlar çəkməklə Əzizbəyov rayon xalq deputatları Soveti icraiyyə komitəsinin 16 noyabr 1990-cı il tarixli Qərarı ilə fərdi ev tikintisi üçün atasının adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində rəsmi olaraq 750 kv.m-lik 3/626C saylı torpaq sahəsini almışlar. Sənədlərdə 750 kv.m. göstərilsə də, daha çox sahəni hasara almışlar. Hasarın xərclərini də həyat yoldaşı Asəflə birlikdə qarşılamışdır. Hasarın çəkilməsinə və işin təşkilinə atası rəhbərlik edib. Bir sözlə, gənc ailə kimi həmin sahədə onun üçün mənzil tikilməsini planlaşdırmışlar. Lakin torpaq sahəsi yoldan çox uzaq olduğundan, kommunikasiya xəttləri olmadığından, əsasən də yoldaşının şəhərdə işləməsi ilə əlaqədar ev tikintiləri təxirə salmışlar. Bir müddət sonra isə Mərdəkan qəsəbəsinin özündə özləri üçün minimal yaşayış şəraiti yarada bildiklərindən, fərdi yaşayış evinin tikintisini qeyri-müəyyən vaxta saxlamışlar. Bir sözlə, aldıqları torpaq sahəsi formal olaraq atasının adına olsa da, torpağın həqiqi sahibləri onlar - Zeynalovlar hesab edilir. Bu barədə bacısı Mehriban və qardaşı Mehman tam məlumatlı idilər.Torpaq sahəsi alınarkən də onların hər ikisi azyaşlı idilər. Bununla belə, bacısı Mehriban və qardaşı Mehman həddi-büluğa çatdıqdan sonra hər ikisi ailə quraraq atasından ayrılmışlar. Lakin Mehribanın ailə həyatı alınmadığından bir müddət sonra azyaşlı uşaqları ilə birlikdə atasının yanına qayıtmış, atası əvvəlcə Mehman üçün, bir neçə il sonra isə nikahı pozulmuş bacısı Mehriban üçün özünün yaşadığı həyətdə əlavə tikililər edib onlara vermişdir. Yəni atası vəfat edənə qədər istər qardaşı Mehman, istərsə də bacısı Mehriban atasının yaşadığı Mərdəkan qəsəbəsi, Pioner küçəsi ev 30 ünvanında qeydiyyatda olsalar da, həmin həyətdə hərəsinin öz yaşayış sahələri olmuş və ayrıca təsərrüfat aparmışlar. Atasının sağlığında heç vaxt faktiki olaraq aldıqları mübahisəli torpaq sahəsinə iddia etməmişlər. X2 07 iyun 2010-cu ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra da, torpağa dair mübahisə olmamışdır. Lakin 2020-ci ilin sonlarında kənar şəxslər vasitəsi ilə məlumat almışdır ki, bacısı Cavabdeh2 qardaşı Mehmanla birlikdə gizli şəkildə torpaq sahəsinin atasının adına olmasından istifadə edib, öz adlarına keçirib daha sonra isə satmaq üçün 7 saylı notariat ofisinə müraciət etmişlər. Onların Notariat ofisinə nə vaxt müraciət etdikləri barədə məlumatı olmamış və vərəsəliklə bağlı Notariat ofisindən ona bildiriş göndərilməmişdir. Bu məlumatı aldıqdan dərhal sonra o, 7 saylı Notariat ofisinə gələrək, notarius Nadir Vədətovdan məsələyə aydınlıq gətirilməsini xahiş etmişdir. Notarius sənədlərinə baxıb vərəsəlik işinin açıldığını, onun da atasının vərəsəsi olmağını izah etmiş və ofisdə məzmununu izah etmədən müəyyən sənədlərə imza atdırmışdır. Bununla belə, yuxarıda da göstərdiyi kimi, torpağın sahəsi sənədlərdə göstərildiyindən çox olduğundan həmin sahənin vərəslik qaydasında bölünməsinə də etiraz etməmişdir. Sənədlərə qol çəkdirdikdən sonra notarius ona bildirmişdir ki, payına düşən miras əmlakı qəbul etmək üçün nəzərdə tutulmuş "müddəti ötürmüsünüz, müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət edin, məhkəmə problemsiz müddəti bərpa edəcək,ondan sonra gələrsiniz payınızı qəbul edərsiniz". Üstəlik, notarius Mehdi adlı tanışına müraciət etməyini məsləhət gördü ki, bu işdə həmin şəxs ona kömək edəcəkdir. O, notariusun məsləhəti ilə Xəzər rayon məhkəməsinə müraciət etmişdir. İddiasının rədd edilməsinə dair məhkəmə qətnaməsini aldıqdan sonra bilmişdir ki, notarius Nadir Vədətov məhkəməyə sənəd göndərib ki, guya o, vərəsəliyin qəbulu ilə bağlı 7 saylı Notariat ofisinə ərizə ilə müraciət etmiş və onun ərizəsinə imtina cavabı verilibdir. Halbuki, ona heç vaxt nə şifahi, nə də ki, yazılı surətdə belə cavab verilməmişdir. Onda başa düşmüşdür ki, notarius bacısı Cavabdeh2 ilə əlbir olub onun hüquqi savadsızlığından və inamından istifadə edərək məhkəməyə müraciət etməyini məsləhət görübdür. Baxmayaraq ki, bacısı Mehriban və qardaşı Mehman da vərəsəliyin qəbulu ilə bağlı qanunda nəzərdə tutulmuş müddəti ötürsələr də, notarius onların ərizəsini qəbul edib qanunsuz olaraq vərəsəlik işi açmışdır. Vərəsəlik haqqında şəhadətnamənin verilməsinə dair 24 may 2021-ci il tarixli təkrar müraciətinə isə notarius 31 iyun 2021-ci il tarixində 27 may 2021-ci il tarixi ilə imtina cavabı vermişdir. İmtinanın səbəbini atası ilə bir ünvanda qeydiyyatda olmadığı ilə, mübahisəli torpaq sahəsindən istifadə etmədiyilə, torpaq sahəsinə dair vergi ödəmədiyilə, ünvanı barədə onlarda məlumatın olmaması ilə və vərəsələrin bu barədə məlumat verməmələri ilə əsaslandırmışdır. Bu cavabdan bir gün əvvəl, yəni 26 may 2021-ci il tarixində notarius N. X1 adına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Notariusun 27 may 2021-ci il tarixli məktubunda göstərdiyi dəlillər tamamilə əsassızdır və onun vərəsəlik hüququndan məhrum olunmağı üçün əsas ola bilməz. O səbəbdən notariusun hərəkətləri qanunsuz hesab edilməli və Cavabdeh2 adına verdiyi 26 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Qanunvericilik vərəsəlik hüququnu ölmüş şəxslə bir ünvanda qeydiyyatda olmaqla, mübahisəli torpaq sahəsindən istifadə etməklə, vergi ödəməklə, notarius tərəfindən vərəsənin ünvanı barədə məlumatın olub- olmaması ilə yox, qan qohumluğu ilə bağlı etmişdir. Notariusun gətirdiyi dəlillərə gəldikdə isə, bu dəlillər hüquqi əhəmiyyəti olan faktlara aiddir ki, həmin faktlar məhkəmə qaydasında müəyyən edilməlidir. Bu səbəbdən notarius N.Vədətovun 27 may 2021-ci il tarixində ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtinaya dair gətirdiyi dəlillər tam əsassızdır. Yuxarıda da göstərdiyi kimi, X2 07 iyun 2010-cu il tarixində vəfat etmişdir. Qanunun mənasına görə, mirasın açıldığı vaxt 07 iyun 2010-cu ildir. Qanunvericilik mirasın qəbul edilmə üsullarını və müddətini də müəyyən etmişdir. Bu üsullar formal və qeryri-formal növlərə bölünmüşdür. İşin faktiki hallarından görünür ki, Cavabdeh2 miras əmlakı qəbul etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 6 ay müddətini ötürməklə, mirasın açıldığı gündən on ildən çox müddət keçdikdən sonra notariat ofisinə müraciət etmişdir. Mirasın qəbulunu Mərdəkan bələdiyyəsindən aldığı 08 sentyabr 2020-ci il tarixli vergi ödəməsinə dair arayışla əsaslandırmışdır. Yəni, bununla da mirasın faktiki qəbulunu nümayiş etdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına əsasən vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Göründüyü kimi, Konstitusiya məhkəməsinin yuxarıda göstərdiyi Qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki,formal üsulun tətbiqi ilə mirasın qəbulu qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş 6 ay müddətində mümkündür. İşin faktiki hallarından görünür ki, Cavabdeh2 ilə aralarında miras əmlaka dair ixtilaf mövcud olmuş, ixtilafın mövcudluğu notarius tərəfindən verilmiş cavab məktubla da təsdiqini tapır. Üstəlik, Cavabdeh2 notariat ofisindən onun vərəsə olduğunu gizlətmiş, notarius isə Azərtbaycan Rspublikası Mülki Məcəlləsinin 1318-ci maddəsinin tələblərinə görə, mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görmək əvəzinə, görməmişdir. Belə olan halda 7 saylı notariat ofisinin notariüsu N.Vədətov Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1291-ci maddələrinin tələblərinə zidd olaraq Cavabdeh2 adma 26 may 2021-ci il tarixi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdə haqlı olmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2. maddəsində nəzərdə tutlmuş miras qalmış əmlaka sahiblik etmə və ya əmlakı idarə etmə faktına əsaslanmaqda da notarius haqlı olmamışdır. Belə ki, miras qalmış əmlaka sahiblik etmə və ya əmlakı idarə etmə faktının müəyyən edilməsi mahiyyətcə hüquqi əhəmiyyətli fakt olmaqla onun müəyyən edilməsi notariusiun səlahiyyətləri xaricindədir. Qanunun tələblərinə görə, miras əmlaka sahiblik etmə və ya idarəetmə faktı hüquqi əhəmiyyətli fakt olduğundan və bu faktların müəyyən edilməsi Azərbaycan Respublikası MPMnin 307.2.9. maddəsində hüquqi əhəmiyyətli faktlardan biri olan mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi ilə əhatə olunduğundan, bu faktın müəyyən edilməsi məhkəmə tərəfindən xüsusi icraat qaydasında həyata keçirilməli idi. Mirasın açılmasından on ildən çox vaxt keçməsinə baxmayaraq, 2020-ci il sentyabr ayının 8-də mübahisəli torpağa dair bir dəfəyə, keçən illər də daxil olmaqla Mərdəkan bələdiyyəsinə verginin ödənilməsi və dərhal da həmin arayışın mirasın faktiki qəbulu kimi qiymətləndirilməsi 7 saylı notariat ofisinin notariusu N.Vədətov tərəfindən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi kimi qəbul edilə bilməz. Notarius Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ. Hissəsi ilə təminat altına alınmış vərəsəlik hüququmu pozmuşdur. Odur ki, pozulmuş hüququm məhkəmə qaydasında bərpa olunmalıdır. Qeyd olunanlara əsasən, X2nun 07 iyun 2010-cu ildə vəfatı ilə əlaqədar Cavabdeh2 10 sentyabr 2020-ci il tarixli ərizəsi əsasında Bakı şəhəri,7 saylı Notariat ofisində aparılmış notariat hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri,7 saylı notariat ofisi tərəfindən həmin qanunsuz hərəkətlər nəticəsində Cavabdeh2 adına verilmiş 26 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mübahisəli torpaq sahəsinin vərəsəlik haqqında şəhadətnamə əsasında 02.06.2021-ci il tarixində Cavabdeh2 adına aparılmış qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X11 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, İddiaçı izahatındakı xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə ailə qurmuşdur. Onun ayrıca evi olmuşdur. Sonradan atası həmin evi satıb, hazırkı mübahisəli torpağı ona bağışlamışdır. Torpaq pay torpağıdır. Atası torpağı ona ev tikib yaşaması üçün verib. Atası öləndən bəri də torpaq pulunu o ödəyir. Bacısı olan iddiaçı atasında miras qalan əmlakın qəbul edilməsi üçün gecikdirilmiş müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli 2(003)-1436/2021 saylı qətnaməsi ilə iddia təmin eidlməmişdir. Həmin qətnamə yuxarı instansiyalarda dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 1989-cu il tarixdə ailə qurub və ər evinə köçüb. 1990-dı ildə isə Əzizbəyov rayon İcraiyyə Komitəsi tərəfindən vətəndaşlara fərdi ev tikintisi üçün torpaqlar paylanmışdır və atasına da torpaq payı ayrılmışdır. Həmin torpaq satılmayıb ki bacısının əri pul ödəsin. Torpağın alınmasında iddiaçı tərəfin rolu olmayıb. Atasının öldüyü 2010-cu ilə kimi və ondan sonra bacısının ona qarşı hər hansı torpaq iddiası olmamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 7 saylı notariat kontoru məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən açılmış X6 dair qanun üzrə vərəsəlik hüququ haqqında notariat işinə daxil olan sənədlərdən görünür ki, 26 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X5 vərəsəsi Cavabdeh2 ünvan ünvanında yerləşən ümumi sahəsi 0.075 ha olan torpaq sahəsindən tam pay almışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən 11.02.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan X5 mülkiyyətində olmuşdur. İş materiallarından görünür ki, X7 07.06.2010-cu il tarixdə vəfat etmişdir. Həmin notariat işinə əlavə edilmiş ərizələrdən görünür ki, İddiaçı və Cavabdeh2 notariat ofisinə müraciət edərək, miras əmlakdan ona çatası payın verilməsini xahiş etmiş, X8 isə ərizə verərək, miras əmlakdan imtina etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı Notariat Ofisinin 12.01.2021-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Rafail qızının ünvan ünvanında yerləşən mirasın açılmasından altı ay keçdikdən sonra ərizə verildiyi üçün, sonuncunun ərizəsindən imtina olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli 2(003)-1436/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı mərhum X2ndan miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 626C saylı ünvanda olan torpaq sahəsindən ona miras pay kimi çatmalı olan 1/3 hissədə payın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılaraq uzadılması barədə iddiası təmin edilməmişdir. Qeyd olunan qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01.07.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 626C saylı torpaq sahəsi 02.06.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətdədir. İddia ərizəsinə və işin məhkəmə iclasında müəyyənləşdirilən hallarına əsasən iddia tərəfi özünün iddia tələbini mərhum X5 miras əmlakına dair verilmiş 26 may 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən qanunsuz verilməsi ilə əsaslandıraraq qeyd olunan şəhadətnamənin, həmçinin həmin şəhadətnamə əsasında dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsini, qeyd olunan notarial hərəkətlərin qanunsuz hesab edilməsini məhkəmədən xahiş etmiş, lakin məhkəmə, yuxarıda qeyd olunan sənədləri tədqiq edib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, Cavabdeh2 atasından qalan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 626C saylı miras əmlakı faktiki olaraq qəbul etməklə həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçı 1990-cı ildə nikaha daxil olaraq, hazırkı vaxtadək ayrı ünvanda yaşamış, onun miras payın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılaraq uzadılması barədə iddiası təmin edilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı 26 may 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı aparılmış notarial hərəkətlərin qanunsuz olmasına dair əsaslar müəyyən edilməmiş, iddia tələbinin təmin olunması üçün əsası yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Məhkəmə işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən verilmiş 26 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında aparılmış qeydiyyatın etibarsız hesab edilməsini tələb etməsi üçün qanuni əsaslar mövcud olmadığından iddia tələbi rədd edilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və 7 saylı Dövlət Notariat Kontoruna qarşı vərəsəlik hərəkətlərinin qanunsuz və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, qeydiyyatın ləğvinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və 7 saylı Dövlət Notariat Kontoruna qarşı vərəsəlik hərəkətlərinin qanunsuz və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, qeydiyyatın ləğvinə dair iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən:Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar