Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-279/2022 08.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, 04.06.2021-ci il tarixində Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-4585/2018 nömrəli 27.07.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh1 140500 manat pul alınaraq tələbkar İddiaçı Dağbəyi oğluna verilməlidir. Üç il keçməsinə baxmayaraq, borclu borcundan cəmi 32000 manat ödəmiş, Xəzər rayon icra şöbəsinin icra məmuru Mübariz Abbasov borclu Cavabdeh1a məxsus Binə qəsəbəsi, Hicran Hasilov küçəsi, ev 13, 56 saylı mənzilin üzərinə həbs qoyulması barədə 05.06.2021-ci il tarixində məhkəməyə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin hakimi Emin Məmmədli icra məmurunun təqdimatına əsasən 8(003)-127/2021 saylı 31.05.2021-ci il tarixli qərardada əsasən Binə qəsəbəsi, Hicran Hasilov küçəsi, ev 13, 56 saylı mənzilə həbs qoyulmasını qərara almışdır. Qərardaddan bir neçə gün sonra, 04.06.2021-ci il tarixində borclu həmin mənzilə dair qızı Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır. Qeyd olunanlara əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, 04.06.2021-ci il tarixində Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o, evi qızına 2018-ci il tarixində bağışlamışdır. İddiaçı ilə aralarında olan mübahisələrə dair məhkəmə işləri olmuş və iş kifayət qədər araşdırılmışdır. İddia tələbi tamamilə əsassızdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək, rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən 04.06.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsi, ev 13, mənzil 56 Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 8(103)-588/2021 saylı 12.11.2021-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 14.07.2021-ci il tarixli qərardadı ilə Binə qəsəbəsi, Hicran Hasilov küçəsi, ev 13, 56 saylı mənzilə həbs qoyulması barədə Xəzər Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli qərardadı ləğv edilmiş, təqdimata yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bundan sonra təqdimata yenidən baxmış Rayon Məhkəməsi 10.09.2021-ci il tarixli qərardad ilə təqdimat təmin edilməmişdir. Qeyd olunan qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardadla müəyyən edilmişdir ki, mənzil Cavabdeh2 deyil, elə borclu Cavabdeh1 mülkiyyətində olsa idi belə icra sənədinin icra edilməsi ilə əlaqədar mənzilin üzərinə həbs qoyula bilməzdi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli Qərarında təsbit edilmiş Siyahının 1-ci bəndinə görə, bu siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. İddianın mahiyyətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsi, ev 13, 56 saylı mənzilə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh2 adına daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini tələb etmişdir. İddiaçı öz tələbini sözügedən bağışlama müqaviləsi bağlanmazdan bir neçə gün əvvəl həmin əmlakın üzərinə həbs qoyulması barədə məhkəmə qərardadının qəbul edilməsi ilə əsaslandırmışdır. İşə məhkəmə iclasında baxılması, iş üzrə halların tədqiq olunması zamanı müəyyən olunmuşdur ki, iddiaçının öz iddiasını əsaslandırarkən istinad etdiyi əmlakın üzərinə həbs qoyulması barədə qərardad ləğv edilmiş, həbsin qoyulması barədə təqdimatın təmin edilməməsi qərara alınmışdır. Yəni, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsi, ev 13, 56 saylı mənzilin bağışlanması və onunla bağlı cavabdehin adına dövlt qeydiyyatı aparılarkən qanunvericiliyə zidd olan hər hansı hal aşkar edilməmiş, iddiaçı müqavilənin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə əsas verəcək hər hansı halın mövcudluğuna dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1. maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2. maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassız hesab edilərək, rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğvinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-279/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-279/2022
08.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver