Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2794/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 4212 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı Bakı şəhəri Xəzər rayonu Tolstoy küçəsində yerləşən evə məxsus qaz sayğacına aktlar tərtib edilməklə əsassız olaraq borc hesablanmışdır. Qeyd edir ki, sözügedən aktlardan heç bir xəbəri olmamış və aktlar onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqdan sonra ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında guya onun tərəfindən sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. Həmin aktlar tərtib olunmuş mənzildə heç vaxt təbii qazdan qeyri-qanuni olaraq qanunsuz istifadə olunmamışdır. Lakin bütün bunlara baxmayaraq əsassız olaraq borc hesablanmış və ümumilikdə 4212 manat borc yazılmışdır. Onun sayğacdan kənar istifadə etmək kimi niyyəti olmamışdır. Buna baxmayaraq Cavabdeh tərəfindən ona əsassız olaraq borc hesablanmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğacdan kənar qazdan istifadə etdiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Bildirir ki, cavabdeh təşkilat tərəfindən qaz sayğacından kənar istifadə edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Əlavə olaraq bildirir ki, aktlar tərtib edilən zaman qeyd edilmişdir ki, sözügedən evdə PG-4, QSSQ-2501, dəmir soba, iran sobasının olması qeyd edilmiş və bu avadanlıqlara görə ona cərimə hesablanmışdır. Həmin evdə yaşayış yoxdur, ümumiyyətlə də olmamışdır. Lakin, buna baxmayaraq ona əsassız borc hesablanmışdır. Həmçinin qeyd etmişdir ki, ona tərtib edilmiş aktların qoşmasında olan şəkillərin heç biri ona məxsus evə aid deyildir. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, istifadəsində olan avtoyuma obyektinə xx.xx.2022-ci il tarixdə sayğac yerləşdirilmiş və obyektin qapısının ağzına kimi qaz xətti çəkilmişdir. Həmin qaz xətti obyektin içərisinə aparılmamışdır. Sayğac quraşdırıldıqdan bir gün sonra sayğacı çıxarıb aparmışlar. Əlaqə saxlayanda bildirilmişdir ki, yeni sayğac quraşdırılacaqdır. Bir müddət keçəndən sonra ona məlum olmuşdur ki, onun ünvanı ilə bağlı bir neçə dəfə akt tərtib edilmiş və adına olan abonent hesabına borc yazılmışdır. Bu barədə maraqlananda ona məlum olmuşdur ki, onun xəbəri olmadan cavabdehin əməkdaşları gələrək gizli olaraq obyektin içərisinin fotoşəkillərini və obyektin qapısına kimi gedən qaz xəttin çəklini çəkmişlər və guya həmin xətdən qeyri-qanuni qaydada qazdan istifadə etdiyini müəyyən etmişlər və bu barədə akt tərtib etmişlər. Aktlara isə əlavə edilmiş darvazanın, qaz turbasının ona heç bir aidiyyəti yoxdur. Həmin fotoşəkillər qonşu evin şəkilləridir. Qeyd edir ki, onun obyektinə qaz verilməmişdir. Onun obyektində yalnız qaz sobası var və həmin qaz sobasını qızdırılması üçün isə qaz balonlarından istifadə edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçının istifadəsində olan ünvana sayğac yerləəşdirilmişdir. Lakin iddiaçı təbii qazdan həmin sayğac vasitəsilə istifadə etməmişdir. O, qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etmiş və cavabdehin əməkdaşları tərəfindən həmin hallar aşkar edilmişdir. Odur ki, tərtib edilmiş aktlar əsaslıdır və həmin aktlar əsasında dəymiş ziyan hesablanaraq iddiaçının abonent hesabına hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən iş üzrə mübahisə predmetinə daxil olan iddiaçının ünvanına keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan avtoyuma məntəqəsi kimi istifadə edilir və orada yerləşən kiçik ölçüdə olan otaqda dəmir qaz sobası mövcuddur. Həmin sobaya daxil olan qaz xətti məntəqənin arxa hissəsində yerləşən qaz balonuna daxil olur. Ünvana Cavabdehnə məxsus qaz xətti daxil olmur. Yerli baxış zamanı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktları tərtib etmiş şəxslərdən olan X2 bildirmişdir ki, onlar iddiaçıya məxsus obyekti kənardan müşahidə etmişlər. Obyektdə qaz turbası getmiş və bunun əsasında hesab etmişlər ki, içəriyə qeyri-qanuni qaz xətti çəkilmişdir. İçəriyə daxil olmaq istəmişlər lakin mülkiyyətçi olmadığından icazə verilməmişdir. Ona görə obyektin içərisinə baxış keçirə bilməmişlər. Konkret qeyri-qanuni xəttin hara çəkildiyini görməmişlər və çöldən baxıb akt tərtib etmişlər. Aktın nüsxəsisini isə təqdim etməmişlər. Aktlarda qeyd olunan avadanlıqları isə obyektin formasına uyğun olaraq texniki nədən istifadə edilə biləcəyini nəzərə alaraq yazmışlar. Yerli baxış zamanı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktları tərtib etmiş şəxslərdən olan X1 bildirmişdir ki, onlar iddiaçıya məxsus obyekti kənardan müşahidə etmişlər. Obyektin arxasında yerləşən evin darvazasının yanında olan qaz xətti turbasında qeyri-qanuni xətt aşkar etmişlər və iddiaçıya məxsus obyektdə isə dəmir soba olduğundan həmin xəttin ora getdiyini hesab etmişlər. Obyektə isə baxış keçirilən zaman paltar deyişmək üçün kiçik otaqda demir soba görmüşlər və həmin sobadan istifadə edilməsində qazadan qeyri qanuni istifadə kimi qeyd etmişlər. Otağın arxa tərəfinə keçməmişlər və buna görə də orada olan qaz balonunu görməmişlər. Sonralar isə həmin xətt yenə orada olduğu gördüklərindən yenidən aktlar tərtib etmişlər. Aktları iddiaçının iştirakı olmadan tərtib etmişlər. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan qeydiyyatsız qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ, dəmir soba və iran sobasıdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli xx.xx.2022-ci il tarixli akt əsasında 16740 m3 həcmində dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ, dəmir soba və iran sobasıdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli xx.xx.2022-ci il tarixli akt əsasında 12240 m3 həcmində dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ, dəmir soba və iran sobasıdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli xx.xx.2022-ci il tarixli akt əsasında 6120 m3 həcmində dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan iddiaçının adına olan **********00022 kodlu abonent saldosundan görünür ki, iddiaçının abonent hesabına aktlar əsasında 2022-ci ilin yanvar ayında 2008,80 manat, mart ayında 1468,80 manat, aprel ayında isə 734,40 manat, cəmi 4212 manat məbləğində borc yazılmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktların tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Belə ki, iddiaçının abonent hesabına borcun hesablanmasına əsas olmuş aktları tərtib etmiş şəxslərin iştirakı ilə məhkəmə tərəfindən iddiaçının ünvanı yerində müayinə edilmiş və həmin müayinə zamanı iddiaçının ünvanına cavabdeh Birliyə məxsus qaz xəttindən hər hansı bir xəttin daxil olması müəyyən edilməmişdir. Ünvanda bir ədəd dəmir soba olduğu və həmin soba isə obyektin arxa hissəsində olan qaz balonları vasitəsilə qızdırıldığı müəyyən edilmişdir. Aktları tərtib etmiş şəxslər isə iddiaçıya məxsus ünvanı ətrafdan müşahidə etməklə, daha sonra obyektin içərisində olan otaqdakı sobanın şəklini çəkməklə otağın arxa hissəsinə keçmədən ünvanda sayğacdan kənar qaydada təbii qazdan istifadə edilməsi nəticəsinə gəlinməklə həmin aktları tərtib etmişlər və aktların nüsxəsini isə nə iddiaçıya nə də həmin ünvanda olan başqa şəxslərə təqdim etməmişlər. Bununla da «Qazdan istifadə Qaydaları» haqqında normativ aktın tələblərini pozmaqla iddiaçı tərəfindən təbii qazdan istifadə etməsi hallarını sübuta yetirmədən həmin aktları tərtib etmişlər. Odur ki, məhkəmə hesab edir ki, tərtib edilmiş aktlar əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləğləri cavabdeh Birlik tərəfindən tərtib edilmiş aktlar əsasında olduğundan və həmin aktların tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin aktlara görə iddiaçının abonent hesabına hesablanmış ümumilikdə 4212 manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci bəndində əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********00022) hesablanmış 4212 manat məbləğində borc silinməli və cavabdehdən 62,12 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********00022) hesablanmış 4212 manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 62,12 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2794/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2794/2022
27.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver