Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2797/2023 19.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 olmaqla, cavabdeh Bakı şəhəri 31 saylı Notariat Kontoruna qarşı “qərarın ləğvi və sair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 olmaqla cavabdeh Bakı şəhəri 31 saylı Notariat Kontoruna qarşı “qərarın ləğvi, mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 31 saylı Notariat Kontorunun ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, miras əmlakın vaxtında qəbul edilməsi və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sənədə əsasən notarial qaydada təsdiq olunmuş xx.xx.1978-ci il tarixli müqavilə ilə müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1986-cı ildə vəfat etmiş anası X1 bağışlanmış, lakin həmin əmlak hələ də dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhz buna görə də, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqdan ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 31 saylı notariat ofisinə müraciət etmişdir. Sonuncu 02 mart 2023-cü il tarixli notariat hərəkətlərini aparmaqdan imtina etmişdir. Səbəb kimi onun tərəfindən vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddətin buraxılmasıdır. Lakin, əlavə etdiyi arayışdan da görünür ki, anası öldükdən 1994-cü ilə kimi o, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsiz yaşamışdır. Ona görə də hesab edir ki, həmin imtina əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri 31 saylı Notariat Kontorunun nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvan 1 ünvanı X2 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 05/69-926 saylı arayışın surətindən görünür ki, X3 xx.xx.1986-cı il tarixində “ürəkdamar çatışmazlığı” səbəbindən Bakı şəhərində ölmüşdür. Bu barədə xx.xx.1986-cı il tarixdə Xəzər rayon Zirə qəsəbə İ/N-də 47 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. - Bakı şəhəri 31 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 158 saylı qərardan görünür ki, ərizəçi İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvan 1 ünvanına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddət buraxıldığına görə və miras qalmış əmlaka dair hüquqmüəyyənedici sənədlər olmamasına görə imtina edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1145 və 1146-cı maddələrinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılır. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvan 1 ünvanı X2 adına qeydiyyata alınmışdır. İddiaçı həmin yaşayış sahəsinin anası X1 bağışlandığını bildirsə də, bağışlama olduqdan sonra əmlakın sonuncunun mülkiyyətinə keçməsi barədə hər hansı sübut yoxdur. Qanunvericilikdə isə miras əmlak kütləsinə ölmüş şəxsin öldüyü anadək malik olduğu əmlak hüquqları daxil edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvan 1 ünvanı Rəhimə Məmmədovanın mülkiyyətinə keçmədiyinə görə iddiaçının birinci növbə vərəsə qismində həmin əmlakdan pay almaq hüququ əmələ gəlmir. Beləliklə də müəyyən olunur ki, Bakı şəhəri 31 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 158 saylı qərarın ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, qərarın ləğvi ilə bağlı olan tələb təmin edilmədiyindən, onunla sıx bağlı olan törəmə iddia tələbləri də təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 olmaqla cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunması barədə qərarın ləğvi, mirasın vaxtında qəbul edilməsinin müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-2797/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2797/2023
19.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver