Məhkəmə qərarları › İş №2(003)-2842/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2842/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2842/2021 15.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21 fevral 2019-cu il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung və X4 üçün 891.6 manat ödənilməmiş hissə, 259 manat dəbbə pulu, 19 fevral 2019cu il tarixli müqaviləyə əsasən X4 üçün 839.4 manat ödənilməmiş borc, 252 manat cərimə, 14 aprel 2019-cu il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung üçün 700.4 manat ödənilməmiş borc, 211 manat cərimə, ümumilikdə 3153.4 manat borc, 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında bağlanmış 21 fevral 2019, 19 fevral 2019 və 14 aprel 2019-cu il tarixli müqavilələrə əsasən, cavabdeh Paltaryuyan Samsung və X4, X4, Paltaryuyan Samsung almış və nəticədə 3153.4 manat borc yaranmışdır. Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2608 olan Paltaryuyan Samsung və X4 üçün 891.6 manat ödənilməmiş hissə, 259 manat dəbbə pulu, alqı-satqı qiyməti 1260 olan X4 üçün 839.4 manat ödənilməmiş hissə, 252 manat dəbbə pulu, alqı-satqı qiyməti 968 olan Paltaryuyan Samsung üçün 700.4 manat ödənilməmiş hissə, 211 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdeh borcundan cəmi 2404.6 manat ödəniş etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən borclu müqavilənin şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənləri nəzərə alaraq, 21 fevral 2019-cu il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung və X4 üçün 891.6 manat ödənilməmiş hissə, 259 manat dəbbə pulu, 19 fevral 2019-cu il tarixli müqaviləyə əsasən X4 üçün 839.4 manat ödənilməmiş borc, 252 manat cərimə, 14 aprel 2019-cu il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung üçün 700.4 manat ödənilməmiş borc, 211 manat cərimə, ümumilikdə 3153.4 manat borc, 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki,malları o özü üçün deyil, başqa şəxs üçün götürüb. Odur ki, pulu o ödəməli deyil. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddia ərizəsindən və iş materiallarında olan, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 21 fevral 2019, 19 fevral 2019 və 14 aprel 2019-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Paltaryuyan Samsung və X4, X4, Paltaryuyan Samsung nisyə satış şərtləri ilə almış və həmin müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh ödənilməmiş borcu 2431.4 manat, cərimə borcu 722 manat olmaqla, cəmi borcu 3153.4 manat təşkil etmişdir. İşin məhkəmə iclasında müəyyən edilən hallarına əsasən iddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə görə cavabdeh aldığı malın hissə-hissə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin borclu göstərilən müqavilə üzrə ödənişləri vaxtı-vaxtında ödəməmişdir və ona görə "xxxx" MMC qarşısında 2431.4 manat ödənilməmiş hissə, 722 manat dəbbə pulu olmaqla, 3153.4 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1. maddəsində göstərilir ki, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsinin tələbində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2431.4 manat məbləğində ödənilməmiş borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. İddia tələbindən görünür ki, Cavabdeh eyni zamanda, müqavilənin 4.1. bəndinə əsasən hər gün üçün gecikdirilmiş məbləğin 1 %-i miqdarında hesablanmış 722 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 71 manat cərimənin tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 23 manat məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə Cavabdeh 2431.4 manat ödənilməmiş hissə, 71 manat cərimə və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 23 manat məbləği tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia tələbi qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə Cavabdeh 2431.4 (iki min dörd yüz otuz bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 23 (iyirmi üç) manat məbləği tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar