Məhkəmə qərarları › İş №2(003)-2957/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2957/2022

17.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2957/2022 17.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli aktın etibarsız hesab edilməsi və ünvanında yerləşən **********10080 saylı abonent hesabına əsassız olaraq hesablanmış 1898,50 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Azərişıq” ASC tərəfindən ünvan 1 ünvanı üzrə **********10080 saylı abonent hesabına qanunsuz və əsassız olaraq 1898.50 manat məbləğində borc hesablanmışdır. Həmin ünvanda işıq ödənişləri tam vaxtında ödənilmiş və hər hansı kənar müdaxilə olmamışdır. Lakin buna baxmayaraq əsassız olaraq borc hesablanmışdır. Özü işləmir və çox çətinliklə dolanıram. Ona bu qədər borcun əsassız hesablanması olduqca böyük çətinliklər yaratmışdır. Sayğacda pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut yoxdur. Ona görə də, göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Mənzildən kənarda quraşdırılmış sayğacın qüsurlarına görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, onların iştirakı olmadan sayğaca baxış keçirilmiş və guya sayğaca müdaxilə edilmişdir. Onlar tərəfindən hər zaman istifadə edikləri elektrik enerjisinin göstəriciləri sayğacda öz əksini tapmış və həmin göstəricilərə uyğunda ödənişlərini etmişlər. Onlar sayğaca müdaxilə etməmişlər və bu barədə tərtib edilmiş akt əsassız və uydurma aktdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirmişdir ki, abonent sayğaca müdaxilə etmiş və bu hal baxış zamanı videoçəkilləşdə qeydə alınmışdır. Aşkar olunmuş halla bağlı akt tərtib edilmiş və həmin akt əsasında ümumilikdə 2004,28 borc yazılmışdır. Ona görə də iddia tələbini əsassız hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan iddiaçının adına olan **********10080 saylı kod üzrə abunə haqqında hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli NDM 028532 nömrəli akt əsasında ümumilikdə 2004,28 manat borc yazılmışdır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli NDM 028532 nömrəli aktın surətindən görünür ki, iddiaçının ünvanına quraşdırılmış sayğacın yoxlaması zamanı aşkar edilmişdir ki, sayğac dövrədən kənarlaşdırılmışdır. Belə ki, sayğac quraşdırılmış qutunun daxilində giriş faza xətinə xüsusi cihaz vasitəsilə sayğacın çıxış avtomaşınına birləşdirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Akt komissiyasının xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə NDM 028532 nömrəli akt əsasında 2004,28 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş DVD diskdə əks olunmuş videogörüntü məhkəmə iclasında tədqiq edilmiş və həmin video görüntüdən görünür ki, iddiaçının ünvanına quraşdırılmış sayğaca bir nəfər şəxs tərəfindən bir ədəd kiçik ölçülü aparat vasitəsilə baxış keçirilir, həmin şəxs baxış vaxtının xx.xx.2022-ci il tarixdə olmasını bildirərək sayğac məlumatlarını yoxlayır, daha sonra sayğac üzərində olan plombları (möhürləri) yoxlayır və cihaz vasitəsilə sayğacın dövriyyədən kənarlaşdırıldığını, sayğacdan çıxış xəttinin kənarlaşdırıldığını bildirir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.7-cı bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 7.10-cu bəndinə əsasən 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş aktın olmasını və həmin akt əsasında iddiaçının abunə hesabına borcun yazılmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı (istehlakçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərindən görünür ki, elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalı, sayğaca müdaxilə, elektrik şəbəkəsinə qanunsuz qoşulma halları aşkar edildikdə enerji təchizatı müəssisəsinin nümayəndəsi istehlakçının iştirakı ilə akt tərtib edilməli və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalı, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılmalı və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunmalıdır. Həmçinin hesablaşma elektrik sayğacının zədələnməsi laboratoriya şəraitində araşdırılmalı, bu zaman enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılmalı və ikitərəfli aktla sənədləşdirilməlisie. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. İşin araşdırılmış hallarından görünür ki, iddiaçının abonent hesabına borcun yazılmasına əsas olmuş xx.xx.2022-ci il tarixli NDM seriyalı 028532 nömrəli akt tərtib edilən zaman istehlakıçının iştirakı təmin olunmadan onun ünvanına quraşdırılmış sayğaca baxış keçirilmiş və onun iştirakı olmadan (istehlakçıya öz mülahizəsini bildirməyə imkan yaradılmadan) akt tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sayğaca müdaxilə halının aşkar olunması ilə bağlı qeydə alınmış videoçəkilişdən də görünür ki, həmin zaman cavabdehin əməkdaşı tərəfindən abonentin (iddiaçının) iştirakının təmin edilməsi üçün hər hansı bir cəhd edilməmişdir. Eyni zamanda aşkar edilmiş hallarla bağlı sayğac müvafiq qaydada laboratoriya şəraitində yoxlanılmadan ona müdaxilə edilməsi qərarına gəlinmişdir. Belə ki, iddiaçının adına olan **********10080 saylı kod üzrə abunə haqqında hesabdan çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdən 2022ci ilin avqust ayınadək ünvanına quraşdırılmış sayğac tərəfindən istifadə edilmiş elektrik enerjisinin göstəriciləri hər ay qeydə alınmış və uzun müddət təxminən eyni həcmdə sərfiyyat qeydə alınmaqla onun tərəfindən təxminən hər ay müvafiq həcmdə elektrik enerjisindən istifadə etməsi öz əksini tapmışdır. Odur ki, aktın tərtib edilməsinə əsas olmuş hallar sübut olunmamaqla həmin halların mövcudluğu da məhkəmə tərəfindən də işin araşdırılması zamanı müəyyən edilmir. xx.xx.2022-ci il tarixli NDM seriyalı 028532 nömrəli aktın tərtib edilməsinə əsas olmuş hallar müəyyən edilmədiyindən və həmin akt, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilmədiyindən məhkəmə hesab edir ki, həmin akt etibarsız hesab edilməlidir. Eyni zamanda iddiaçı tələbinə müvafiq qaydada həmin akt əsasında iddiaçının abonent hesabına hesablanmış 1898,50 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 38,98 manat dövlət rüsumu cavabdehdən alınaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 028532 nömrəli akt etibarsız edilməli, "xxxx" ASC tərəfindən İddiaçı məxsus abunə hesabına (abonent kodu **********10080) hesablanmış 1898,50 manat məbləğində borc silinməli və "xxxx" ASC-dən 38,98 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 028532 nömrəli akt etibarsız edilsin. "xxxx" ASC tərəfindən İddiaçı məxsus abunə hesabına (abonent kodu **********10080) hesablanmış 1898,50 manat məbləğində borc silinsin. "xxxx" ASC-dən 38,98 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar