Məhkəmə qərarları › İş №2(003)-2995/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2995/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2995/2020 08.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1048 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 448 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 982 manat və 30 manat dövlət rüsumunun alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə bağlamış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1226 manat olan 2 ədəd X4 7 markalı mobil telefonlar, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən qiyməti 1404 manat olan 2 ədəd Samsung paltaryuyan, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən qiyməti 843 manat olan 2 ədəd X4 7 almışdır. Hər üç müqavilə üzrə indiyədək cəmi 1572 manat ödəniş edilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 808 manat ödənilməmiş hissə, 240 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 345 manat ödənilməmiş hissə və 103 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 748 manat ödənilməmiş hissə və 234 manat dəbbə pulu borcu qalmaqdadır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf etməklə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 808 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 345 manat ödənilməmiş hissə və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 748 manat ödənilməmiş hissəni qəbul etdiyini bildirdi, həmin müqavilələr üzrə dəbbə pulunun isə silinməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00986530 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1226 manat olan 2 ədəd X4 7 markalı mobil telefonlar Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 100 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00614646 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən qiyməti 843 manat olan 2 ədəd X4 7 Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 69 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00544297 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən 1404 manat olan 2 ədəd Samsung paltaryuyan Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 78 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli 00986530 saylı müqavilə üzrə 808 manat ödənilməmiş hissə, 240 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli 00614646 saylı müqavilə üzrə 345 manat ödənilməmiş hissə, 103 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli 00614646 saylı müqavilə üzrə 748 manat ödənilməmiş hissə, 234 manat dəbbə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən telefonalmış və alğı-satqı müqaviləsi üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, müqavilələr üzrə ödənilməyən 808 manat, 345 manat və 748 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 808 manat məbləğində əsas borca münasibətdə Cavabdeh 240 manat dəbbə (cərimə) pulunun, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 345 manat məbləğində əsas borca münasibətdə 103 manat dəbbə (cərimə), xx.xx.2019-cu il tarixli müqavilə üzrə 748 manat məbləğində əsas borca münasibətdə 234 manat dəbbə (cərimə) borcunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 40 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 30 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00986530 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 808 manat əsas, 40 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00614646 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 345 manat əsas, 20 manat dəbbə pulu xx.xx.2019-cu il tarixli 00544297 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 748 manat əsas, 30 manat dəbbə pulu və dövlət rüsumuna görə ödənilmiş 20 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli,ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı İddiaçı MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-500, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00986530 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 808 manat əsas, 40 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00614646 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 345 manat əsas, 20 manat dəbbə pulu xx.xx.2019-cu il tarixli 00544297 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 748 manat əsas, 30 manat dəbbə pulu və dövlət rüsumuna görə ödənilmiş 20 manat, cəmi 2011 (iki min on bir) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar