Məhkəmə qərarları › İş №2(003)-301/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-301/2025

04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-301/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən verilmiş 21 may 2003-cü il tarixli 28 saylı Əmrdən çıxarışın ona-yəni Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X1 Təşkilatının ** may 2003-cü il tarixli 02 saylı protokolu nəzərə alaraq baş plana uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Təəvəzçilik-Südçülük sovxozu ünvanda fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən ona yeni Ərizəçi 0,04 ha ilə həyətyanı torpaq sahəsi ayrılmaqla onun istifadəsinə verilmilşdir. Həmin torpaq sahəsini sənədləşdirməkdən ötrü Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə müraciət etmişdir. Sənədlər nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, onun adına olan Bağlar Təsərrüfatı tərəfindən verilən çıxarışda onun adı Ərizəçi M.Oğlu kimi qeyd edilmişdir. Bu səbəbdən də torpağı sənədlişdirməklə onun adına sənədin verilməsi mümkün deyil. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfində imtina olunaraq məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Qeyd olunan sənədin əsasında ona verilmiş torpaq sahəsi faktiki istifadəsindədir. Həmin torpaq sahəsində ev tikilməklə hal-hazırda həmin evdə yaşayır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi N.B.Məmmədli ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli 28 saylı əmrindən çıxarışın surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı əsasında fərdi mənzil tikintisi üçün Ərizəçi 0,04 ha torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Ərizəçi məxsusdur. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2 xx.xx.2024-cü il tarixli 1-2-28/2- 361/2024 saylı məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-Südçülük sovxozu) xx.xx.2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün 1-1469 saylı kodla Ərizəçi M. Oğluna 0,04 ha həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Sənədlərdə Ərizəçi, arxivdə isə Ərizəçi M. Oğlu qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində ata adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) onun atasına məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2**.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli 28 saylı əmrinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli 28 saylı əmrinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar