Məhkəmə qərarları › İş №2(003)-3013/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3013/2023

06.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3013/2023 06.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında olan **********00080 saylı abonent hesabına yazılmış 10648,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən ona məxsus ünvan 2 ünvanında olan **********00080 saylı abonent hesabına xx.xx.2021-ci il tarixdə yazılmış akta əsasən 1836 manat məbləğində borc hesablanmışdır. Təbii qazdan sayğacdan kənar istifadə etmədiyi halda abonent hesabına borcun yazılması düzgün olmamışdır. Eyni zamanda qanunsuz və əsassız olaraq xx.xx.2023-cü il tarixli akta əsasən 8812,80 manat məbləğində borc təkrarən guya təbii qazdan sayğacdan kənar istifadə etdiyinə görə yazılmışdır. Həmin ünvanda yaşayış olmadığına görə təbii qazdan istifadə olmamışdır. İstinad olunan fotoşəkillərin həmin ünvana heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında həmçinin bildirdi ki, heç bir sübut olmadan onlara borc yazılmışdır. Yaşadığı ünvanda 3 sayğac quraşdırılmışdır. Bir sayğac qardaşı olan iddiaçının adına, digər sayğac ölmüş qardaşlarının adına, 3-cü sayğac isə onun özünün adına olmuşdur. Ölmüş qardaşının adına olan sayğacda sonradan onun xəbəri olmadan adına rəsmiləşdirilmişdir. Ünvanda iki ev var. Bir evin yarısında o, anası ilə birlikdə yaşamış, digər hissəsində isə qardaşı yaşamışdır. İkinci tikilini isə özü üçün inşa etdirir. Borclar isə hər üç sayğaca yazılmışdır. İddiaçının yaşadığı evdə qeyri-qanuni xətt olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndsi X4 iddia tələbini etiraf etməyərək təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçının yaşadığı ünvanda qeyriqanuni xətt vasitəsi aşkar edilmişdir. Ona görə də iddianı əsassız hesab edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -iddiaçının adına olan abonent saldosundan (abonent kodu **********00080) görünür ki, iddiaçının abonent hesabına aktlar əsasında 2021-ci ilin dekabr ayında 1836 manat, 2023-cü ilin yanvar ayında isə 8812,80 manat olmaqla cəmi 10638,80 manat məbləğində borc yazılmışdır. - xx.xx.2021-ci il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında 16200 m3 həcmində (1836 manat dəyərində) itirilmiş təbii qaz hesablanmışdır. - xx.xx.2023-cü il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında 73440 m3 həcmində (73440 x 0.12 =8812,80 manat) itirilmiş təbii qaz hesablanmışdır. İş üzrə iddiaçının ünvanı yerində müayinə olunmuş və yerində müayinə zamanı iddiaçının yaşadığı ünvanda iki tikilinin olması – iki mərtəbəli və bir mərtəbəli yaşayış evinin olması, ünvanda üç ədəd sayğacın yerləşdirildiyi, quraşdırılmış sayğaclarının ikisi bir mərtəbəli evə aid olması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, **********00080 nömrəli (iddiaçının adına olan) abonent hesabı bir mərtəbəli evə aiddir, evdə PQ-4 və iran sobası vardır. Hazırda evdə sayğac vasitəsilə qazdan istifadə olunur. Yerində müayinə zamanı dindirilmiş Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti Qazın balansı və satış şöbəsinin çilingəri X7 bildirmişdir ki, 2021-ci ildə evə quraşdırılmış sayğac dəyişdirildiyi zaman evdən gələn turbanın içərisində çölə qaz çıxdığını müəyyən etmişlər. Bu səbəbdən hesab etmişlər ki, ünvanda təbii qazdan qeyriqanuni xətt vasitəsilə istifadə olunur. Ona görə akt tərtib edilmişdir. Bu zaman evə baxış keçirməmişlər və turbadan qazın çıxması səbəbini araşdırmamışlar. 2023-cü ildə tərtib edilmiş aktın səbəbini isə bilmir. Yerində müayinə zamanı iddiaçının nümayəndəsi X3, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti Qazın balansı və satış şöbəsinin çilingəri X5 izahatına etiraz edərək bildirmişdir ki, 2021-ci ildə ünvada təbii qazdan qaz balonu vasitəsilə istifadə edilmişdir. Ona görə də evdən sayğaca gedən qaz xəttinin içərisində qazın mövcud olması ehtimalı vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-1-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır. Həmin Qaydaların 6.5-2-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-4-cü maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını və həmin aktların tərtib edilməsinə əsaslar iddiaçının yaşadığı ünvanda təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktlarının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması halına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, işin məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının ünvanında qeyri-qanuni xətt vasitəsilə qazdan istifadə edilməsi hallarının aşkar olunması barədə tərtib edilmiş aktlar əsassız olmaqla həmin aktlar əsasında hesablanmış ziyanın iddiaçıdan tələb edilməsi qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən iddiaçının yaşadığı ünvanın abonent hesabına hesablanmış borc məbləği cavabdeh Birlik tərəfindən tərtib edilmiş aktlar əsasında olduğundan və həmin aktların tərtib edilməsinə əsas olmuş halların (müqavilə və qanunvericilik normalarının tələblərinə uyğun olmayan) iddiaçının hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, bununla da iddiaçının abonent hesabına hesablanan borc məbləğinin əsaslı olması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunaraq **********00080 nömrəli abonent hesabına cavabdeh tərəfindən hesablanmış cəmi 10638,80 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.3-cü bəndində əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı X1 adına olan **********00080 nömrəli abonent hesabından 12938,4 manat məbləğində borc silinməli, cavabdehdən dövlət mədaxilinə 121,94 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı X1 adına olan **********00080 nömrəli abonent hesabından 10638,80 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 121,94 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar