Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3040/2020 15.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən, Sony markalı playstation-4üçün 741 manat ödənilməmiş hissə, 74 manat cərimə, cəmi 815 manat, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED markalı televizor üçün 1248 manat ödənilməmiş hissə, 124 manat dəbbə pulu, cəmi 1372 manat, ümumilikdə 2187 manat borc, 30 manat dövlət rüsumu, cəmi 2217 manat pulun cavabdehdən alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə və müqavilənin ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və izahatını onunla əsaslandırmışdır ki, iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan Sony markalı playstation-4 və Samsung LED markalı televizor almış və nəticədə 2187 manat borc yaranmışdır. Cavabdehə bu günədək rəsmi müraciətlər olunmuş, lakin bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 791 manat (19 ay x 39 manat + 50 manat) olan Sony markalı playstation-4 üçün ümumilikdə 815 manat olmaqla, ondan 741 manat ödənilməmiş hissə, 74 manat dəbbə pulu, alqı-satqı qiyməti 1323 manat (24 ay x 52 manat + 75 manat) olan Samsung LED markalı televizor üçün ümumilikdə 1372 manat olmaqla, ondan 1248 manat ödənilməmiş hissə, 124 manat dəbbə pulu, (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında dəbbə pulu) borc yaranmışdır. Cavabdeh borcundan cəmi 125 manat ödəniş etmişdir. Müqavilənin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənləri nəzərə alaraq, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən, Sony markalı playstation-4 üçün 741 manat ödənilməmiş hissə, 74 manat cərimə, cəmi 815 manat, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED markalı televizor üçün 1248 manat ödənilməmiş hissə, 124 manat dəbbə pulu, cəmi 1372 manat, ümumilikdə 2187 manat borc, 30 manat dövlət rüsumu, cəmi 2217 manat pulun cavabdehdən alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə və müqavilənin ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək, bildirmişdir ki, maddi imkanı yaxşı olmadığına görə iddiaçıya olan borcunu ödəyə bilməmişdir. İmkanı olanda ödəyəcəkdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1.maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan,Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixli müqavilələrdən görünürki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən Sony markalı playstation-4 və Samsung LED markalı televizor götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli xəbərdarlıq göndərilmiş, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarından və iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirilməmiş və nəticədə xx xxxx 2019-cu il və xx xxxx 2019cu il tarixli müqavilələrə əsasən 1989 manat ödənilməmiş hissə, 198 manat dəbbə pulu, ümumilikdə 2187 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.2. maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı «xxxxxxxxxxx»MMC-yə 1989 manat məbləğində ödənilməmiş borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. İddia tələbindən, görünür ki, Cavabdehgün üçün gecikdirilmiş məbləğin 1 %-i miqdarında hesablanmış198 manat dəbbə pulu tələb olunur. Məhkəmə, işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun cəmi 1989 manat olmasını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən 10 manat, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən 20 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli və ondan 27 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə, Cavabdeh 1989 manat ödənilməmiş borc, 30 manat dəbbə pulu olmaqla, cəmi 2019 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 27 manat pul vəsaiti tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1989 manat ödənilməmiş borc, 30 manat dəbbə pulu olmaqla, cəmi 2019 (iki min on doqquz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 27 (iyirmi yeddi) manat məbləğində pul vəsaiti alınıb «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3040/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3040/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver