Məhkəmə qərarları › İş №2(003)-3064/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3064/2022

03.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3064/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 1780,59 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 1 ünvanında yerləşən evə məxsus qaz sayğacına akt tərtib edilməklə əsassız olaraq borc hesablanmışdır. Qeyd edir ki, sözügedən aktdan heç bir xəbəri olmamış və akt onun iştirakı olmadan tərtib edilmiş və ona heç bir xəbərdarlıq edilməmişdir. Məsələni araşdırdıqda sonradan ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında saycağdan kənar xətt aşkar edilmiş və qaz itgisi kimi qiymətləndirilmişdir. Halbuki o, qazdan qeyri qanuni istifadə etməmişdir. Akt tərtib olunmuş mənzildə heç vaxt təbii qazdan qanunsuz istifadə olunmamışdır. Lakın bütün bunlara baxmayaraq əsasssız olaraq borc hesablanmış və ümumilikdə 1780.59 manat borc yazılmışdır. Bildirir ki, cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Həmçinin bildirdi ki, o, məcburi köçkün olmaqla Mərdəkan qəsəbəsində yerləşən “Kristal” düşərgəsində ailəsi ilə birlikdə yaşayır. Həmin düşərgədə ümumiyyətlə 2017-ci ilədək təbii qaz olmamışdır. Düşərgəyə təbii qaz 2017-ci ilin noyabr ayında verilmiş və həmin vaxtı da sayğac yerləşdirilmişdir. Ondan sonra təbii qazdan istifadə etmişlər və vaxtı-vaxtında ödənişlər etmişlər. Onlar heç vaxt təbii qazdan kənar xətt vasitəsilə istifadə etməmişlər və bu barədə tərtib edilmiş aktlar barəsində məlumatları olmamışdır. Yalnız etdikləri ödənişlərdən tutulmaların aparıldığını müəyyən edəndən sonra bu barədə maraqlanmışlar. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2017-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, yeni abonent olan istehlakçı olan İddiaçı yaşadığı Mərdəkan qəsəbəsi “Kristal” düşərgəsində yerləşən fərdi yaşayış evinə G-4 markalı 1602AZ**********04 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan iddiaçının adına olan **********00460 kodlu abonent saldosundan görünür ki, iddiaçının abonent hesabına aktlar əsasında 2010-cu ilin oktyabr ayından 2017-ci ilin yanvar ayınadək hər ay müəyyən məbləğlərdə olmaqla cəmi 3591,19 manat məbləğində borc hesablanmışdır. Həmçinin həmin abonent saldosundan görünür ki, 2010-cu ilin oktyabr ayından 2016-cı ilin dekabr ayınadək hər ay üzrə yaranmış borcdan məcburi köçkün limitinə görə müəyyən məbləğlərdə pul çıxılmış və abonent hesabında 1780,61 manat məbləğində borc qalmışdır. İş materiallarında olan “Gasrep” çıxarışının surətindən görünür ki, 2017-ci ilin fevral ayından 2022-ci ilin iyul ayınadək hər ay istehlakçı tərəfindən istifadə edilmiş qazın sərfiyyatı abonent hesabında öz əksini tapmış və hər ay həmin sərfiyyata uyğun ödənişlər aparılmışdır. Həmçinin həmin “Gasrep” çıxarışdan görünür ki, abonent hesabında borcun məbləği 1365,59 manat təşkil edir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı, məcburi köçkün olmaqla yaşadığı Mərdəkan qəsəbəsi “Kristal” düşərgəsində yerləşən evə sayğac 2017-ci ilin fevral ayında quraşdırılmış və həmin tarixdən onun tərəfindən sərf olunmuş qazın dəyəri hər ay vaxtı-vaxtında ödənilmişdir. İddiaçının adına olan abonent hesabında borcun məbləği 1365,59 manat təşkil edir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktların tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş (baxmayaraq ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh Birliyə müvafiq qaydada məlumat verilmişdir) və həmin halların mövcüdluğu müəyyən edilməmişdir. Odur ki, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərərlərin cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərərlər də iddiaçının abonent hesabına hesablanmasının əsaslı hesab edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləğləri cavabdeh Birlik tərəfindən tərtib edilmiş aktlar əsasında olduğundan və həmin aktların tərtib edilməsinə əsas olmuş halların ( müqavilə və qanunvericilik normalarının tələblərinə uyğun olmayan) iddiaçının hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən və bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, bununla da iddiaçının abonent hesabına hesablanan borc məbləğlərinin əsaslı olması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Eyni zamanda hazırda iddiaçının abonent hesabında həmin aktlara görə 1365,59 manat borcun qalmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və həmin məbləğdə borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.1-ci bəndində əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı abonent hesabından (abonent kodu **********00460) 1365,59 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməli və cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı abonent hesabından (abonent kodu **********00460) 1365,59 manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar