Məhkəmə qərarları › İş №2(003)-3072/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3072/2022

07.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3072/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, həmçinin digər İddiaçı2 nümayəndəsi Maksumov Rafiq Arif oğlunun, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan məcburi payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan məcburi payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, atası X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Atası rəhmətə getməmişdən əvvəl adına Yasamal rayonu, İ.Qutqaşınlı 41/43 yerləşən daşınmaz əmlak bağışlama əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmişdir. Atası da həmin ünvanda yaşayırdı. Lakin Gülzadə adlı xanım atasına mütəmadi olaraq qulluq etdiyi üçün onun yanına tez-tez gedib gəlirdi. Atasının 2 qanuni vərəsəsi, yəni İddiaçı1 və bacısı ola-ola 5 saylı Notariat kontoru Gülzadə adlı şəxsə vəsiyyət üzrə üzrə vərəsə kimi şəhadətnamə vermişdir. Atası rəhmətə getməmişdən əvvəl ağır xəstə idi, qeyd etdiyi şəxsə onlardan xəbərsiz olaraq vəsiyyət etməsi qanunsuzdur. Atası yataq xəstəsi idi, adına olan əmlak 25.7 kv m fərdi yaşayış evi naməlum səbəbdən vəsiyyət edilsə də, onların xəbəri olmayıb. Lakin bir müddət sonra o, 5 saylı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Cavabdeh2 müraciət etsə də, ona orada məlum oldu ki, vərəsəlik işi açılıb və həmin fərdi yaşayış evinə vəsiyyət üzrə vərəsə var. Bu barədə bacısı X4 bildirmişdir. Bacısının həyat yoldaşı ağır əməliyyat keçirdiyi üçün onlar notariat kontoruna müraciət etsələr də İddiaçı2 yoldaşının xəstəliyi ilə əlaqədar ağır müəyyən olunmuş müddət bitdiyi üçün şəhadətnamə ala bilməmişlər. Bir müddət sonra 20**-ci ilin may ayında həmin notariat kontoruna müraciət etsə də vaxtın ötürülməsini səbəbi ilə ona və bacısına şəhadətnamə verilmədi. 06.07.20**-ci ildə Notariusun imtina barədə qərarını tələb etsə də bildirdilər ki, Notarius analıq məzuniyyətindədir və 15.07.20**-ci ildə işə çıxacaq. Hesab edirlər ki, yuxarıda sadalanan əmlak Novruzova (Quliyeva) Qərib Abdul qızı X2 nikahda olduqları dövrdə əldə olunduğundan, eləcə də aldatma etibardan sui-istifadə nəticəsində cavabdeh X5 tərəfindən oğurlanmağa cəhd edildiyindən o, miras paydan mərhum edilməli və qeyd edilən əmlak birgə nikah dövründə əldə olunmuş əmlak kimi, eləcədə digər vərəsələrin payları nəzərə alınmaqla müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməlidir. Göründüyü kimi, qüvvədə olan mülki və ailə qanunvericiliyinin tələblərinə zidd olaraq Cavabdeh1 hər vəchlə adına vacib yanılma, etibardan sui-istifadə etmə və aldatma yolu ilə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törədərək, bununla da özünün miras paylarının artırılmasına cəhdlər göstərir və göstərməkdə də davam edir. Bir daha qeyd edilir ki, cavabdeh məni dəfələrlə aldatmış, onun etibarından sui-istifadə etmiş, ona çatası miras payın bu və ya digər qanunsuz üsullarla artırılmasına cəhdlər göstərmiş, miras əmlak üstündə dəfələrlə onlarla mübahisə edib. Cavabdeh isə, həmin fərdi yaşayış evində yaşamır, həmin miras əmlakda istifadə hüququ olmamış, orada rəsmi qeydiyyatda olmamışdır, Bakı şəhərində müxtəlif ünvanlarda yaşamış və rəsmi qeydiyyatda olmuşdur. Məhkəmənin diqqətinə onu da çatdırırlar ki, İddiaçı1 Təvəkkül oğlu bu günədək miras əmlaka sahiblik edir, hal-hazırda həmin əmlak onun istifadəsində olmaqla, daimi olaraq orada yaşayır. Daha sonra İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, 5 saylı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Cavabdeh2 tərəfindən Cavabdeh1 verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı1 və bacısı İddiaçı2 qanun üzrə vərəsəlik üzrə çatası məcburi payın verilməsi və ünvan 2 ünvanına dair Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş ½ hissədə 25.7 kv.m. olan 11**090469 nömrəli 17.06.20**-ci il tarixli çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, həmçinin digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddianı müdafiə etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini etiraf edərək məhkəməyə bildirdi ki, o, mərhum Maksumov Arif tərəfindən verilmiş vəsiyyətnamə əsasında miras əmlaka dair öz adına çıxarış almışdır. Lakin iddiaçılar da həmin əmlakdan məcburi pay hüququna malik olduğundan, o, iddiaçılara düşən payın verilməsinə etiraz etmir. Odur ki, iddianın təmin olunmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı1 atası X9r. İş materiallarında olan **.10.2019-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X10 bütün daşınar və daşınmaz əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə Yasamal rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında xx.xx.2021-ci il tarixli **19 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 313.8 kv/m olan fərdi yaşayış evinin 25.27 kv.metr olan ½ hissəsi xx.xx.2017-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 5 saylı Bakı ASAN xidmət mərkəzində Notariat ofisinin xüsusi notariusu X7 tərəfindən **.10.2019-cu il tarixdə təsdiq edilən və reyestrdə 525 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Cavabdeh1dır. Miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 313.8 kv/m olan fərdi yaşayış evinin 25.7 kv/-dən ibarət ½ hissəsindən ibarətdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 313.8 kv/m olan fərdi yaşayış evinin 25.7 kv/-dən ibarət ½ hissəsi 17.06.20**-ci il tarixdə 11**090469 qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 5 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisinin 15.07.20**-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 xx.xx.2021-ci ildə vəfat etmiş atası X6 vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar olaraq miras əmlaka dair vəsiyyətnamə üzrə vərəslik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdir. Mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən müraciətin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə “X8” AQİS-dən çıxarışdan görünür ki, İddiaçı1 və İddiaçı2 X6 övladlarıdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, mübahisəli əmlak olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 313.8 kv/m olan fərdi yaşayış evinin 25.7 kv/-dən ibarət ½ hissəsi iddiaçıların mərhum atası X6 adına dövlət qeydiyyatından keçib. Mərhum A.Maksumov mülkiyyətində olan əmlakı vəsiyyətnamə əsasında Cavabdeh1 vəsiyyət etmiş, sonuncu da bunun əsasında həmin əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atalarının adına dövlət qeydiyyatına alınmış və Cavabdeh1 vəsiyyət edilmiş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 313.8 kv/m olan fərdi yaşayış evinin 25.7 kv/-dən ibarət ½ hissəsindən onların məcburi payının müəyyən edilməsini xahiş edirlər. İş üzrə həmçinin müəyyən olunur ki, Cavabdeh1 iddianı etiraf edərək, iddiaçılara məxsus məcburi pay hüququnun müəyyən olunmasına etirazı yoxdur. O, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Həmçinin iddiaçılar miras əmlakı faktiki qəbul etmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, miras qoyanın övladları onun yas mərasimini həmin yaşayış sahəsində həyata keçirmiş, miras qoyanın dəfn mərasimini təşkil etmiş, onun xərclərini çəkmiş və həmin mülkə daim gedib gəlmişlər. Belə ki, hüquq nəzəriyyəsində mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Göründüyü kimi, vərəsələr qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinin tələbinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinin tələbinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinin tələbinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1248.1-ci maddəsinin tələbinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1268.1-ci maddəsinin tələbinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 324.2-ci maddəsinin tələblərinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinin tələblərinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq qeyd edir ki, miras qoyanın övladları olaraq birinci növbəli vərəsə kimi iddiaçılarla bağlı məlumat nə ərizəçilərdən tələb olunmuş, nə də notarius tərəfindən araşdırılmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 103-cü bəndinin sonuncu abzasında qeyd olunmuşdur ki, notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əvvəlcə, məhkəmə qeyd edir ki, irəli sürülən iddia tələbi üzrə yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən irəli gəlir və miras əmlaklara dair mülkiyyət hüququnun əldə edilmə müddəti baxımından mübahisəyə qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən normaları tətbiq olunmalıdır. İşin mübahisəsiz halıdır ki, iddiaçılar mərhum X6 vərəsələridir. Ölümündən sonra ondan Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşinli 41/43 ünvanında yerləşən yaşayış evindən 25.7 kv.m (1/2 hissədən 25.7 kv.m) miras qalmışdır. Həmçinin, o da işin mübahisəsiz halıdır ki, cavabdeh mərhum Arif Maksumovun faktiki nikahdan olan arvadıdır. Qanunda miras əmlakın vərəsələrə keçməsinin 3 əsası nəzərdə tutulmuşdur: birincisi, qanun üzrə; ikincisi vəsiyyətnamə üzrə; üçüncüsü hər iki əsasla, yəni həm qanun, həm də vəsiyyət üzrə. Birinci əsas o zaman qüvvədə olur ki, əmlaka dair vəsiyyətnamə olmasın. Hazırkı mübahisə üzrə mərhum Arif Maksumov tərəfindən miras əmlaka dair Cavabdeh1 vəsiyyətnamə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların miras əmlakda məcburi pay hüquqları yaranır. Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarında məcburi payın yaranmasının dispozitiv şərtləri nəzərdə tutulmuşdur. Qanunun mənasına görə məcburi payın yaranması üçün ilk növbədə əmlaka malik olan şəxsin ölməsi, ölən şəxsin əmlakda məcburi pay hüquqi olan şəxslərin valideyini, əri (arvadı) və ya uşağı olması, miras qoyanın ölümünədək vərəsənin sağ olması, habelə miras qoyan tərəfindən vəsiyyətnamənin verilməsi əsas şərtlərdir. İddiaçıların miras qoyan mərhum Arif Maksumovun övladları olması işin mübahisəsiz halıdır və bu barədə əvvəldə də qeyd edilib. Həmçinin, işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçıların mirasda məcburi pay hüququnun yaranması üçün sadalanan digər dispozitiv şərtlər də mövcuddur. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, cavabeh mərhum Arif Maksumovdan qalan miras əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə 5 saylı Bakı “Asan” xidmət mərkəzində Notariat Ofisinə müraciət etmiş, 16.06.20**-ci ildə ona Arif Maksumovdan miras qalan Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşinli 41/43 ünvanında yerləşən 313.8 kv.m fərdi yaşayış evinin ½ hissəsinin 25.7 kv.m hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən maddi hüquq normalarının tələbinə əsasən, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. İş üzrə olan sübutlarla, işin məhkəmə iclasında tədqiq olan halları ilə müəyyən edildi ki, iddiaçılar xx.xx.2021-ci il tarixdə vəfat etmiş Arif Maksumovun övladlarıdır, onların mərhum atasından qalmış mirasdan məcburi pay almaq hüququ əmələ gəlmişdir. Odur ki, 5 saylı ASAN xidmət mərkəzi tərəfindən Cavabdeh1 verilmiş 16.06.20**-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, həmin şəhadətnamə əsasında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş 11**090469 nömrəli 17.06.20**-ci il tarixli çıxarış Cavabdeh1 münasibətdə ləğv olunmalı, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 313.8 kv/m olan fərdi yaşayış evinin ½ hissəsi olan 25.7 kv/m-dən ibarət miras əmlakın ¼ hissəsinə İddiaçı1 və ¼ hissəsinə İddiaçı2 pay hüququ (məcburi pay) müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-**0, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. 5 saylı ASAN xidmət mərkəzi tərəfindən Cavabdeh1 verilmiş 16.06.20**-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin edilsin. Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş 11**090469 nömrəli 17.06.20**-ci il tarixli çıxarış Cavabdeh1 münasibətdə ləğv olunsun. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 313.8 kv/m olan fərdi yaşayış evinin ½ hissəsi olan 25.7 kv/m-dən ibarət miras əmlakın ¼ hissəsinə İddiaçı1 və ¼ hissəsinə İddiaçı2 pay hüququ (məcburi pay) müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar