Məhkəmə qərarları › İş №2(003)-3125/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3125/2020

30.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3125/2020 30.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarından olan xx.xx.1990-cı il tarixli 250 saylı çıxarışda və Abşeron rayon Dövlət Arxiv Fondunun xx.xx.2007-ci il tarixində təsdiq edilmiş çıxarışında göstərilən “X3” oğlunun “Ərizəçi” oğlu ilə eyni şəxs olması faktı və sözügedən çıxarışda həyətyani sahə üçün ayrılan 0.06 ha torpaq sahəsinin “Ərizəçi” oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1961-ci ilin noyabrın 03-də Qazaxıstan Respuplikasında anadan olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxxx 1989cu il tarixli 361 nömrəli və xx xxxxx 1990-cı il tarixli 164 nömrəli qərarları ilə hər ailəyə 0,06 hektar hesabı ilə 9,60 hektar həyətyani torpaq fondu ayrılmışdır. Həmin qərara əsasən Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə komitəsinin qərarına əsasən o, X1 0.06 hektar həyətyani torpaq sahəsi ayrılmağı və Hövsan Südçülük Sovxozunun 1990-cı il tarixli 61 nömrəli əmrinin nbzərə alınmağı qeyd edilmişdir. Lakin qeyd olunan çıxarışda adı Usenağa deyil Hüseynağa kimi qeyd olunmuşdur. Həmçinin Abşeron Rayon Dövlət Arxivi Fondunun xx xxxxxx 2007-ci il tarixli məktubu ilə yuxarıda qeyd edilən əmrlər və qərarlar əsasında ona 0,06 hektar həyətyani torpaq sahəsinin ayrıldığı təstiq edilfnişdir. Eyni zamanda Abşeron rayon Arxiv Fondunun çıxarışındada adı Usenağa deyil Hüseynağa kimi qeyd edilmişdir. Müvafiq halı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Abşeron rayonu XDC İcraiyyə komitəsinin qərarından 250 saylı xx.xx.1990-cı il tarixli çıxarışının ona məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Qazaxıstanın Cambul vilayətində doğulmuşdur. Onun atası İnşallah Abdullayev, anası Qızılgül Abdullayevadır. İş materiallarında olan hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi xx.xx.1980-ci il tarixdə hərbi komissarlığa çağırılmışdır. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, həmin kitabça xx.xx.1984-cü il tarixdə Ərizəçi adına Hövsan Südçülük Sovxozuna işə qəbul edilməklə açılmışdır. İş materiallarında olan səkkizillik təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, 1961-ci il təvəllüdlü Ərizəçi Bakı şəhəri Əzizbəyov rayonunun 136 saylı məktəbində oxumuş və 1977-ci il tarixdə səkkizinci sinfi kafi qiymətlərlə bitirmişdir. İş materiallarında olan xx.xx.1990-cı il tarixli 250 saylı Azərbaycan SSR-i Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarından çıxarışdan görünür ki, Hövsan südçülük sovxozunda fərdi üsulla yaşayış evlərinin tikintisi üçün verilmiş həyətyanı torpaq sahələrinə baxılması haqqında Abşeron rayon XDS İcraiyyə Komitəsi qərarı ilə vətəndaş X1 0.06 ha hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması haqqında Hövsan Südçülük Sovxozunun xx.xx.1990-cı il tarixli 61 saylı əmri nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Göründüyü kimi, Azərbaycan SSR-i Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 250 saylı qərarından çıxarışda 0.06 ha həyətyani torpaq sahəsi ayrılmış şəxs «X2» göstərilsə də, işdə olan digər sənədlərdə «Ərizəçi» kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair həmin sənədin atasına və nənəsinə məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə həmin torpaq sahəsinə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan SSR-i Abşeron rayon XDS İcraiyyə Komitəsinin X1 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.06 ha həyətyani torpaq sahəsinin ayrılması barədə xx.xx.1990-cı il tarixli 250 saylı qərarından çıxarışın Ərizəçi (şəxsiyyət vəsiqəsinə əsasən) məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan SSR-i Abşeron rayon XDS İcraiyyə Komitəsinin X1 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.06 ha həyətyani torpaq sahəsinin ayrılması barədə xx.xx.1990-cı il tarixli 250 saylı qərarından çıxarışın Ərizəçi (şəxsiyyət vəsiqəsinə əsasən) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar