Məhkəmə qərarları › İş №2(003)-3143/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3143/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3143/2021 16.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28.07.2020-ci il tarixli müqaviləyə əsasən 919,2 manat ödənilməmiş hissə, 91 manat cərimə, 26.05.2020-ci il tarixli müqaviləyə əsasən 704,8 manat ödənilməmiş hissə, 70 manat cərimə, cəmi 1785 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 28.07.2020-ci il tarixli və 26.05.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh Hoffman Siac kondisoner və X1 9S markalı telefon almış və ümumilikdə 1785 manat borcu qalmışdır. Cavabdeh 28.07.2020-ci il tarixli müqaviləyə əsasən, 919,2 manat ödənilməmiş borc, 91 manat cərimə borcu qalmışdır. 26.05.2020-ci il tarixli müqaviləyə əsasən isə 704,8 manat ödənilməmiş hissə, 70 manat cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh müvafiq qaydada və müddətdə iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 28.07.2020-ci il tarixdə 21042761 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 919,2 manat olan Hoffman Siac kondisoner, yeni qızıl zəmanət xidməti olmaqla nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 38,3 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 26.05.2020-ci il tarixdə 20310725 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 814,8 manat olan X1 9S markalı telefon, yeni qızıl zəmanət və telefon quraşdırma xidməti olmaqla nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 67,9 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 28.07.2020-ci il tarixli müqavilə üzrə 919,2 manat ödənilməmiş hissə, 91 manat cərimə, 26.05.2020-ci il tarixli müqaviləyə əsasən 704,8 manat ödənilməmiş hissə, 70 manat cərimə, cəmi 1785 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğı-satqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun 1785 manat ödənilməmiş əsas borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqavilələrinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28.07.2020-ci il tarixli 21042761 saylı alqı-satqı müqaviləsinə əsasən 919,2 manat ödənilməmiş hissə, 91 manat cərimə, 26.05.2020-ci il tarixli 20310725 saylı müqaviləyə əsasən 704,8 manat ödənilməmiş hissə, 70 manat cərimə, ümumilikdə 1785 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 28.07.2020-ci il tarixli 21042761 saylı alqı-satqı müqaviləsinə əsasən 919,2 manat ödənilməmiş hissə, 91 manat cərimə, 26.05.2020-ci il tarixli 20310725 saylı müqaviləyə əsasən 704,8 manat ödənilməmiş hissə, 70 manat cərimə, ümumilikdə 1785 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar