Məhkəmə qərarları › İş №2(003)-3161/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3161/2021

16.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3161/2021 16.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı mirasdan açıq qalmış payın onun payına birləşdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası Nəcəfqulu Rza-Qulu oğlundan qalmış 3/5 pay və X2ndan qalmış 1/5 payın onun payına birləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xəzər rayonu Şüvəlan qəsəbəsi, ünvan 1 ünvandakı yaşayış evi ataları Nəcəfqulu Rza-qulu oğlunun mülkiyyətində olmuşdur. Ataları 24 iyun 1992-ci ildə vəfat etmişdir. Onun 5 övladı - 3 qızı və 2 oğlu olmuşdur. Övladlarından o və birinci qrup əlil olan qardaşları Allahqulu Nəcəfulu oğlu ataları ilə həmişə bir ünvanda yaşamışlar. Digər bacı-qardaşlar isə atalarının ölümündən sonra vərəsə kimi qeydiyyata alınmaları barədə nəinki qanunla nəzərdə tutulmuş 3 ay ərzində, hətta indiyədək mirasdan pay almaq üçün müraciət etməmişlər. Lakin, 2 bacısı atalarının ölmündən 18 il keçəndən sonra hələ atalarının sağlığında atalarının evindən ər evinə köçərək orada qeydiyyata alınmalarına, köçəndən sonra və atalarının ölmündən sonra miras qalmış evlə heç bir əlaqələri olmadığı halda vərəsə kimi paylarını almaq üçün əvvəl 7 saylı notariat kontoruna, onun imtinasından da Xəzər rayon məhkəməsinə müraciət etsələr də onların iddiaları təmin olunmamışdır. O, hələ ataları öləndən sonra vərəsə kimi qeydə alınmış və mirasdan ona 5 də 1 pay müəyyən olunmuşdur onunla birlikdə atalarının evində yaşayan qardaşları Allahqulu Nəcəfqulu oğluna da o, qədər pay verilmişdir. Qalan 5 də 3 pay isə atalarının adına qalmışdır. Onunla eyni pay sahibi olan qardaşları Allahqulu Nəcəfqulu oğlu 14 iyun 2021-ci il tarixdə dünyasını dəyişmişdir. Onu da bildirim ki, hələ 2014-cü ildə o, X2nun qəyyumudur, onun xəstə olduğuna görə onun qulluğunda olmuşdur. X2 dünyasını dəyişəndən sonra o, 7 saylı notariat ofisinə müraciət edərək atalarından qalma mirasın hamısının onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciət etmişdir. Cavabdeh isə atalarının ölmündən 18 il sonra mirasdan pay almaq istəyən digər vərəsələrin məhkəmə mübahisələrinin olduğunu əsas götürüb ona imtina cavabı vermişdir. Hesab etmişdir ki, notariat ofisinin ona vermiş olduğu cavab əsassızdır, ona görə də həmin cavabla onun vərəsəlik hüququ pozulduğuna görə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusunun 29.06.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı atası Nəcəfqulu Rzaquli oğlundan miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanda yerləşən evə dair ona şəhadətnamə verildiyi xatırladılmış, mərhumun digər vərəsələrinin payı isə açıq saxlanıldığı, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin məhkəmənin yekun qərarı olduqdan sonra veriləcəyi bildirilmişdir. İş materiallarında olan qeydiyyat vəqisəqinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 1/5 hissədə İddiaçı, 1/5 hissədə hissədə Allahqulu Nəcəfovaya və 3/5 hissədə X6 məxsusdur. İş materiallarından görünür ki, Nəcəfqulu Rzaqulu oğlu 24.06.1992-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarından görünür ki, Allaqulu Nəcəfqulu oğlu 14.06.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11.12.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubad küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə dair Nəcəfqulu Rzaqulu oğlunun adına açıq qalmış 3/5 hissə İddiaçı və X1 arasında bərabər bölüşdürülməklə İddiaçı 3/10 hissədə, X1 3/10 hissəsədə payının müəyyən edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, həmin qətnamə Azərbaycan Respublikasın Ali Məhkəməsinin qərarı ilə qanuni qüvvəyə minmişdir. Artıq iddianın bir hissəsi ilə bağlı, yəni atası Nəcəfqulu Rza-Qulu oğlundan qalmış 3/5 payın onun payına birləşdirilməsi hissəsi ilə bağlı mübahisə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz həliini tapmışdır. İddia tələbinin digər hissəi ilə bağlı, X2ndan qalmış 1/5 payın onun payına birləşdirilməsi hissəsinə münasibətdə isə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qardaşı Allahqulu 2021-ci ildə ölmüş lakin iddiaçı bununla bağlı onun vərəsəsi qismində ondan qalmış miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün notariat ofisinə müraciət etməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, həmin qardaşa münasibətdə vərəsəlik hüququnun həyata keçirilməsi ilə bağlı müraciət etmək hüquqları olan daha iki bacıları vardır. Belə olan halda notariat ofisinə müraciət edilmədən, digər vərəsələrlə aralarında pay bölgüsünə dair mübahisənin olub-olmaması müəyyən edilmədən qardaşdan qalan miras əmlakın pay kimi özünün payına birləşdirilməsi barədə iddia tələbinin təmin edilməsi qanuni və əsaslı olmamaqla iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu hal sübut etməkdən azad olmaq üçün əsasdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçı etdiyi tələbə notariat ofisinə müraciət etməyərək birbaşa məhkəməyə müraciət etmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, hazırki tələblə bağlı Bakı şəhəri 7 saylı notariat ofisi iddiaya cavab verməli şəxs deyil. Belə ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia təlləbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. (Mülki Prosessual Məcəllənin 50-ci maddəsi) Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia üzrə cavab verməli olan şəxs cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisi deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə göstrəilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı atası Nəcəfqulu Rza-Qulu oğlundan qalmış 3/5 pay və X2ndan qalmış 1/5 payın onun payına birləşdirilməsi tələbinə dair iddiaları təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar