Məhkəmə qərarları › İş №2(003)-3175/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3175/2025

06.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3175/2025 06.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı, onun vəkili Nümayəndə və nümayəndəsi X1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilərək ləğv edilməsi və daşnar və daşınmaz miras əmlakın vərəsələr arasında bərabər bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Z. Zulkaydayev küçəsində yerləşən 1D saylı fərdi yaşayış evi 1/6 hissə İddiaçı Ağamusa oğluna, 1/6 hissə Cavabdeh1, 4/6 hissə X13ma məxsus olmuş daşınmaz əmlakdır. X10 xx.xx.20245-ci il tarixdə vəfat etmişdir. İş üzrə digər Cavabdeh1 X6 hələ sağikən 9 saylı DNO-ya apararaq orada xx.xx.2024-cü il tarixdə mübahisəli əmlaka dair vəsiyyətnamə tərtib etdirmişdir. Vəsiyyətnamənin məzmununa görə miras qoyan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Z.Zulkaydayev küçəsi ev 1D-də qeydiyyatda olan Cavabdeh1 8/10 hissəsini, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Z.Zulkaydayev küçəsi ev 10-da qeydiyyatda olan İddiaçı Ağamusa oğluna 1/10 hissəsini və Bakı şəhəri, Nərimaniv rayonu, A.Alı küçəsi ev 48, mənzil 10-da qeydiyyatda olan Cavabdeh2 1/10 hissəsini vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə bağlandığı andan etibarsızdır və heç bir hüquqi nəticə yaratmır. Çünki AR MM-in 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsləik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

3. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə “İddia ərizəsinin əsasının artırılması barədə” ərizə təqdim edərək, X4 adına olan ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət hüququ əsasında anasına məxsus 4/6 hissə payın iddianın təsviri hissəsində sadalanan daşınar əmlakın, vərəsələr arasında bərabər nisbətdə bölgüsünə dair, əşyalar olmadığı təqdirdə onların hesablanıb dəyərinin – 18231 (on səkkiz min iki yüz otuz bir) manatın, vərəsələr arasında bərabər nisbətdə bölgüsünə dair, habelə Bakı şəhəri 9 saylı DNO tərəfindən tərtib olunmuş vəsiyyətnamənin etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Proses iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında notarius tərəfindən vəsiyyətnamənin mülki qanunvericiliyin tələblərinə zidd olaraq tərtib olunduğunu, iddiaçının mərhumun qanun üzrə vərəsəsi olduğunu, bu səbəblə onun miras əmlakın yarısına sahib olmalı olduğunu, lakin vəsiyyətnamədə buna zidd olaraq miras əmlakın yalnız 1/10 hissədə iddiaçıya vəsiyyət edildiyini, onun məcburi payının vəsiyyətnamədə nəzərə alınmadığını, bu səbəbdən vəsiyyətnamənin etibarsız hesab edilməli olduğunu və qanun üzrə bölgünün aparılmalı olduğunu, həmçinin miras əmlakın nədən ibarət olmasının iddia ərizəsinin təsviri hissəsində qeyd olunduğunu, onların bir qisminə aid fotoşəkillərin iş materillarına əlavə edildiyini, həmin əşyaların cavabdehlərdə olmasını cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın təsdiq etdiyini, müraciət üçün həmin əmlakın mövcud olmalı olduğunu qeyd etmişdir.

5. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında 35 il qaynanası ilə birlikdə yaşadıqlarını, ona gəlini olaraq özünün baxdığını, vəsiyyətnamə tərtib edilən dövrdə də onlarla birlikdə yaşadığını, hər hansı əqli və psixoloji probleminin olmadığını, onun 2025-ci ilin may ayında bacısının halının pisləşməsi səbəbilə taksi ilə təkcə bacısıgilə getdiyini, ordan da digər oğlu Cavabdeh1 onu öz evlərinə aparmasını, Fuadın yoldaşı ilə qaynanasının heç bir zaman yola getmədiyini, qaynanasının xərçəng xəstəsi olduğunu, oğlugildə olarkən halının daha da ağırlaşdığını, cavabdehlərin bundan istifadə edərək onu notariusa aparıb istədiklərimi kimi vəsiyyətnamə yazdırdıqlarını, qaynanasını xəstəliyi dövründə ziyarətə getmək istədiklərini, Cavabdeh1 və yoldaşının buna maneçilik törətdiyini, mərhumun xəstəliyinin ağır dövründə onu ziyarət edən digər qohumlarından həmin dövrdə qaynanasının yaddaşını itirdiyini, heç kəsi tanımamasını eşitdiyini, cavabdeh tərəfin 10 ildir onların yaşadığı evi tərk etdiyini, cavabdehlərin qaynanasına məxsus əşyaları o işdə olarkən aparmasını qeyd etmişdir.

6. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiklərini bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, həmçinin izahatında vəsiyyətnamənin mərhum tərəfindən imzalandığını, notarius tərəfindən təsdiqləndiyini, vəsiyyətnamənin etibarsız hesab olunması üçün hər hansı bir əsas olmadığını, əgər həmin şəxsə qanun üzrə daha çox miras əmlak verilməli idisə və daha az miqdarda miras vəsiyyət edilibsə, bunun vəsiyyətnamənin etibarsızlığı üçün əsas olmadığını, iddiaçı tərəfin bu səbəblə daha çox miras əmlakın ona aid edilməsi ilə bağlı iddia verməli olduğunu, iddia ərizəsinin təsviri hissəsində qeyd olunan əşyaların ümumən mövcud olması, onlar mövcuddursa onların mərhum şəxsə məxsus olması və onun miras əmlakının bir hissəsini təşkil etməsinə, həmçinin həmin əşyaların hazırda cavabdeh tərəfdə olmasına dair hər hansı sübutun olmadığını, fotoşəkillərlə bağlı həmin fotoşəkillərlə heç bir halın müəyyən edilmədiyini, sırğa ilə bağlı yenə ümumən onun qızıl olması, mərhuma məxsus olması, onun miras əmlak olması, hazırda cavabdehdə olmasına dair sübutun olmadığını, cavabdeh tərəfin vəsiyyətnamədən əvvəl iddiaçı tərəfin yaşadığı mənzilin paylı mülkiyyətçisi olması, lakin iddiaçı və ailəsi tərəfindən cavabdeh tərəfin evə buraxılmamasını bu səbəbdən onların öz paylı mülkiytyətləri ilə onlara məxsus olan evdə yaşaya bilmədiklərini, onlar arasında başqa bir məhkəmə mübashisəsinin də olduğunu qeyd etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdeh Bakı şəhəri 7 saylı Notariat Kontoruna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfindən nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və iştirak etməməmənin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

9. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli vəsiyyətnamədən görünür ki, X10 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ünvan 2 qeydiyyatda olan Cavabdeh1 - 8/10 hissəsini, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Z.Zulkaydayev küçəsi ev 10-da qeydiyyatda olan İddiaçı Ağamusa oğluna - 1/10 hissəsini və Bakı şəhəri, Nərimaniv rayonu, A.Alı küçəsi ev 48, mənzil 10-da qeydiyyatda olan Cavabdeh2 1/10 hissəsini vəsiyyət etmişdir. Vəsiyyətnamə 2 şahidin - X7 və Ağayeva Gülarənin iştirakı ilə tərtib edilmişdir.

10. əmlakın 8/10 hissəsini Cavabdeh1, 1/10 hissəsini İddiaçı və 1/10 hissəsini Cavabdeh2 vəsiyyət etmişdir.

11. АЗ seriyalı ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı 07 avqust 1969-cı il tarixdə anadan olmuş, atası Bağırov X19, anası X8r.

12. İ-ЖГ seriyalı 257646 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 31 avqust 1971-ci il tarixdə anadan olmuş, atası Bağırov X19, anası X8r.

13. Vİ-ЖГ seriyalı 375067 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X3 12 iyun 1993-cü il tarixində 361 nömrəli akt qeydi ilə nikah bağlanmış və nikahdan sonra ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir.

14. AZ-İİ seriyalı 503427 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir.

15. 20.06.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X11 əmisi və ailəsinin münaqişəsi barədə müraciəti ilə bağlı olaraq, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

16. xx.xx.2025-ci il tarixli X1 ərizəsindən görünür ki, o, Xəzər rayon Prokurorluğuna müraciət edərək Nəzakət və Cavabdeh1 barəsində Elçinə məxsus əmlakların daşınıb aparılması, etdikləri özbaşınalıqlarla bağlı onların məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.

17. xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X2 qaynı İddiaçı ilə aralarında münaqişə yaşanması və qaynanasına məxsus əmlakın oğurlanması barədə müraciəti ilə bağlı olaraq, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

18. 11.07.2025-ci il tarixli 3-16-5/8-69-1085 nömrəli arayışdan görünür ki, X27 Əli Abbas ilə X5 xx.xx.2025-ci il tarixində Bakı nikah evində 2270 nömrəli akt qeydi ilə nikah bağlanmış və nikahdan sonra ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir. Nikaha Bağırov X16 xx.xx.2013-cü ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2013-cü ildə 474 №-li akt qeydi ilə Xəzər rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır.

19. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanındakı 119.90 km2 fərdi yaşayış evinin 4/6 hissəsi X4 paylımülkiyətindədir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyasının

20. 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir.

22. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “MM”):

23. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

24. 324.3-cü maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

25. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

26. 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

27. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

28. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

29. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

30. 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

31. 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

32. 1167-ci maddəsinə əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

33. 1170.1-ci maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.

34. 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

35. 1179.2-ci maddəsinə əsasən, notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

36. 1180.1-ci maddəsinə əsasən, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.

37. 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

38. 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər Məhkəmənin mövqeyi:

39. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

40. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mərhum X10 xx.xx.2024-cü il tarixli vəsiyyətnamə ilə 4/6 hissədə paylı mülkiyyətlə ona məxsus olan ünvan 2 ünvanındakı fərdi yaşayış evi də daxil olmaqla bütün miras əmlakını vərəsələri arasında hansı həcmdə bölüşdürülməli olduğunu müəyyən etmişdir. Miras qoyan X10 həmin vəsiyyətnamədə ona məxsus əmlakın 8/10 hissəsini Cavabdeh1, 1/10 hissəsini İddiaçı və 1/10 hissəsini Cavabdeh2 vəsiyyət etdiyini qeyd etmişdir.

41. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, vəsiyyətnamənin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini, vəsiyyətnamədə iddiaçının məcburi payının nəzər alınmadığını, ona məcburi payından daha az əmlak vəsiyyət edildiyini, mərhumun həmin vəsiyyətnamə tərtib olunarkən səhhətinin yaxşı olmadığını, cavabdeh tərəfin bundan istifadə edərək bu məzmunda vəsiyyətnamə tərtib edilməsinə nail olduğunu, bu səbəblərdən həmin vəsiyyətnamənin etibarsız hesab edilərək ləğv edilməli olmasını, paylı mülkiyyət hüququ ilə mərhuma məxsus daşınmaz əmlakın vəsiyyətnamədə qeyd olunan hissələr üzrə deyil bərabər hissələr üzrə bölüşdürülməli olmasını, həmçinin iddia ərizəsində qeyd edilən bir sıra daşınar əmlakın da miras əmlak kütləsinə daxil olduğunu və onların da, onlar olmadıqda isə dəyərinin vərəslər arasında bərabər nisbətdə bölünməli olduğunu qeyd etmişdir.

42. Əvvəla məhkəmə vəsiyyətnamənin etibarsız hesab edilərək ləğv olunması ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı öz tələbini mərhumun qanun üzrə vərəsəsi olması və məcburi payının nəzərə alınması, habelə vəsiyyət edənin xəstə olması və cavabdehlərin bundan istifadəm etməsi ilə əsaslandırmışdır. Belə ki, iddiaçının vəkili izahatında qeyd etmişdir ki, iddiaçı mərhumun qanun üzrə vərəsələrindən biridir və ona vəsiyyətnamədə qeyd olunan hissədə miras qoyulması qanunsuz olması, ona görə belə bir vəsiyyətnamənin notarius tərəfindən etibarsız olması səbəbilə təsdiq edilməməli olduğunu bildirmişdir.

43. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən, miras əmlak vərəsələrə iki əsas üzrə - qanun üzrə və ya vəsiyyət üzrə keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. (MM 1133-cü maddə) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarında qeyd edilir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Nəzərə alınmalıdır ki, qanun üzrə vərəsəlik məcburilik əlamətinə malik olmadığından miras qoyan vəsiyyətnamə vasitəsi ilə qanun üzrə vərəsələrini (birinci növbə vərəsələr istisna olmaqla) vərəsəlikdən tam və ya qismən kənarlaşdırmaq səlahiyyətinə malikdir. Belə ki, vərəsəlik hüququnun mühüm elementlərindən biri vəsiyyət azadlığıdır. Vəsiyyət azadlığı vasitəsilə miras qoyana mülkiyyəti üzərində sərəncam vermək hüququndan irəli gələrək, vərəsəliyi öz sağlığında şəxsi istəyinə uyğun olaraq tənzimləmək imkanı verilir. Bu azadlığın təminatını müəyyən edən Mülki Məcəllənin 1166cı maddəsində göstərilmişdir ki, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Lakin qeyd olunmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq xarakter daşımır və mülkiyyət hüququ kimi sosial ədalət baxımından qanunvericiliklə müəyyən edilən hədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən vəsiyyət etmək azadlığı mirasda məcburi pay institutu ilə məhdudlaşdırılmışdır. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır. Bununla bağlı nəzərə alınmalıdır ki, mirasın açılması ilə miras əmlakı təşkil edən maddi dəyərlər vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçsə də, yəni həmin əmlak üzərində vərəsələrin, həmçinin məcburi pay sahibi vərəsələrin hüquqları yaransa da, bu hələ payların müəyyən edilməsini, mirasın bölüşdürülməsini, payların ayrılıb vərəsələrə verilməsini ifadə etmir. Buna görə də, məcburi pay hüququ olan şəxslər miras qoyanın vəsiyyəti əsasında qanun üzrə vərəsəlikdən məhrum olarlarsa, mirasın açılması anından onların öz məcburi paylarının verilməsini digər vərəsələrdən tələb etmək hüququ yaranır və bu hüququn pozulması halında onun müdafiəsi qaydası digər vərəsəlik növləri üzrə pozulmuş hüquqların müdafiəsi qaydasından fərqlənmir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mirasda məcburi pay haqqı vəsiyyət üzrə vərəsələr üçün öhdəliyin yaranmasına əsas olan hüquqi institut deyil, məhz miras qoyanın vəsiyyət sərəncamlarının məhdudlaşdırılmasına yönələn qanun üzrə vərəsəliyin toxunulmaz bir hissəsi kimi müəyyən olunmuşdur. Buna görə də Mülki Məcəllənin 1194-cü maddəsində qeyd olunan “birgə borclu” ifadəsi həmin Məcəllənin 500-cü maddəsində nəzərdə tutulmuş birgə borcluluğu deyil, məhz məcburi payın pozulması halında onun miras qoyanın vəsiyyəti nəticəsində miras əmlak əldə edən bütün vərəsələrin əldə etdiyi əmlak hesabına tamamlanmalı olduğunu ehtiva edir.

44. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, miras əmlakın vərəsələrə təkcə qanun üzrə keçməli olması ilə bağlı iqayda müəyyən etməmişdir. Əksinə, vəsiyyətnamə olduğu təqdirdə qanun üzrə vərəsəlik qaydasının tətbiq edilmədiyi müəyyən olunmuşdur. Bununla belə, qanunverici dairəsi müəyyən edilmiş vərəsələrin vəsiyyətnamənin məzmunundan asılı olmayaraq məcburi pay hüququnun olduğunu təsbit etməklə, həmin vərəsələri qorumağa çalışmışdır. Buna görə də, məcburi pay hüququ olan şəxslər miras qoyanın vəsiyyəti əsasında qanun üzrə vərəsəlikdən məhrum olarsa, mirasın açılması anından onların öz məcburi paylarının verilməsini digər vərəsələrdən tələb etmək hüququ yaranır və bu hüququn pozulması halında onun müdafiəsi qaydası digər vərəsəlik növləri üzrə pozulmuş hüquqların müdafiəsi qaydasında həyata keçirilir. Göründüyü kimi, məcburi payın vəsiyyətnamədə nəzərə alınmalı olması ilə bağlı qanunvericilikdə hər hansı bir tələb yoxdur. Çünki vəsiyyətnamənin məzmunundan (vəsiyyətnamədə məcburi payın nəzərdə tutulub-tutulmamasından) asılı olmayaraq məcburi pay hüququ təminat altına alınmışdır. Ona görə vəsiyyətnamədə məcburi payın nəzərə alınmaması vəsiyyətnamənin etibarsızlığına səbəb olan hal sayıla bilməz.

45. İddiaçı tərəfin miras qoyanın 2025-ci ilin may ayında bacısıgilə getdiyini, ordan da digər oğlu (cavabdeh) Cavabdeh1 onu öz evlərinə aparmasını, onun xərçəng xəstəsi olduğunu, oğlugildə olarkən halının daha da ağırlaşdığını, cavabdehlərin bundan istifadə edərək onu notariusa aparıb istədikləri kimi vəsiyyətnamə yazdırdıqları barədə dəlillərə məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, əvvəla vəsiyyətnamədən görünür ki, o xx.xx.2024-cü il tarixində tərtib edilmiş və imzalanmışdır. Məhkəmə iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi həmin dövrdə miras qoyanın onlarla birlikdə yaşadığını, onun öz hərəkətlərinin mənasını başa düşdüyünü və onlara rəhbərlik edə bildiyini, lakin vəsiyyətnamə tərtib etdiyi barədə onlara heç bir söz demədiyini, yalnız 2025ci ilin may ayında özünün təkcə taksi ilə əvvəlcə bacısıgilə, ordan da cavabdeh Fuad Bağıorvun evinə getdiyini, onlarda olduğu vaxt səhhətinin ağırlaşdığını bildirmişdir. İddiaçı tərəfin izahatından göründüyü kimi, miras qoyan vəsiyyətnamə tərtib edilən vaxt fəaliyyət qabiliyyətli olmuş (bu hal mübahisələndirilmir) və əqd bağlandığı (vəsiyyətnamə tərtib edildiyi) zaman onun öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olması ilə bağlı hər hansı mümkün və mötəbər sübut təqdim edilməmişdir. Əksinə vəsiyyətnamə tərtib edilən vaxt miras qoyan iddiaçı ilə birlikdə (bir evdə) yaşaması və iradəsinə təsir göstərəcək hər hansı pozuntunun olması müəyyən olunmur. Hətta miras qoyanın vəsiyyətnamə tərtib ediləndən bir ilə yaxın müddət sonra cavabdehin evində qalması və səhhətinin pisləşməsi şərti olaraq qəbul edilsə belə, sonradan baş vermiş hal qanuni şəkildə bağlanmış əvvəlki əqdin etibarsızlığına səbəb olacaq hal kimi qiymətləndirilə bilməz. Əks təqdirdə bu bir çox əqdin etibarsız sayılması və mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxarar.

46. Vəsiyyətnamənin məzmunundan görünür ki, o xx.xx.2024-cü il tarixində iki hal şahidinin iştirakı ilə notarius tərəfindən tərtib edilmiş, vəsiyyətnamənin məzmunu miras qoyana və şahidlərə izah edilmiş, miras qoyan tərəfindən imzlanmış və notarius tərəfindən təsdiq edilmişdir. Mülki Məcəllənin tələbinə əsasən də, notariat formasında bağlanmış vəsiyyətnamə yazılı formada tərtib edilməli, vəsiyyətnaməni vəsiyyət edən tərtib etməli və imzalamalı, notarius təsdiqləməlidir. (MM m. 1179) Habelə, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına və vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələrin tətbiq edilməsinə yol verilir. (MM m. 1180) Göründüyü kimi, mübahisələndirilən vəsiyyətnamənin məzmununu, tərtib və təsdiq edilməsi qanunvericiliyin tələbinə uyğun həyata keçirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi vəsiyyətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir.

47. Məhkəmə iddia ərizəsində sadalanan daşınar əmlakın, onlar olmadıqda isə dəyərinin miras əmlak kimi vərəsələr arasında bərabər bölüşdürülməsi ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 1151-ci maddəsinin tələbinə əsasən, miras qoyanın öldüyü məqamda onun malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu, o cümlədən ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri miras əmlak hesab edilir. Bu baxımdan iddiaçı sübutetmə yükündən irəli gələrək, miras əmlak kimi bölünməsini istədiyi daşınar əşyaların həqiqətən də mövcud olduğunu və onların miras qoyan şəxsə məxsus olduğunu, habelə onların dəyərini təsdiq edən mümkün və mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, təqdim edilmiş fotoşəkillərdəki əşyaların (tələb olunan əşyaların bir hissəsinin) miras qoyana məxsus olması faktı sübut olunmur. Bunula belə iddia ərizəsində və iddiaçı tərəfin izahatında həmin əşyaların bir hissəsinin hazırda iddiaçının yaşadığı evdə olduğu qeyd edilir. Digər tərəfdən iddiaçının nümayəndəsi Mənzərə Bağırova hüquq mühafizə orqanlarına yazdığı ərizədə əri Elçinə məxsus əşyaların cavabdeh tərəfindən evdən oğurlanıb aparıldığını bildirmişdir. Habelə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan da görünür ki, Bağırova Mənzərə 35 ildir qeyd olunan mənzildə ailə üzvləri ilə birlikdə yaşadığını, öz evindən necə oğurluq edə biləcəyini, evin əşyalarının ona məxsus olduğunu” bildirmişdir. Cavabdeh tərəf də qeyd olunanları tamamilə təkzib edərək, həmin əşyaların ümumiyyətlə mövcud olması, onlar mövcuddursa onların mərhum şəxsə məxsus olması və onun miras əmlakının bir hissəsini təşkil etməsinə, həmçinin həmin əşyaların hazırda cavabdeh tərəfdə olmasına dair hər hansı sübutun olmadığını, fotoşəkillərlə bağlı həmin fotoşəkillərlə heç bir halın müəyyən edilmədiyini, sırğa ilə bağlı yenə ümumən onun qızıl olması, mərhuma məxsus olması, onun miras əmlak olması, hazırda cavabdehdə olmasına dair heç bir sübutun olmadığını bildirir. Göründüyü kimi, məhkəmə araşdırması ilə mübahisə predmeti olan daşınar əşyaların miras qoyana məxsus olması və onların miras əmlak kütləsinə daxil olması sübuta yetirilmir. Qanunvericiliyə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən qeyd olunan hallar da sübuta yetirilə bilmir və məhkəmə sübuta yetirilməyən halları mövcud olmayan kimi qiymətləndirməlidir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi iddia ərizəsində sadlanan daşınar əşyaların və ya onların dəyərinin miras əmlak kimi tərəflər arasında bərabər bölünməsinə dair hissəsi də təmin edilməməlidir.

48. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

49. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 9 saylı Notariat Kontoruna “vəsiyyətnamənin etibarsız hesab edilərək ləğv edilməsi və daşnar və daşınmaz miras əmlakın vərəsələr arasında bərabər bölünməsi” barədə iddia tələbi təmin edilməməlidir.

50. Məhkəmə qeyd edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyi üçün iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar