Məhkəmə qərarları › İş №2(003)-3193/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3193/2023

18.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3193/2023 18.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərqaz” İstehsalat Birliyi tərəfindən ona əsassız hesablanmış 3965,50 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Neymətulla küçəsi, ev 21 ünvnında öz ailə üzvləri ilə birlikdə yaşayır. Qeyd edilən ünvanda yerləşən elektrik enerjisindən istifadəyə görə sayğac onun mərhum atası X5 adınadır. Bildirmək istəyirəm ki, "xxxx" ASC tərəfindən əsasız olaraq mərhum atasının adına olan işıq sayğacına 3965,50 manat istifadə qaydalarının pozulması haqqında akt tərtib edilməklə cərimə yazılmışdır. Qeyd etmişdir ki, o, artıq 9 il olar ki, hər ay istifadə etdiyi enerji borcunu vaxtında ödəmişdir. Bildirmək istəyir ki, 2012-ci ildə "xxxx"ASC tərəfindən yaşadığı ünvanda mexaniki sayğac çıxarılaraq yeni smart sayğac qoyulmuşdur. Smart sayğac qoyulan zaman ona bildirmişlər ki, onun köhnə sayğaca borcu olduğuna görə müvəqqəti olaraq ondan tutulmalar olacaqdır. Bundan sonra o vaxtan bəri hər dəfə karta pul vurduqda hər vurduğu 10 manata 3 manat pul tutulmuşdur. Bununla bağlı o, müvafiq olaraq "xxxx" ASC Xəzər rayon şöbəsinə müraciət etmişdir. Həmin idarənin əməkdaşları tərəfindən ona bildirilmişdir ki, onun tərəfindən işıq sayğacına müdaxilə edildiyi üçün ona 3965,50 manat cərimə yazılmışdır. Halbuki, o heç vaxt işıq sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Bildirir ki, cavabdeh təşkilat işıq sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. İddiaçı X3 işin baxılması zamanı iddiasının dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən ona əsassız hesablanmış 3965,50 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbi müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, təxminən 12-13 il əvvəllər ona bildirilmişdir ki, 900 manat borcu var. Həmin borcu hal-hazıradək hissə-hissə ödəmişdir. Buna baxmayaraq hazırda ona bildirilmişdir ki, 3965,50 manat borcu vardır. O, bununla bağlı "xxxx" ASC-yə müraciət etmiş və oradan ona bildirilmişdir ki, həmin borc əsassızdır və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavadbehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 21, Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağa Neymətulla küçəsində yerləşən 28 nömrəli evə dair İddiaçı ½ hissə və 0.07725 ha torpaq sahəsinə dair payı mövcuddur. -AЗ seriyalı, 406069 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuş X2 atası X13, anası isə X8r. -İİİ-ЖГ seriyalı, 338471 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X4 arasında xx.xx.1983-cü ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Mövsümova” soyadı verilmişdir. -AZ seriyalı, 023323 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2000-ci ildə ölmüşdür. - X6 adına olan **********1000A saylı kod üzrə abunə haqqında hesabdan çıxarışdan görünür ki, iddiaçının yaşadığı ünvanına aid elektrik enerjidən istifadə edilməsinə görə 2597,82 manat manat borc mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Qaydaların 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Qeyd olunan qanunvericiliklərinin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, işin halları ilə iddianının əsaslı olması müəyyən edilməmişdir. Belə ki, iddia tələbi borcun əsassız olaraq cavabdeh tərəfindən tələb olunması ilə əsaslandırılsa da, iddiaçının pay hüququ olduğu və yaşadığı ünvanının abonent hesabından görünür ki, həmin ünvanın hazırda istifadə edilmiş və dəyəri ödənilməmiş elektrik enerjisinə görə 2597,82 manat borc yaranmışdır. Həmin borc isə uzun müddət istifadə edilmiş, lakin dəyəri tam ödənilməmiş elektrik enerjisinə görə yaranmış borcdan ibarətdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı 3965,50 manat borcun silinməsi tələbinə dair iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar