Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-320/2023 18.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhləmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şimali DRES qəsəbəsi, Dəniz Döngəsi, ev 4, mənzil 28-ünvana Abnonent kodu **********40028) hesablanmış 1305,28 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şimali DRES qəsəbəsi, Dəniz Döngəsi, ev 4, mənzil 28-ünvanındakı ev mərhum atası X1 məxsusdur. ünvan 1 ünvan üzrə "xxxx" ASC-nin **********40028 saylı kodu ilə abonentidir. Qeyd etdiyi ünvanda cavabdehin əməkdaşları ona bildirdilər ki, guya onların borcu vardır. O, həmin məsələ ilə bağlı cavabdehə müraciət etdi və cavabdehin əməkdaşları gəlib onun sayğaca baxış keçirdilər və sayğacda hər şey qaydasında olduğunu gördulər. İddiaçıya bildirdilər ki, səhvdir, həmin səhvi düzəldəcəklər. Bu məsələ ilə bağlı onu 3 ay aldatdılar. İddiaçının heç bir borcu yoxdur, ev atasına məxsusdur, evdə 7 nəfər qeydiyyatdayır. O, sayğacda olan məbləği, vaxtlı-vaxtında ödəyir. Ona görə də hesab edir ki, ona yazılmış 1305 manat 28 qəpik borcu yoxdur. Lazım olsa sayğaca baxış keçirilə bilər. Sayğacda heç bir müdaxilə yoxdur. Onu da qeyd edir ki, əgər onun borcu var idisə, niyə bu vaxta kimi ona bu barədə bir məlumat verilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qanunsuz onun üzərinə yüksək məbləğdə cərimə yazıblar. Hesab edir ki, üzərinə qoyulmuş borc əsassızdır. Ona görə də məhkəməyə müraciət edərək, əsassız hesablanmış borcun silinməsini xahiş edib. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus ünvana dair aktın tərtib olunması və həmin akt əsasında cərimənin hesablanması zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Buna görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, akt R № 259226 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə **********40028 abonent kodu ilə Osmanov Əhmədin adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Şimali DRES qəsəbəsi, Dəniz Döngəsi, ev 4, mənzil 28 ünvanına yoxlama keçirilən zamanı məlum olmuşdur ki, EEİQna uyğun olaraq sayğaca baxış keçirən zaman məlum oldu ki, sayğacın dövriyyədən kənarlaşdırıldığı və pilləkən qəfəsindən yaradılmış löhvənin ayrıcısından mənzilə kənar xəttin daxil olması müəyyən edildi. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixli, akt R № 259226 saylı akt müəyyən edilmiş kənar xəttə görə istehlakçiya 1297,27 manat cərimə hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, X1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şimali DRES qəsəbəsi, Dəniz Döngəsi, ev 4, mənzil 28 ünvana R № 259226 saylı akt əsasında cəmi 1297,27 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı atası X2, anası isə Balanaz Quliyevadır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X2 xx.xx.1996-cı il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan mənzilə dair cavabdeh təşkilatın əməkdaşları tərəfindən 1297,27 manat məbləğində cərimə hesablanmışdır. İddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 10.18.9-1-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşdən görünür ki, iddiaçıya məxsus olan mənzilə dair cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli akt əsasında 1297,27 manat borc hesablanmışdır. Həmin akt istehlakçının təqsiri üzündən sayğacdan kənar xəttən istifadə ilə əsaslandırılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. (Azərbaycan Respublikası MPM-in 95.1-ci maddəsi). Məhkəmə hesab edir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca və ya elektrik xəttinə hər-hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu (sayğacın qoşulma ardıcıllığının pozulması) və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Tərtib olunmuş aktda, həmçinin çəkilmiş videogörüntüdə əks olunan nasazlıq, yaxud pozuntunun abonentin təsqiri üzündən yaranması sübuta yetirilmir. Həmçinin, həmin video yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması müəyyən edilmir. İşin materiallarından da göründüyü kimi sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda və ona qoşulma sxemində müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. xx.xx.2022-ci tarixli akt qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış 1297,27 manat cərimə silinməlidir. Bununla yanaşı, iddiaçı, xx.xx.2022-ci tarixli akt əsasında qanunsuz olaraq hesablanmış 1305,28 manat borcun silinməsini xahiş etsə də, həmin akt üzrə 1297,27 manat cərimə hesablandığı və həmin cərimənin silinməli olduğu müəyyən olunmuş, iddia tələbi qalan hissədə öz təsdiqini tapmamışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 32,98 manat dövlət rüsumu cavabdehdən alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı (abonent kodu: **********40028 olan) hesablanmış 1297,27 manat məbləğində borc silinməli, "xxxx" ASC-dən 32,98 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 1297,27 (bir min iki yüz doxsan yeddi manat, iyirmi yeddi qəpik) manat məbləğində cərimə İddiaçı abunə hesabından (abunə kodu: **********40028 olan) silinsin. "xxxx" ASC-dən 32,98 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-320/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-320/2023
18.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver