Məhkəmə qərarları › İş №2(003)-3223/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3223/2025

02.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3223/2025 02.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, ev 15, mənzil 13 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı barəsində tərtib edilmiş cərimə aktlarının, borcların etibarsız hesab edilməsi, həmin aktlar əsasında hesablanmış borcun əsassız olduğu üçün, silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və ailəsi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, ev 15, mənzil 13 ünvanında 45 ildir yaşamaqdaır. Həmin ünvanda təbii qazdan və digər kommunal xidmətlərdən iddiaçı və ailəsi istifadə etməkdədir. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində iddiaçı tərəfindən istifadə olunan təbii qazın həcminin ölçülməsi üçün olan qaz sayğacı yaşayış sahəsindən kənarda, açıq şəraitdə, ictimai istifadə ərazisi olan küçədə quraşdırılaraq, sayğac faktiki olaraq ictimai istifadəyə verilmişdir. Bir müddət əvvəl, iddiaçı evdə olmadığı zaman Cavabdeh əməkdaşları yenə də əsassız olaraq iddiaçını cərimələmişlər. Daha əvvəlki (istifadəsi kartla olan) qaz sayğacını çıxardaraq onu digəri ilə əvəz etmişlər. Həmin tədbirlər barədə iddiaçıya hər hansı bir sənəd və ya məlumat verilməmişdir. İddia ərizəsiə əlavə edilmiş aktların heç birisindın nə iddiaçının, nə də ki onun ailə üzvlərinin xəbəri olmuşdur. Sonradan İddiaçı təqdim olunan aktlarda göründüyü kimi adı, soyadı, iştirakı və imzası həmin AKT-da yoxdur. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilən bütün AKTLAR əsassızdır, ləğv olunmalıdır.

3. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, ev 15, mənzil 13 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı barəsində tərtib edilmiş cərimə aktlarının, borcların etibarsız hesab edilməsi, həmin aktlar əsasında hesablanmış 3361 (üç min üç yüz altmış bir) manat məbləğində borcun əsassız olduğu üçün, silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, ev 15, mənzil 13 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı barəsində tərtib edilmiş cərimə aktlarının, borcların etibarsız hesab edilməsi, həmin aktlar əsasında hesablanmış 3514.64 (üç min beş yüz on dörd manat altmış dörd qəpik) manat məbləğində borcun əsassız olduğu üçün, silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsinə qarşı cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə etiraz ərizəsi təqdim edilərək, iddia ərizəsi əsassız olması, iddia ərizəsində hansı borcun mübahisələndirilməsi barədə məlumatın qeyd olunmaması bildirilmişdir. Həmçinin cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edilərək, qeyd edilmişdir ki, mənzilin koordinatlarını özündə əks etdirən foto-şəkillərdən əyani surətdə görünür ki, istehlakçı qaz sayğacına özbaşına olaraq rezin boru birləşdirərək təbii qazdan qeyri-qanuni olaraq istifadə edir. Qərar qəbul edərkən fotoşəkillərin nəzərə alınması xahiş edilmişdir.

Proses iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, tələbinin təmin olunmasını xahiş etdi. O, həmçinin izahatında bildirdi ki, qanunsuz olaraq cərimə yazılıb, aktlar qanunsuz və əsasız tərtib olunduğundan borcun silinməsini xahiş edir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbinin əsassız olduğunu, aktların qanuni şəkildə tərtib olunduğunu, fotoşəkillərlə də qanunsuz istifadə faktının təsdiq olunuduğunu, borcun silinməsi üçün heç bir əsas olmadığını bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, həmçinin izahatında tərtib olunmuş akt barəsində inzibati məsuliyyətə cəlb etmə barədə qərarın olmadığını qeyd etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

8. MH seriyalı ******* saylı çıxarışdan görüünr ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsində istifadədə olan 0.0295 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 2 mərtəbəli binanın 12-ci girişində, 2-ci mərtəbəsində yerləşən 19.2 kv.m ümumi, 10.kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 12 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

9. Cavabdeh İB ilə istehlakçı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 03- 8186 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi”ndən görünür ki, Cavabdeh müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı İddiaçı keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürür.

10. xx.xx.2024-cü il tarixli (0422234 saylı) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın və həmin tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı abonentə 30672 m3 itirlimiş qaz hesablanmışdır. Həmin akt İddiaçı tərəfindən imzalanmamışdır (imza yeri boşdur).

11. Abonent saldosundan görünür ki, abonent İddiaçı, abonent kodu **********00001, ünvan ünvan 2 tərkibi 2, quraşdırılma tarixi xx.xx.2023-cü il və həmin abonent koduna akt əsasında 02/2024-cü il tarixinə 3680.64 manat borc daxil edilmiş və abonentin 11/2025-ci il tarixinə 3514.64 manat borcu vardır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

12. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

13. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

14. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

15. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. 1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun:

17. 3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

18. 11.6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

19. 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın:

20. 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.

21. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

22. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.

23. 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Məhkəmənin möqeyi:

24. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

25. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, Cavabdeh İB tərəfindən dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamə ilə iddiaçıya təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli (0422234 saylı) akt əsasında 3514.64 manat borc hesablanmış və bu borc məbləğini iddiaçının abonent saldosuna daxil edilmişdir. İddiaçı yoxlama zamanı və aktlar tərtib edilərkən iştirakının təmin edilmədiyini, tərtib edilən aktlardan ümumiyyətlə xəbəri olmadığını, pozuntu və borc barədə ona heç bir məlumat verilmədiyini və qaz sayğacına müdaxilənin olub-olmaması, varsa bu müdaxilənin iddiaçı tərəfindən edilməsi və təqsirliliyi sübuta yetirilmədən əsassız və qanunsuz olaraq borc hesabladığını iddia edərək, həmin borcun silinməsini xahiş edir.

26. Prosessual qanunvericiliyin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıdır. Habelə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (MPM 14.2, 77.1, 81) Məhkəmə qeyd edir ki, hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən qərarların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq tələbnamələr əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi qərarın qanuniliyini, o cümlədən qeyd edilmiş pozuntuları və həmin pozuntuların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü qərarı qəbul etmiş orqanın, yəni Cavabdeh İB-nin üzərinə düşür.

27. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin imperativ tələbinə uyğun olaraq cavabdeh orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülki-prosessual qanunvericiliyin tələbinə görə də qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin müəyyən edilən hallarında görünür ki, iddiaçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə təsbit olunmamışdır. Cavabdeh tərəfindən iddiaçının təqsirliliyini təsdiq edən başqa mötəbər sübut isə təqdim edilməmişdir. Belə olan halda, iddiaçının təqsirli olmadığı zərərə görə məsuliyyətə cəlb olunması qanunsuzdur.

28. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən cavabdeh tərəfindən iddiaçıdan vurulmuş zərərin ödənilməsinin tələbnamə ilə tələb edilməsi və həmin zərərin məbləğinin abonentin saldosuna daxil edilməsi əsassız və qanunsuz olmuşdur.

29. Bununla yanaşı, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt və tələbnamə qanunvericiliyin tələbinə uyğun deyildir. Belə ki, aktlarda istehlakçının imzası yoxdur və imza hissəsində iştirak etmədiyi qeyd edilmişdir. İddiaçı da cavabdeh qurum tərəfindən yoxlama keçirilən və aktlar tərtib edilən zaman ona məlumat verilmədiyini, yoxlamada iştirakının təmin edilmədiyini və bu aktdan xəbərdar olmadığını bildirmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğulаrına və qazpaylayıcı şəbəkəyə 6 аydа bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmçinin qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Cavabdeh məhkəmə iclasında da iddiaçının müvafiq qaydada məlumatlandırıldığını, yoxlama keçirilən zamanı və akt tərtib edilərkən onun iştirakının təmin edildiyini və tərtib edilmiş aktların iddiaçıya təqdim edildiyini sübuta yetirə bilməmişdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

31. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azəriqaz” İB tərəfindən İddiaçı (ünvan: ünvan 3nent kodu: **********00130) dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamə əsasında hesablanmış 3514.64 AZN (üç min beş yüz on dörd manat altmış dörd qəpik) məbləğində borc silinməlidir.

32. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilməmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırkı iddia tələbi istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlıdır və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Hazırkı iddia qiyməti 3514.64 manat olduğuna görə dövlət rüsumunun məbləği 55.15 manat təşkil edir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbinin tam təmin edilməsi nəzərə alınaraq ödənilməli olan 55.15 (əlli beş manat on beş qəpik) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00130) dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli akt və tələbnamə əsasında hesablanmış 3514.64 AZN (üç min beş yüz on dörd manat altmış dörd qəpik) məbləğində borc silinsin. Cavabdehndən 55.15 AZN (əlli beş manat on beş qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar