Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3243/2021 23.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin faktiki istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 210 b saylı bağ sahəsinə bitişik sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 210 b saylı bağ sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. İş üzrə cavabdeh həmin bağ sahəsinin önündə olan avtobus dayanacağını mişar daşından istifadə edərək təxminən sahəsi 30 kv m olan ictimai-iaşə obyekti inşa etmiş və həmin obyektdən bərbərxana və digər təyinatla istifadə edir. Cavabdeh tikinti işlərini apararkən tikinti norma və qaydalarını pozaraq piyadalar üçün nəzərdə tutulmuş səkini tikinti ərazisinə qatmış, həmçinin bağ sahəsinin hasarını tikintinin arxa divarı kimi istifadə etmişdir. Bağının hasarının tikintinin divarı kimi istifadə edilməsi nəticəsində hasarla avtobus dayanacağının arasında piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki tamamilə bağlanmışdır. Bundan başqa, cavabdeh hasarın divarını deşərək oradan bağ sahəsinə istilik sobasının borusunu çıxarmış və bu səbəbdən də, həmin sobanı istifadə edərkən bağ sahəsini tüstü bürüyür. Bundan başqa, cavabdeh hasardan bağa pəncərə tipli deşik açaraq, həmin deşikdən süşə və plastmas butulkaları bağına atır. Bundan başqa, cavabdeh bağ sahəsində təxminən 1 ton həcmində su çəni quraşdıraraq, obyektinin su təchizatını təmin edir. Qeyd etmişdir ki, bağ sahəsinin hasarı köhnə tikili olduğundan həmin hasarın tamamilə sökülüb yeni hasar çəkilməsinə zərurət sahəsinin hasarından obyektin divarı kimi istifadə etdiyindən, hasarın yenidən işlənməsi mümkünsüzdür. Yaranmış problemlərlə bağlı cavabdehə dəfələrlə müraciət etsə də, o, obyektin sökülməsinə razılıq verməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh faktiki istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 210 b saylı bağ sahəsinə bitişik sahəsi 30 kv m olan qeyri-yaşayış sahəsinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılınası zəruridir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, kafe kimi istifadəsində olan torpaq sahəsi şəhid ailəsi kimi anası Gülafət Qaçayevaya verilmişdir. Mübahisəli torpaq sahəsi isə əvvəl Anar adında şəxsə məxsus olmuşdur. Onun icazəsi ilə obyekt hasara bitişdirilmiş, əlavə su çəni qoyulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 210 b saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 14.10.1997-ci il tarixli 941 saylı sərəncamından görünür ki, Bakı şəhəri Buzovna qəsəbəsi Qədəmgah küçəsində şəhid anası Gülafət Qaçayevaya ticarət köşkünün quraşdırılması üçün verilmişdir. İş materiallarından görünür ki, X1 23.12.2015-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 4-cü bəndinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 210 b saylı bağ sahəsinə bitişik sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsi cavabdehin anasına Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 14.10.1997-ci il tarixli 941 saylı sərəncamına əsasən verilmiş və hazırda cavabdehin faktiki istifadəsində olduğundan, mülkiyyət isə toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğundan, qanunla qorunduğundan, həmin tikilinin cavabdehin öz hesabına əvəzi ödənilmədən sökülməsi barədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mübahisəsini etdiyi qeyri-yaşayiş sahəsinə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün, o cümlədən bütövlükdə həmin tikilinin sökülməsi ilə bağlı iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçının Cavabdeh qarşı tikilidən çıxarılma barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3243/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3243/2021
23.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver