Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-325/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik xəttinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini elektrik enerjisi ilə təchiz edən qırılmış elektirik veriliş xəttinin cavabdeh "xxxx" ASC tərəfindən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hazırda ünvan 1 ünvanında yaşayır. Yaşadığı evə elektrik enerjisi verilmiş, sayğac quraşdırılmışdır. Həmin sayğac və evini elektrik eneriisi ilə təchiz edən elektrik veriliş xətləri darvazadan kənarda yerləşir. 26 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində güclü leysan yağış yağması səbəbilə həmin elektrik veriliş xətlərindən biri zədələnərək sıradan çıxmışdır. Bu hadisədən dərhal sonra 4 saylı Bakı “ASAN xidmət” mərkəzinə getmişdir. Orada ona bildirilmişdir ki, elektrik veriliş xətlərinin bərpası ödənişli əsaslarla həyata keçirilir. Həmin vaxt o etiraz edərək, onun təqsiri olmadan elektrik veriliş xəttinin qırıldığını, bu səbəbdən də ödəniş etməli olmadığını bildirmişdir. Bundan sonra onun müraciəti və heç bir ödəniş etmədiyi qeydə alınmışdır. "xxxx" ASC tərəfindən 28.08.2021-ci il tarixdə ona bildiriş vərəqəsi təqdim edilərək müraciətinin qeydə alınmasından sonrakı 5 gün ərzində ünvana baxış keçiriləcəyi bildirilmişdir. Lakin həmin vaxtdan bugünədək cavabdehin nümayəndələri tərəfindən ünvana gəlib baxış keçirilməmiş, nə də elektrik verilişi xəttinin bərpa edilməsi üçün heç bir tədbir görülməmişdir. O dəfələrlə yenə də cavabdehə müraciət etmiş, müraciətinə cavab olaraq mobil telefon nömrəmə sms-lər gömdərilmiş, müraciətinin qeydə alındığı göstərilmişdir. Eyni zamanda cavabdehə dəfələrlə zəng etsə də, müractətləri nəticəsiz qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarə edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 23.02.2022-ci il tarixli iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mülkiyyətçiyə məxsus ünvan 1 ünvanını elektrik enerjisi ilə təmin edən elektrik xətti leysan yağışı nəticəsində zədələnərək sıradan çıxmışdır. Bununla bağlı iddiaçı aidiyyəti üzrə müraciət etməsinə baxmayaraq, elektrik xətti bərpa edilməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “Elekrtik enerjisində istifadə Qayadaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 nömrəli qərarın 3.4-cü bəndinə əsasən elektrik qurğularının istismara buraxılışı, xüsusi yaşayış evlərinin elektrik xətləri və elektrik avadanlıqları istisna olmaqla, yalnız sifarişçidə müvafiq elektrotexniki heyətin və elektrik təsərrüfatına cavabdeh şəxsin olduğu halda mümkündür. Xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşür. “Elekrtik enerjisində istifadə Qayadaları”nın 9.20.1-ci bəndinə əsasən fors-major hadisə ilə əlaqədar istehlakçı dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, idda əsaslı olduğundan təmin edilməli və ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini elektrik enerjisi ilə təchiz edən qırılmış elektirik veriliş xəttinin cavabdeh "xxxx" ASC tərəfindən bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini elektrik enerjisi ilə təchiz edən qırılmış elektirik veriliş xəttinin cavabdeh "xxxx" ASC tərəfindən bərpa edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-325/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-325/2022
31.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver