Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3264/2022 22.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən barəsində yazılmış xx.xx.2022-ci il tarixli 029133 saylı aktın etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən **********00006 saylı abonent hesabına əsassız olaraq hesablanmış 850 manat məbləğində borc silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "Azərişıq” ASC tərəfindən ünvan 1 ünvanı üzrə **********00006 saylı abonent hesabına qanunsuz və əsassız olaraq 850 manat məbləğində borc hesablanmışdır. Həmin ünvanda işıq ödənişləri tam vaxtında ödənilmiş və hər hansı kənar müdaxilə olmamışdır. Təxminən 3 ay əvvəl yaşadığı mənzildə "Azərişıq” sayğacı smart kart olduğundan işıq limiti bitmiş, o, karta pul yükləmək istəsə də, kartda problem yarandığından bu mümkün olmamışdır. Axşam saatlarında məcbur olaraq müəyyən təlabatını ödəmək məqsədilə işıq verilişini müvəqqəti bərpa etmək üçün sayğaca əlavə xətt atmış, lakin heç 15 dəqiqə keçməmiş "Azərişıq” əməkdaşları gələrək həmin xətti ləğv etmiş və ona akt tərtib edərək yüksək miqdarda cərimə hesablamışlar. Nəticədə barəsində 029133 saylı akt yazılmış və əsassız olaraq borc hesablanmışdır. Özü ailənin yeganə qazanc gətirən şəxsidir. Ona bu qədər borcun əsassız hesablanması olduqca böyük çətinliklər yaratmışdır. Sayğacda bu məbləğdə pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut yoxdur. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Mənzildən kənarda quraşdırılmış sayğacın qüsurlarına görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərindədir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli NDM 029133 saylı aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən **********00006 saylı abonent hesabına 850,0 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanında yerləşən **********00006 saylı abonent hesabına 850,0 manat borc hesablanmışdır. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun abonent hesabına cavabdeh tərəfindən hesablanmış 850 manat məbləğində borc silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiasını borcun qanunsuz hesablanması ilə əsaslandırmışdır. Cavabdeh isə iddiaya etiraz edərək borcun qanuni hesablandığını, onun evində qanunsuz xətt aşkar edilməsi əsası ilə iddiaya etiraz etmiş və borcun hesablanması qaydasına dair hesabat təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının dəlilləri qismən əsaslıdır və iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya borc 229 gün üzrə 850 manat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci bəndinə əsasən borc sonuncu yoxlama tarixindən qanunsuz qoşulmanın aşkar edildiyi günü əhatə etdiyi dövrdə hesablanmalıolsa da, cavabdeh borcu daha uzun müddətə hesabladığından məhkəmə hesab edir ki, borcun həmin dövrdən kənar hissəsi qanunsuz hesablanmışdır və silinməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının evində sonuncu dəfə xx.xx.2022-ci il tarixində sayğaca baxış keçirilmiş və ona borc hesablanmış, xx.xx.2022-ci il tarixində isə baxış keçirilərkən onun evində elektrik enerjisindən qanunsuz istifadə olunduğu müəyyən edilərək hazırki borc hesablanmışdır. İşin müəyyən edilmiş hallarından həmçinin görünür ki, iddiaçıya borc 27 gün üçün deyil, 229 gün üçün hesablanmışdır. Məhkəmə hesab edir ki, borc hesablanarkən cavabdehin hesabladığı qayda nəzərə alınmalı, lakin bununla yanaşı, borcun ümumi miqdarı müəyyən edilərkən sonuncu dəfə baxışın keçirildiyi tarixdən qanunsuz istifadənin aşkar edildiyi tarixədək dövr əhatə olunmaqla iddiaçıya borc həmin dövrdə hesablanmalı olduğu halda, cavabdeh borcu daha uzun müddətə hesablamışdır. Belə ki, cavabdeh tərəfindən hesablanmış borc məbləği 229 günü əhatə etsə də, cavabdeh bu uzun dövr üçün borcun hesablanması əsaslarını qeyd etməmiş, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya borc iddiaçının evində sonuncu dəfə xx.xx.2022-ci il tarixində sayğaca baxış keçirilən vaxtdan akt tərtib olunan vaxta qədər yəni, xx.xx.2022-ci il tarixindək 27 gün üçün borc hesablanmalıdır. Yəni cavabdehin hesablama düsturuna əsasən iddiaçının 100,25 manat (1,7 kvt x 0,7 x 24 saat x 27 gün x 0,13 manat=100,25 manat) borcu vardır. Həmçinin iddiaçı “"xxxx" ASC tərəfindən iddiaçı barəsində yazılmış xx.xx.2022-ci il tarixli 029133 saylı aktın etibarsız hesab edilməsi”ni xahiş etmişdir. Məhkəmə hesab edir ki, aktda göstərilənlər, yəni iddiaçının evində qanunsuz qoşulma müəyyən olunmuşdur ki, bu da işin hallarına uyğundur. Sonradan həmin akta əsasən borcun artıq hesablanması həmin aktın etibarsız sayılmasıvə ləğv edilməsinə əsas ola bilməz. Odur ki, bu hissədə iddia təmin edilə bilməz. Odur ki, daha artıq müddətə hesablanmış borc əsassız olduöundan həmin borc iddiaçının hesabından silinməli, bu hissədə iddia təmin edilməli, hesablanmış borcun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hissəsi isə onun abunə hesabına düzgün hesablandığından həmin hissədə iddia təmin edilməməli, iddia tələbinin qismən təmin eilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı (abonent kodu: **********00006 olan) hesablanmış 749,75 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 029133 nömrəli akt əsasında hesablanmış 749,75 (yeddi yüz qırx doqquz manat yetmiş beş qəpik) manat məbləğində cərimə İddiaçı abunə hesabından (abunə kodu: **********00006 olan) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3264/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3264/2022
22.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver