Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3279/2023 30.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin buraxılma səbəbinin üzürlü hesab edilərək bəpa edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ünvan 1 ünvanındakı mənzillə bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin buraxılma səbəbinin üzürlü hesab edilərək bərpa edilməsi və həmin əmlaklara görə vərəsəlik şəhadətnaməsinin adına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən məhkəmə müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsində ümumiyyətlə kimə qarşı iddia irəli sürülməsi (cavabdeh) göstərilməmiş, vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin buraxılma səbəbinin üzürlü hesab edilərək bərpa edilməsi barədə qeyri-müəyyən tələblərlə məhkəməyə müraciət olunmuşdur. Belə ki, iddia ərizəsində cavabdehin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməlidir. Eyni zamanda iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsaslanmışdır ki, həmin norma isə mirasın qəbul edilməsi vaxtının uzadılması məsələsini tənzimləyir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin buraxılma səbəbinin üzürlü hesab edilərək bərpa edilməsi (mirasın qəbul edilməsi vaxtının uzadılmasını) xahiş etsə də, bu halın ona nə üçün lazım olması, müddətin ötürülməsi səbəbi ilə miras qalmış əmlakla bağlı vərəsəlik haqqında şəhadətnamənin ona verilməsindən imtina olunması barədə əsasları iddia ərizəsində göstərməmiş və bu barədə müvafiq sənədləri ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunanlardan başqa iddia ərizəsinə müvafiq qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya dövlət rüsumunun ödənilməsindən azad olması barədə sənəd əlavə edilməmişdir. Bu hal isə Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan əsaslara görə iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin buraxılma səbəbinin üzürlü hesab edilərək bəpa edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-3279/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3279/2023
30.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver