Məhkəmə qərarları › İş №2(003)-328/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-328/2024

16.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-328/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri Xəzər rayonu Xəşəxuna mövsümü bağları bağ sahəsi ünvanına 2 akt əsasında əsassız hesablanmış cəmi 6609,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Xaşəxuna mövsümü bağları bağ sahəsi ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. O, ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Həmin ünvana cavabdeh Birlik tərəfindən qazın alqı-satqısına dair müqavilə əsasında ilk dəfə 2022-ci il tarixdə qaz sayğacı quraşdırılmaqla məişət qazı verilmişdir. Evdə ailəsi ilə birlikdə yaşamış və həmin qaz cihazlarından istifadə etmişdir. Cavabdeh Birliklə bağladığı müqavilə əsasında qazdan istifadə edir. Cavabdeh Birlik xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib etmiş və aktda qeyd edilir ki, guya təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir və bu səbəbdən 6609,60 manat borcu vardır. 2022-ci il tarixdə köhnə qaz sayğacını çıxararaq yenisi ilə əvəz etmişlər. Bundan sonra həmin borc məbləğini yazmışlar. Əlavə xəttdən cəmi 1 dəfə sayğac quraşdırılmamışdan əvvəl müəyyən vaxt aralığında istifadə etmişdir. Sayğac quraşdırıldıqdan sonra əlavə xətti kəsilmişdir. Lakin, bu 2-3 ay kimi qısa müddətdə baş vermişdir və yazılan borc məbləği çox şişirdilmişdir. 2023-cü ildə yazılan akt isə ümumiyyətlə əsasızdır. Yazılmış borc məbləğinin maksimum 500-600 manat hissəsini qəbul edir. Qalan borcu əsasszı hesab etməklə qəbul etmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Ə.Hacıyev iddia tələbini qəbul etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçı yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir. Birliyin əməkdaşları tərəfindən baxış keçirilərkən bu barədə 2022-ci ilin dekabr və 2023-cü ilin mart ayında müvafiq aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. Abonent təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etmişdir. Odur ki, tərtib edilmiş aktlar əsaslıdır və həmin aktlar əsasında dəymiş ziyan hesablanaraq iddiaçının abonent hesabına hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ, dəmir soba və İran sobasıdır. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 36720 m3 həcmində dəymiş ziyan hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ, dəmir soba və İran sobasıdır. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 18360 m3 həcmində dəymiş ziyan hesablanmışdır. - İddiaçı adına olan **********00076 kodlu abonent saldosundan görünür ki, həmin abonent hesabına akt əsasında 2022-ci ilin dekabr ayında 4406,40 manat və 2023-cü ilin mart ayında 2203,20 manat məbləğində borc yazılmışdır. Həmin ünvana xx.xx.2023-cü il tarixdə smart tipli “Zenner G4T” markalı **********398 saylı sayğac quraşdırılmışdır. - Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Biriliyinin Bakı X3 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2023-cü il tarixli, 03- 13514 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir. - Həmin müqavilənin 3.1 və 3.4-cü bəndlərinə əsasən, qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün illik istehlak həcmi 1200 kubmetrədək olan hissəsi üçün qazın dəyəri 0,12 manat, illik istehlak həcmi 1200-2500 kubmetr olan hissəsi üçün qazın dəyəri 0,20 manat, 2500 kubmetrdən çox olan hissəsi üçün isə qazın dəyəri 0,25 manat müəyyən edilir. Hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istahlakçı tərəfindən bank, internet, poçt və ya ödəmə terminalları vasitəsilə tam ödənilməlidir. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Xaşəxuna mövsümü bağları bağ sahəsi ünvanına smart tipli **********398 saylı sayğac quraşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə cavabdehdən tələb olunan borc məbləğinin əsasını onun tərəfindən dəfələrlə, yəni 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayınadək təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş aktların təşkil etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair (iddiaçının etiraf etdiyi haldan başqa) hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə, həmin illərdə tərtib edilmiş aktların əsaslı olması müəyyən edilməmişdir. Belə ki, həmin aktlardan başqa, cavabdehin qazdan istifadə qaydalarının pozulması ilə bağlı halların mövcüdluğunu təsdiq edən digər təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmiş və işin halları ilə də müəyyən edilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, aktlar tərtib edildiyi zaman istehlakçının iştirakı təmin edilməmiş, quraşdırılmış avadanlıqlara baxış keçirilmədən istehlakçı tərəfindən təbii qazdan istifadə edilməsi üçün hansı avadanlıqlardan istifadə oluması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatı, onun tərəfindən etiraf edilən məbləğdə nəzərə alınmalı və bu hal iddiaçının sayğacdan kənar təbii qazdan istifadəni təsdiq edən sübut kimi qəbul edilməlidir. Belə ki, iddiaçı həmin hissədə etirafedici izahat vermişdir. Buna görə də həmin halın cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Lakin, məhkəmə hesab edir ki, iddiaçının etiraf etdiyi məbləğ 2 akt əsasında yazılmış borc məbləğlərinə münasibətdə uyğunluq təşkil etmir. Məhkəmə hesab edir ki, iddiaçının 2022-ci ilin dekabr ayından 2023cü ilin mart ayınadək sayğacdan kənar xətlə istifadə etməsi nəticəsində etiraf etdiyi 3 ay müddətdə orta sərfiyyat nəzərə alınmaqla 600 manat məbləğində borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, etiraf olunan məbləğdən başqa, digər aktların tərtib edilməsinə əsas olmuş hallar sübut olunmadığından həmin aktlar əsasında cavabdehdən dəymiş ziyanın tələb edilməsi əsassızdır. Məhkəmə müəyyən edilmiş halı nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən 2022-ci il dekabr ayı tarixindən 2023-cü il mart ayı tarixinədək təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməsi nəticəsində cavabdehə 600 manat dəyərində zərər dəymişdir. Bu səbəbdən, iddiaçının abonent hesabına aktlar üzrə yazılmış cəmi 6609,60 manat məbləğin 6009,60 manatı abonent hesabından silinməli, 600 manatı isə saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına hesablanmış ümumilikdə 6009,60 manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci bəndində əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvanda abonent hesabına (abonent kodu **********00076) hesablanmış 6009,60 manat məbləğində borc silinməli və cavabdehdən 80,09 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağları, bağ sahəsi ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00076) hesablanmış 6009,60 (altı min doqquz manat, altmış qəpik) manat məbləğində borc silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 80,09 (səksən manat, doqquz qəpik) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar