Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3314/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işin hazırlıq iclasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "Azəriqaz" İB-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz" İB tərəfindən əsassız hesablanmış 1.307,06 manat borcun İddiaçı hesab kodundan silinməsinə, ödənilmiş 33,07 manat dövlət rüsumunun və 459,87 manat məbləğin iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "Azəriqaz" İB iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "Azəriqaz" İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə hazırlıq iclasının cavabdehin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-3798/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı qazdan istifadəyə görə yaranmış 1.307,06 manat borc və ödənilmiş dövlət rüsumuna görə 33,07 manat tutularaq "Azəriqaz" İB-in bank hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)- 2146/2024 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-3798/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Göstərilənlərə əsasən, iddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi işlə bağlı qanuni qüvvəsini almış məhkəmə aktı olduğundan, hazırkı işə ayrıca tələb kimi məhkəmədə baxılması yolverilməz olduğundan, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "Azəriqaz" İB-ə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə 2(003)-3314/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3314/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3314/2024
02.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver