Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3334/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhləmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 iyul 2023-cü il tarixli 033370 nömrəli saylı inzibati aktın ləğv edilməsi və yazılmış cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, ev (bina):0007, mənzil:0121 saylı ev ona məxsusdur. O, guya elektrik sayğacına müdaxilə edərək əlavə xətt qoşduğunu bəhanə gətirərək cavabdehin əməkdaşları 20 iyul 2023-cü il tarixli, 033370 nömrəli saylı inzibati akt tərtib etmişlər. Ona 5.820,10 manat cərimə yazılaraq, elektrik enerjisinin xətti dayandırılmışdır. Elelektrik enerjisi dayandırılmasından sonra ona işıq gəlməyə-gəlməyə sərfiyata görə bu məbləğ 60.61,82 manat ödəniləsi məbləq hesablanmışdır. Məhkəmkənin nəzərinə çatdırır ki, bu akt təmamilə qanunsuz tərtib olunmuşdur. Belə ki, onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə naqil qoşmamışdır. Onun iştirakı olmadan sayğaca baxış keçirilmiş və akt tərtib edilərkən aparılmış video çəkilişdə əlavə naqil qoşulmasını təsdiq edən heç bir sübut yoxdur. Ev yeni tikildiyindən evdə yaşayış olmadığı üçün sayğacda sərfiyat görünməməsini bəhanə gətirərək, guya onun sayğacdan kənar enerji sərf etdiyini guman edərək, bu aktı tərtib etmişlər. Beləliklə, beş nəfər ailə üzvü cavabdehin qanunsuz hərəkətləri nəticəsində bu isti havalarda işıqsız qalmışlar, sərinkeş və kondisionerdən istifadə edə bilməmişlər. Körpə uşaqlar bu istidən çox əziyyət çəkirlər. Mübahisənin başqa həlli olmadığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 20 iyul 2023-cü il tarixli 033370 saylı akt əsasından hesab edilmiş 5924,20 manat borcun silinməsi barədə qətnamə çıxarılamasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 öncəki (xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında) məhkəmə iclaslarında iştirak edərək, iddianı qəbul etmədiyini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 033370 saylı aktdan, abunə haqqında məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixli, 033370 saylı akt üzrə 5924,20 manat iddiaçının abonent hesabına borc hesablanmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2023-cü il tarixli, 033370 saylı akt əsasında hesablanmış borc silinməlidir. Belə ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.7-cı bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 7.10-cu bəndinə əsasən 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş aktın olmasını və həmin akt əsasında iddiaçının abunə hesabına borcun yazılmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı (istehlakçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərindən görünür ki, elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalı, sayğaca müdaxilə, elektrik şəbəkəsinə qanunsuz qoşulma halları aşkar edildikdə enerji təchizatı müəssisəsinin nümayəndəsi istehlakçının iştirakı ilə akt tərtib edilməli və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalı, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılmalı və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunmalıdır. Həmçinin hesablaşma elektrik sayğacının zədələnməsi laboratoriya şəraitində araşdırılmalı, bu zaman enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılmalı və ikitərəfli aktla sənədləşdirilməlisie. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. İşin araşdırılmış hallarından görünür ki, iddiaçının abonent hesabına borc yazılması əsas olmuş nömrəli aktlar tərtib edilən zaman istehlakçının iştirakı təmin olunmadan onun ünvanına quraşdırılmış sayğaca baxış keçirilmiş və onun iştirakı olmadan (istehlakçıya öz mülahizəsini bildirməyə imkan yaradılmadan) aktlar tərtib edilmişdir. Odur ki, aktın tərtib edilməsinə əsas olmuş hallar sübut olunmamaqla həmin halların mövcudluğu da məhkəmə tərəfindən də işin araşdırılması zamanı müəyyən edilmir. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Aktın tərtib edilməsinə əsas olmuş hallar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, həmin akt əsasında iddiaçının abonent hesabına hesablanmış 5924,20 manat məbləğində borc silinməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin materiallarından da göründüyü kimi sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 79.24 manat dövlət rüsumu cavabdehdən alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı (abonent kodu: **********70121 olan) hesablanmış 5924,20 manat məbləğində borc silinməli, "xxxx" ASC-dən 79.24 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus ünvana aid işıq sayğacına (abunə kodu: **********70121 olan) hesablanmış 5924,20 manat məbləğində borc silinsin. "xxxx" ASC-dən 79,24 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3334/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3334/2023
14.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver