Məhkəmə qərarları › İş №2(003)-3363/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3363/2021

30.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3363/2021 30.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Fuad Qasımzadənin iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********20920 saylı abonent hesabına "xxxx" ASC tərəfindən hesablanmış 1143.49 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 2, mənzil 0920-də qeydiyyatsız 25 ildir ki daimi yaşayır. Yaşadığı ev 1 yaşayış otağından ibarətdir. ”Azərişiq”ASC ilə onun adına müqavilə imzalanaraq, yaşadığı ünvana elektrik sayğacı quraşdırılmışdır. "Azərişiq” ASC-nin Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində nəzarətçiləri tərəfindən hər ay olduğu kimi bu ilin iyun ayında baxış keçirilən zaman ona bildirilmişdir ki,abonet kodumna görə yetərincə borc yığılıb, tək qadın olduğundan ona rəhmi gələrək bildirdi ki, ”barmek”vaxtından əssız hesblanmış borcun yalnız məhkəmə qaydası ilə silinə bilər. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəmişdir ki, sayğac küçədə yerləşir. Hər ay nəzarətçi tərəfindən sərf olunan enerjinn axınını hesablamaq üçün xüsusi cihaz vasitəsi ilə yoxlanış keçirilir. Aktlara əsasən ona 1143.49 manat cərimə yazılmışdır. Həmin borcun hardan nəyə əsasən yazıldığı barədə ona hər hansı bir mötəbər sübut təqdim edə bilmədilər. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Fuad Qasımzadə iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və zahatında qeyd etdi ki, uzun müddət iddiaçı tərəfindən istifadə edilmiş elektrik enerjisinin dəyəri ödənilməmişdir. Həmçinin iddiaçının ünvanına quraşdırılmış elektrik sayğacına müdaxilə olunduğuna 19.12.2020-ci il tarixli NDM 021006 nömrəli akt əsasında 233.74 manat borc hesablanmışdır. Odur ki, iddia tələbi əsassızdır. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan ünvan 1 ünvana cavabdeh təşkilatı tərəfindən verilmiş **********20920 saylı kod üzrə abunə haqqında bildirşdən və abonunə haqqında çıxarışdan görünür ki, ümumilikdə 1273.7 manat məbləğində borc iddiaçının abonent hesabına hesablanmışdır. İş materiallarında olan 19.12.2020-ci il tarixdə tərtib edilmiş NDM 021006 nömrəli aktdan görünür ki, iddiaçının yaşadığı ünvana baxış keçirilən zaman sayğacın alt qapaq möhürünün yerində olmadığı müəyyən edilmiş və 15.02.2021-ci il tarixli icra vərəqindən görünür ki, həmin akt əsasında iddiaçının abonent hesabına 233.74 manat borc hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İlkin olaraq məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 021006 saylı, 19.12.2020-ci il tarixli akt əsasında iddiaçının abonent hesabına hesablanmış 233.74 manat məbləğində borc silinməlidir. Belə ki, həmin aktdan görünür ki, akt iki hal şahidinin iştirakı ilə tərtib edilməmiş, abonentin aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququnun həyata keçirilməsinə şərait yaradılmamış, eləcə də aktın nüsxəsi abonentə təqdim olunmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə sayğacda pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair başqa hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Belə ki, MPM-in 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Qanunvericiliyin tələblərindən göründüyü kimi vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Belə olan halda tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçıdan 28.12.2009-cu il tarixdən 10.07.2021-ci il tarixədək əhatə edən dövr üzrə "xxxx" ASC tərəfindən ümumilikdə 1273.70 manat borc tələb olunur. Məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iddia ərizəsinin məhkəməyə daxil olduğu tarix nəzərə alınmaqla, 2016-cı ilin iyul ayınadək hesablanmış borc məbləği silinməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsinin məhkəməyə daxil olduğu tarix nəzərə alınmaqla son beş il ərzində iddiaçı tərəfindən ümumilikdə 355 manat məbləğində pul ödənilmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, 021006 saylı, 19.12.2020-ci il tarixli akt əsasında iddiaçının abonent hesabına hesablanmış 233.74 manat məbləğində borcun və 2016-cı ilin iyul ayınadək hesablanmış borc məbləğinin silinməsi müəyyən edildiyindən, son beş ildə yaranmış borcdan, yəni 549,59 manatdan (sayğac göstəricisinə əsasən 524,51 manat + bağlanan aktlara əsasən 25.08 manat) həmin son beş ildə iddiaçı tərəfindən ümumilikdə 355 manat məbləğində ödənişlərin aparılması nəzərə alınmaqla iddiaçının qalıq borcu 194,59 manat yarandığından (549,59 manat - 355 manat), iddia tələbi qismən təmin edilərək 1079,11 manat məbləğində borc (hazırda tələb olunan 1273,70 manat borcdan - 194,59 manat (qalıq borc)) silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı məxsus abunent koduna (**********20920) hesablanmış borcdan 1079,11 manat silinməli, iddia tələbi qalan hissədə təmin edilməməli və "xxxx" ASC-dən 30 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı məxsus abonent koduna (**********20920) hesablanmış borcdan 1079,11 manat silinsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən 30 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar