Məhkəmə qərarları › İş №2(003)-3384/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3384/2025

13.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3384/2025 13.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 777.60 manat borcun silinməsi barədə qətnma qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-ci il tarixdə Cavabdeh tərəfindən ******* saylı təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt tərbi edilməklə iddiaçıya cərimə yazılmışdır. Qeyd olunmalıdır ki, iddiaçı hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Bununla bağlı o, müvafiq olaraq Cavabdeh Xəzər rayon şöbəsinə müraciət etdikdə, həmin idarənin əməkdaşları tərəfindən iddiaçıya qaz sayğacına müdaxilə etdiyi üçün 777,60 manat cərimə yazıldığı bildirilmişdir. Halbuki, iddiaçı heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Əlavə olunmalıdır ki, cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan iddiaçıya yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq istehlakçı təqsiri olmadan baş vermiş hadisəyə görə öhdəlik daşımır.

3. Cavabdeh nümayəndəsi elektron kabinet vasitəsilə ilə məhkəməyə etiraz ərizəsi təqdim edərək, hal-hazırda iddiaçının borcunun 777.60 manat deyil, 580.10 manat təşkil etdiyini, qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etdiyini bildirmişdir.

Proses iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, tələbinin təmin olunmasını xahiş etdi. O, həmçinin izahatında hazırda həmin ünvanda yaşadığını, aktdan məlumatının olmadığını, akt tərtib olunanda özünün evdə olmadığını, aktın tərtib olunmasında ailə üzvlərindən də heç kimin iştirak etmədiyini, sayğacın evin hasarından çöl tərəfdə yerləşdiyini, aktın ona təqdim olunmadığını, sayğac dəyişdikdən sonra Azəriqaz İB-yə getdiyini, ona həmin zaman kart verildiyini qeyd etmişdir.

5. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasına gəlməsini təmin etməmiş və cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim edilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

6. 25.07.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent İddiaçı, abonent kodu **********00000, ünvan ünvan 1yğac quraşdırılma tarixi xx.xx.2024cü il.

7. Abonent saldosundan görünür ki, İddiaçı adına olan həmin abonent koduna 02/2024-cü il tarixində akt əsasında 777.60 manat borc yazılmışdır.

8. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, ünvanda İddiaçı iştirakı ilə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldığı, sayğac hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan plastmas plomb yuvalarının ətrafında əzik və cızıq izlərinin aşkar olunduğu qeyd edilmişdir. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imza yeri boşdur).

9. Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, iddiaçıya məxsus abonent koduna qaz işlədicilərindən orta günlük iş rejimi 12 saat olmaqla, hesabat müddəti 90 gün qəbul edilərək itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 6480 m3 qaz itkisi hesablanmışdır. Əsas: xx.xx.2024-cü il tarixli, ******* saylı Akt.

Tətbiq edilən hüquq:

10.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

11. Mülki Məcəllənin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 12.Mülki Məcəllənin 1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. - 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. - 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Məhkəmənin möqeyi:

16.Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. 17.İşin mübahisələndirilən halı ondan ibarətdir ki, Cavabdeh İB tərəfindən sayğac hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan plastmas plomb yuvalarının ətrafında əzik və cızıq izlərinin aşkar olunduğu əsası ilə iddiaçının adına təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib edilərək 777.6 manat borc hesablanmış və xx.xx.2024-cü il tarixli tələbnamə ilə bu borc məbləği iddiaçının abonent saldosuna daxil edilməklə ondan tələb edilir. İddiaçı qaz sayğacına onun tərəfindən heç bir müdaxilə edilmədiyini, yoxlama zamanı və akt tərtib edilərkən iştirakının təmin edilmədiyini, tərtib edilən aktdan ümumiyyətlə xəbəri olmadığını, pozuntu və borc barədə ona heç bir məlumat verilmədiyini və qaz sayğacına müdaxilənin olub-olmaması, varsa bu müdaxilənin iddiaçı tərəfindən edilməsi və təqsirliliyi sübuta yetirilmədiyi halda ona əsassız və qanunsuz olaraq borc hesabladığını iddia edərək, onun adına 2024-cü ilin fevral ayında yazılmış 777.6 manat məbləğində borcun silinməsini xahiş edir. Cavabdeh İB-nin nümayəndəsi isə məhkəmə iclaslarında iştirak etməmiş, elektron qaydada təqdim etdiyi etiraz ərizəsində də Cavabdeh İB tərəfindən tərtib edilmiş aktın, tələbnamənin və hesablanmış borcun əsaslılığı barədə heç bir dəlil, sübut təqdim etməmiş, sadəcə iddia tələbinin həcminə münasibət bildirərək, hazırda iddiaçının borcunun 777.60 manat deyil, 580.10 manat təşkil etdiyini bildirmişdir. 18.Prosessual qanunvericiliyin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıdır. (MPM 14.2, 77.1) Məhkəmə qeyd edir ki, hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən aktların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq aktlar əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi aktların qanuniliyini, o cümlədən həmin aktlarda qeyd edilmiş qüsurları və həmin qüsurların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü aktı qəbul etmiş orqanın, yəni Cavabdeh üzərinə düşür. 19.Belə ki, mübahisələndirilən borcun hesablanmasına əsas olan, cavabdeh tərəfindən tərtib edilmiş aktda abonentə (iddiaçıya) məxsus sayğaca mütəxəssislər tərəfindən baxış keçirilərkən sayğac hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üst zavod plastmas plomb yuvalarının ətrafında əzik, cızıq izlərinin aşkar olunduğu halına münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: 20.Əvvəla, cavabdeh tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamışdır. Belə ki, iddiaçı cavabdeh qurum tərəfindən yoxlama keçirilən və aktlar tərtib edilən zaman iştirakının təmin edilmədiyini bildirir. Halbuki qanunvericiliyin tələbinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğulаrına və qazpaylayıcı şəbəkəyə 6 аydа bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. (§ 14) Həmçinin qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. (§ 15) Halbuki iş materiallarından görünür ki, həqiqətən də aktda iddiaçının imzası yoxdur və onun adının qarşısı “boşdur”. (§ 6, 8) Habelə cavabdeh iddiaçının müvafiq qaydada məlumatlandırıldığını, yoxlama keçirilən zamanı və akt tərtib edilərkən onun iştirakının təmin edildiyini, xüsusi kitabda iddiaçının imzası ilə həmin sənədlərin alınmasını təsdiq edildiyini dair dəlil və sübut təqdim etməmişdir. 21.Digər tərəfdən, cavabdeh sayğacda yaranan qüsurların məhz iddiaçının (istehlakçının) təqsiri nəticəsində yarandığını sübuta yetirməli olduğu halda sübuta yetirməmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (§ 10). Eləcə də, qaydalara əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarının müvafiq örtüklə örtülməsini təmin etmək, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasını təmin etmək, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirmək, onları texniki cəhətdən saz vəziyyətdə saxlamaq, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacını təmir etmək, texniki baxışdan keçirmək, dəyişdirmək öhdəliyini (məsuliyyəti) qaz paylayıcısı daşıyır. (§ 15). 22.Qeyd olunan normaların tələbinin hazırki işə tətbiqi baxımından məhkəmə qeyd edir ki, iddiaçıya (fiziki şəxs olan istehlakçıya) məxsus olan və hasarın çölündə yerləşən sayğacın müvafiq qoruyucu örtüklə örtülməsi, onun işlək vəziyyətdə saxlanılması, texniki cəhətdən saz vəziyyətdə saxlanılması iddiaçının risk dairəsinə daxil olan öhdəliklər deyil. Belə olan halda istehlakçının daşımadığı öhdəliklərin yerinə yetirilməsini ondan tələb etmək əsassızdır. Eləcə də, sayğacdakı qüsurların delikt çərçivəsində iddiaçının təqsirli, hüquqazidd əməli (hərəkətləri və ya hərkətsizliyi) nəticəsində yarandığı da iş materiallarında olan heç bir sübutla təsdiq olunmur və cavabdeh də bu halı təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda, iddiaçının vurmadığı və təqsirli olmadığı zərərə görə məsuliyyətə cəlb olunması qanunsuzdur. Ona görə Cavabdeh İB tərəfindən iddiaçı barəsidnə tərtib edilmiş akt və tələbnamə əsassız və qanunsuz olaraq tərtib edilmiş və borc hesablanmışdır. 23.Cavabdehin “iddiaçının borcunun hazırda 777.60 manat deyil, 580.10 manat təşkil etməsi ilə bağlı” dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt əsassız və qanunsuz hesab edildiyindən, məhkəmə tərəfindən məhz həmin akt və tələbnamə əsasında hesablanmış borc məbləğinə hüquqi qiymət verilməli və iddiaçının hazırki borcu deyil, həmin akt və tələbnamə əsasında hesablanmış borc məbləği silinməlidir. 24.Beləliklə, məhkəmə araşdırması zamanı sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyi və sayğacda yaranmış qüsurların məhz iddiaçının təqsiri və hüquqazidd hərəkətləri nəticəsində yarandığı, habelə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edildiyi sübuta yetirilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış borcun silinməsi tələbi əsaslıdır və ona görə iddia təmin edilməlidir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 26.Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azəriqaz” İB tərəfindən İddiaçı (ünvan: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 57, abonent kodu: **********00000) əsassız hesablanmış 777.6 AZN (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) məbləğində borc silinməlidir. 27.Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilməmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırkı iddia tələbi istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlıdır və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Hazırkı iddia qiyməti 777.6 manat olduğuna görə dövlət rüsumunun məbləği 30 manat təşkil edir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi nəzərə alınaraq ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00000) təbii qazdan istifadə qaydalarının pozulmasına görə xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 777.6 AZN (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) məbləğində borc silinsin. İddia ərizəsinin verilməsinə görə ödənilməmiş 30 AZN (otuz) manat dövlət rüsumunun məbləği Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar