Məhkəmə qərarları › İş №2(003)-340/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-340/2023

31.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-340/2023 31.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvana Cavabdeh tərəfindən ona (abonent kodu: **********00000) əsassız hesablanmış 6619,4 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır və həmin ünvanda hər ay istifadə etdiyi təbii qaza görə borcunu vaxtında ödəyir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 17 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akta əsasən yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmiş, aktda sayğacın çıxarılma səbəbi debitor borcun olması göstərilmişdir. Halbuki, yuxarıda qeyd etdiyi kimi onun heç vaxt təbii qazdan istifadəyə görə borcu olmamışdır. Bundan sonra o, smart karta pul ödəmək istədikdə, kartın bloklandığını müəyyən etmişdir. Hazırda iddiaçı təbii qazdan istifadə etmək üçün smart karta ödəniş edə, bunun nəticəsində də təbii qazdan istifadə edə bilmir. O, məsələnin aydınlaşdırılması üçün Cavabdehnə getdikdə ona 06 mart 2020-ci il tarixdə ******* nömrəli aktın surətini təqdim edərək, onun əsasında borcun yarandığını bildirmişlər. Hesab edir ki, ona 6619,40 manat məbləğində borc tamamilə əsassız hesablanmışdır. Odur ki, həmin borcun silinməsi barəsində qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddiaçının 2019-cu il tarixdə noyabr və dekabr aylarında havaların soyuq olması səbəbilə sayğacdan kənar qazdan istifadə etdiyini və həmin tarixə yazılmış aktları qəbul etdiyini bildirdi və bu barədə yazdığını ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00000 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) 2022-ci ilin mart ayınadək ümumilikdə cəmi 6619,4 (4199,0 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc, 2420,4 manat borc isə köhnə dövrə aiddir) manat zərər hesablanmışdır. İş materiallarında olan paylayıcı Cavabdeh İstehsalat Biriliyinin Bakı X4 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixində 03-405 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, iddiaçı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir. İş materiallarında olan aktlardan görünür ki, abonent İddiaçı qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə kənar xətt kəsilmiş, dəymiş ziyanın hesablanıb ödənilməsi qeyd edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-cı il tarixli ******* saylı akt əsasında 64,8 manat, xx.xx.2018-cı il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2018-cı il tarixli ******* saylı akt əsasında 266,4 manat, xx.xx.2018-cı il tarixli ******* saylı akt əsasında 66,6 manat, xx.xx.2018-cı il tarixli ******* saylı akt əsasında 142,2 manat, xx.xx.2018-cı il tarixli ******* saylı akt əsasında 142,2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli 02152225 saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 207,0 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 59,0 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 149,02 manat borcu yaranmışdır. Aktların tərtibində istehlakçı İddiaçı aktları imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilmiş, iddiaçıya ümumilikdə aktlar əsasında 6619,4 manat məbləğində borc hesablanmışdır. Bundan sonra cavabdeh təşkilatın əməkdaşları mütəmadi olaraq cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə aktlar tərtib etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinəəsasən qazpaylayıcı şəbəkəyəqanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədənayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq akt istehlakçıya təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edilənləri və iddiaçı tərəfindən yuxarıda göstərilən və onun tərəfindən 2019-cu ilin noyabr və dekabr aylarında sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etməsini, onun sayağaca qanunsuz qoşulma kimi iddiaçının qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə verdiyi izahatında 2019-cu ilin noyabr və dekabr aylarında sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etməsini bildirdiyindən, məhkəmə 2019-cu ilin noyabr və dekabr aylarında akt əsasında hesablanmış 502,2 manat borcun silinməsi hissəsində iddiaçının tələbini əsaslı hesab etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya aktlar əsasında sayğacdan kənar qaz xəttinə görə cəmi aktlar əsasında 6619,4 manat məbləğində borc hesablanmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvana aid qaz sayğacdan kənar qaz xətdindən istifadəyə görə aktlara görə hesablanmış 6117,2 (6619,4– 502,2) manat borc silinməlidir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçıya 2018-ci il tarixədək olan dövrə aktlar əsasında borc hesablanmışdır ki, hal-hazıra həmin hesablanmış borcdan ödənişlər nəzərə alınmaqla ümumilikdə 2420,4 manat məbləğində borcu qalmışdır. Əvvəlki illərə dair sənədi tapılmayan dövr üçün tələb edilən 2420,4 manat zərərə aid hissəyə münasibətdə də məhkəmə hesab edir ki, həmin hissədə də, iddia əsaslı olmaqla təmin edilməlidir. Belə ki, sübutetmə yükü cavabdehdə olmaqla onun tərəfindən hesablanmış borcun yaranmasına əsas olan sənədlər də məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bütün qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən kənar müdaxilə etməklə və qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi iddiaçının özünün etiraf etdiyi hissədən başqa məhkəmə araşdırması zamanı öz sübutunu tapmadığından iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinəəsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 81,19 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismənəsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinəəsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2).Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********00000) hesablanmış 6117,2 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 81,19 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar