Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-341/2022 02.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhləmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən ona hesablanmış 817,0 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birgə yaşayır. Evin hüquq müəyyənedici sənədi yoxdur. Evə elektrik enerjisi sayğac vasitəsi ilə verilir. Sayğac həyətdən kənarda küçədə hasarda quraşdırılmışdır. 2021-ci ilin avqust ayında Sayğacda yaranmış nasazlıq ilə əlaqədar Azərişığın nümayəndələri gəlib sayğacı çıxarmış və başqası ilə əvəz etmişlər. Sayğacda yaranmış problemin onunla heç bir əlaqəsi olmamış, ondan yaranmış nasazlıqdan da məlumatı olmamışdır. O hər ay heç bir gecikmə olmadan istifadə etdiyi elektrik enerjisinə görə ödənişlərini etmiş, heç bir borcu olmamışdır. Sayğac başqası ilə əvəz ediləndən sonra onun abonent hesabına 817,0 manat məbləğində borc yerləşdirilmişdir. Bunun səbəbini soruşduqda həmin məbləğin sayğacın pulu olduğunu bildirmişlər. O buna etiraz edərək həmin borcun onunla əlaqəsinin olmaması və sazlığının qorunmasında məsuliyyətin cavabdeh qurumun üzərində olmasını bildirsə də heç bir faydası olmamışdır. Məlumatsız və hüquqi savadsız olmağı ucbatından cavabdehin qurumun nümayəndələri ona heç bir əsas olmadan 450 manat pul məbləği ödətdirmişlər. Hazırda verilən bildirişdə də borcun 450 manat olduğu göstərilir. Hesab edir kı, hesablanmış 817,0 manat borc məbləği əsassız olduğundan silinməli və ödədiyim 450 manat artıq məbləğ də hesabımda depozit şəklində saxlanılmalıdır. Hesabdan çıxarışdan gorünür ki, 13 avqust 2021-ci ıl tarixdə ödədiyim 117,39 manat hesabdan silinmiş, əlavə olaraq da 700,92 manat borc hesablanmışdır. Hesab edir ki, yazılmış bu borc əsassızdır və hesabdan silinməlidir. Bununla bağlı dəfələrlə "xxxx" ASC-nin Sabunçu rayonu ETSSnin X3 əməkdaşları ilə danışıqlar aparmış, onlara yazılı müraciətlər edərək məsələnin araşdırılmasını xahiş etsə də bunun heç bir faydası olmamışdır. Hesabına borc kimi yazılmış 700,92 manat EİQ pozuntusu kimi nəzərdə tutulmuşdur. Hesab edir ki, bu tamamilə qanunsuz olmaqla müəssisə işçilərinin vəzifədən sui-istifadə etməsi kimi təfsir olunmalıdır. Sayğacdakı nasazlıqla onun əlaqəsi olmamış, tərəfindən elə bir pozuntuya yol verilməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, sayğacın yandığını və bu barədə “Azəriişiq” əməkdaşlarına məlumat verdiyini bildirdi, Onlar isə gəlib cərimə yazdılar. İddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus ünvana dair aktların tərtib olunması və həmin akt əsasında cərimənin hesablanması zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Buna görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 14 iyun 2021-ci il tarixli, akt NDM № 023164 saylı aktdan görünür ki, "xxxx" ASCnin əməkdaşlarının iştirakları ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz sahəsi ünvana yoxlama keçirilən zamanı məlum olmuşdur ki, elektrik sayğacı yerində yoxdur. İşlədicilər şəbəkəyə birbaşa qoşumuşdur. Sayğc qutusunda yanıq izləri müşahidə olunur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 14 iyun 2021-ci il tarixli, akt NDM № 023164 saylı akt əsasında tərtib olunmuş 13.08.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz sahəsi ünvanına 818,31 manat borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvana cəmi akt əsasında 818,31 manat məbləğində borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan mənzilə dair cavabdeh təşkilatın əməkdaşları tərəfindən 13.08.2021-ci il tarixli akt əsasında 818,31 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər-hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. 13.08.2021-ci tarixli akt qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış cərimə silinməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin materiallarından da göründüyü kimi sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı (abonent kodu: **********60001 olan) hesablanmış 817,0 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 817,0 manat məbləğində cərimə İddiaçı abunə hesabından (abunə kodu: **********60001 olan) silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-341/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-341/2022
02.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver