Məhkəmə qərarları › İş №2(003)-3440/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3440/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3440/2021 27.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “Lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - İddiaçı MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07/18/0541 saylı, 06 noyabr 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə borc qalığı 598.71 manat, dəbbə pulu üzrə 1314.09 manat, cəmi 1912.80 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 06 noyabr 2018-ci il tarixdə 07/18/0541 saylı Daxili maliyyə lizinqi müqaviləsi (bundan sonra Lizinq müqaviləsi) bağlanmışdır. Lızınq müqaviləsinə əsasən iddiaçı 3,100.00 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2018-ci il buraxılışı olan, COMFORT markalı divardan asılan məişət qaz qazanı sənəd və ləvazimatları ilə birlikdə (bundan sonra “Lızınq obyekti”) cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən 16.06.21 tarixinədək, lizinq ödənişləri üzrə borc qalığı 598.71 manat, cərimə üzrə 1314.09 manat olmaqla. cəmi 1912.80 manat məbləğində borcu yaranımışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliyi icra etmadiyinə görə bu, həmin müqavilənin ləğv edilməsi üçün əsas sayılır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbrədar edilmələrinə baxmayaraq, İddiaçı nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Həmçinin İddiaçı nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndəinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06.11.2018-ci il tarixli 07/18/0541 saylı daxili maliyyə lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 1 (bir) dəst 2018-ci il buraxılışı olan, Comfort markalı divardan asılan məişət qaz qazanı dəsti 12 ay müddətinə lizinqə verilmişdir. İş materiallarına əlavə edilmiş daxili maliyyə lizinq müqaviləsinə 2 saylı əlavənin surətindən görünür ki, Cavabdeh 06.12.2018-ci il tarixdən 06.11.2019-ci il tarixədək 3100 manat əsas borc, 674,47 manat mükafat məbləği olmaqla, cəmi 3774,47 manat məbləğində pulu İddiaçı MMC-yə ödəməli idi. İş materiallarına əlavə edilmiş 07.11.2018-ci il tarixli lizinq obyektinin təhvil-təslim aktından görünür ki, Cavabdeh lizinq obyektini - 1 (bir) ədəd 2018-ci il buraxılışı olan, Comfort 40 kVt (cüt) markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyator, 1 ədəd stabilizator optimal, 2 ədəd pol oborot vintil 25-lik, 1 ədəd qaz şlanqı, İ ədəd qaz vintili, 80 ədəd radiator, 6 ədəd radiator asqı seti, 12 ədəd radiator vintil köşə, 72 ədəd boru metak 20-lik, 140 ədəd boru metak 25-lik, 60 ədəd dirsək 90x20 mm-lik, 60 ədəd dirsək 90x25 mm-lik, 10 ədəd keçid 25-20lik, 10 ədəd mufta 20 mm-lik, 14 ədəd mufta 25 mm-lik,6 ədəd rekor 20mm-lik, 6 ədəd rekor 90x20mm-lik, 6 ədəd troynik 25 mm-lik, 30 ədəd troynik 25-20 mm-lik, 60 ədəd xamut cüt 20 mm-lik, 80 ədəd xamıt cüt 25 mm-lik təhvil almışdır. İş materiallarına əlavə edilmiş 16.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 06.11.2018-ci il tarixli 07/18/0574 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə Cavabdeh ödənilmiş məbləği 3257 manat təşkil edir. Həmin müqavilə üzrə 598,71 manat qalıq borcu, 1314,09 manat dəbbə borcu olmaqla ümumi 1912,80 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, 06.11.2018-ci il tarixli 07/18/0574 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən 1 (bir) dəst 2018-ci il buraxılışı olan, Comfort 40 kVt (cüt) markalı divardan asılan məişət qaz qazanı dəstini Cavabdeh 12 ay müddətinə lizinqə verilmişdir. Müqaviləyə əsasən cavabdeh lizinq obyektinə görə İddiaçı MMC-yə borcu ödəniş cədvəli üzrə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməyərək aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə müzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə görə lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 747-5.2-ci maddəsinə əsasən lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Həmin Məcəllənin 748.1-ci maddəsinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında maliyyə arayışında qeyd olunan məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin 598,71 manat əsas borcunun ödənilməsinə aid hissədə əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385, 425, 427, 439, 442, 448, 462, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, 598,71 manat əsas borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 598,71 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 1314,09 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 130 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiyindən iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07/18/0541 saylı, 06 noyabr 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə borc qalığı 598.71 manat, dəbbə pulu üzrə 130 manat, cəmi 728,71 manat məbləğində borc, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq iddiçı İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07/18/0541 saylı, 06 noyabr 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə borc qalığı 598.71 manat, dəbbə pulu üzrə 130 manat, cəmi 728,71 manat məbləğində borc, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq iddiçı İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar