Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3441/2023 08.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı «vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin buraxılma səbəbinin üzürlü hesab edilərək bərpa edilməsi və həmin əmlaklara görə vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d im : İddiaçı «vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin buraxılma səbəbinin üzürlü hesab edilərək bərpa edilməsi və həmin əmlaklara görə vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. İddia ərizəsini (ərizəni) nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin (ərizənin) forması və məzmunu Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arsındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Mövcud iddia ərizəsindən görünür ki, iddia tələbi hər hansı bir cavabdehə qarşı yönəlməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göstərilən qanunvericilik aktı normasına məhkəmə hesab edir ki, iddia ərizəsi onun forma və məzmununa uyğun məhkəməyə verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Həmçinin iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən məhkəməyə qədər nizama salma qaydasına riayət etməmişdir. Belə ki, iddiçı qanun üzrə vərəsəlik şəhdətnaməsinin verilməsi ilə bağlı mirası açıldığı yer üzrə notariat orqanına müraciət etməli, notaris tərfindən mirasın qəbul edilməsi üçün müddətin ötürülməsi əsası ilə şəhadətnamənin verilməsindən imtina olunduğu halda məhkəməyə müraciət etməlidir. Belə ki, 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi, iddiaçı məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsini təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. Odur ki, məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Sadalanan xüsusatlara və göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi hər hansı bir cavabdehə qarşı yönəlmədiyindən, habelə iddia ərizəsi üzrə cavabdeh kimi hər hansı fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar göstərilmədiyindən, eyni zamanda iddiaçı məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsini təsdiq edən sübutları iddia ərizəsinə əlavə etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, qəraraaldı: İddiaçı «vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin buraxılma səbəbinin üzürlü hesab edilərək bərpa edilməsi və həmin əmlaklara görə vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-3441/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3441/2023
08.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver