Məhkəmə qərarları › İş №2(003)-3459/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3459/2025

15.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3459/2025 15.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı İstehlakçı hüququnun müdafiəsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi. Döngə 2. Ev 5 ünvanında yerləşən mənzilə **********20005 saylı abonent hesabına hesablanmış 1670.17 (min altı yüz yetmiş manat on yeddi qəpik) manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının mərhum atası X3 adına olduğundan, komunal xəttlər də onun adınadır. İddiaçı atası xx.xx.2006-ci il tarixdə vəfat etmişdir. Müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi elektrik enerjisi ilə təchiz edilmişdir. Faktiki olaraq həmin mənzil xx.xx.2023-cti il tarixdən iddiaçının istifadəsindədir. Həmin mənzilin abunə kodunda dəyişiklik edilməsi ilə bağlı müraciət edilərkən mənzilə dair **********20005 nömrəli abonent kodu üzrə yoxlama aparılmış və iddiaçıya məlum olmuşdur ki, 2001-2002-ci il tarixlər üzrə ödənilməmiş 1670.17 manat borcu vardır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin elektrik enerjisinə görə köhnə borcların silinməsinə dair sərəncamına əsasən həmin borc silinməli idi. Göstərilənləri nəzərə alaraq İddiaçı hesab edir ki, borc barədə ona bu günədək hər hansı məlumat verilməmiş və ona görə bu borc silinməlidir.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, mərhum atasının adına olan abunə koduna elektrik enerjisindən istifadəyə görə hesablanmış sərfiyyat borcunun əsassız və qanunsuz olduğunu, sərfiyyat borcunun hesablandığı 2001 və 2002-ci illər tarixində də həmin evdə elektrik enerjisindən istifadəyə görə yaranmış sərfiyyat borcunun onun özü tərəfindən ödəndiyini, hər ay müntəzəm olaraq cavabdeh qurumun nümayəndələri tərəfindən onlara qəbz təqdim olunduğunu, ödənişlərin həmin qəbz əsasında həyata keçirildiyini, hazırda sayğac mövcud olduğu evin onun mülkiyyətində olduğunu əsas gətirərək borcun silinməli olduğunu bildirmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 izahatında iddia tələbinin əsassız olması səbəbilə məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, izahatında həmçinin qeyd edilən borc məbləğinin 2001- 2002-ci illərdə yaranmış sərfiyyat borcu olduğunu, həmin borc məbləğinin X2 adına olduğunu, iddiaçının sayğac quraşdırılmış əmlakın mülkiyyətçisi olmasına baxmayaraq, onun atasının vərəsəsi olmasını təsdiq edən hər hansı sənədin təqdim edilmədiyini, bu səbəblərdən hazırda mövcud olan 1670.17 manat məbləğində sərfiyyat borcunun silinməsi üçün heç bir əsas olmadığını bildirərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən veilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xələfov Aydın küçəsi, döngə 2, ev 5, (Yeni qaydalarla: AZ 1041, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 177.90 kv.metr olan fərdi yaşayış evi və ümumi sahəsi 0.049550 ha olan xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına dövlət qediyyatına alınmışdır.

6. AZ-İ seriyalı 172288 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir.

7. "xxxx" ASC-nin abunə haqqında çıxarışından görünür ki, abonent X2 adına (abunə kodu:**********20005) 2001-2002-ci illər üçün hesablanmış və əvəzi ödənilməmiş 1670.17 manat məbləğində sərfiyyat borcu vardır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın:

8. 8.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir.

9. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

10. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır.

11. 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır.

12. 8.14-cü bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.

13. 8.22-ci bəndinə əsasən, məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və yayaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir.

14. 9.1-ci bəndinə əsasən, istehlakçı elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə ..... görə məsuliyyət daşıyır.

15. 9.13.2-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandırır.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

17. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçı mərhum atasının adına olan abunə koduna elektrik enerjisindən istifadəyə görə hesablanmış sərfiyyat borcunun əsassız və qanunsuz olduğunu, sərfiyyat borcunun hesablandığı 2001 və 2002-ci illər tarixində də həmin evdə elektrik enerjisindən istifadəyə görə yaranmış sərfiyyat borcunun onun özü tərəfindən ödəndiyini, hər ay müntəzəm olaraq cavabdeh qurumun nümayəndələri tərəfindən onlara qəbz təqdim olunduğunu, ödənişlərin həmin qəbz əsasında həyata keçirildiyini, hazırda sayğac mövcud olduğu evin onun mülkiyyətində olduğunu əsas gətirərək borcun silinməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nümayəndəsi isə iddiaçının sayğac quraşdırılmış əmlakın mülkiyyətçisi olmasına baxmayaraq, onun atasının vərəsəsi olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədin iş materiallarına əlavə edilmədiyini, qeyd edilən borcun 2001-2002-ci illərdə yaranmış sərfiyyat borcu olduğunu, bu səbəbdən hazırda mövcud olan 1670.17 manat məbləğində sərfiyyat borcunun silinməsi üçün heç bir əsas olmadığını bildirərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

18. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, hazırda iddiaçı tərəfindən silinməsi tələb olunan borc məbləği elektrik enerjisindən istifadəyə görü hesablanmış borcdur. Belə ki, iddiaçı özü də izahatında 2001-2002-ci illər tarixində sayğacın quraşdırıldığı evin və sayğacın atası X5 məxsus olduğunu, özünün də həmin evdə yaşadığını, müntəzəm olaraq elektrik enerjisindən istifadə edildiyini, lakin bu borc məbləğindən məlumatının olmadığını qeyd etmişdir. Bununla da hazırda qeyd edilən borc məbləğləğinin iddiaçının atası X5 məxsus olmuş və sonradan iddiaçının mülkiyyətinə keçmiş evdə elektrik enerjisindən istifadə edilməsinə və dəyərinin uzun müddət ərzində ödənilməməsinə görə yarandığı təsdiq olunur. Belə olan halda, həmin borcun əsassız olaraq hesablanması faktı müəyyən olunmur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır.

19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

20. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar